Elmar Qasımov: “Almaniyada təhsil almaq üçün 100-ə yaxın sənəd artıq Təhsil Nazirliyinə təqdim olunub”

Elmar Qasımov: “Almaniyada təhsil almaq üçün 100-ə yaxın sənəd artıq Təhsil Nazirliyinə təqdim olunub”
Almaniyada təhsil almaq üçün sənəd qəbulu artıq yekunlaşıb. SİA-nın məlumatına görə, bunu açıqlamasında təhsil nazirinin müavini Elmar Qasımov bildirib. O qeyd edib ki, Almaniyada təhsillə bağlı 100-ə yaxın sənəd artıq Təhsil Nazirliyinə təqdim olunub: "Əsasən tibb və mühəndislik ixtisasları üzrə Almaniyaya tələbə göndərəcəyik. Bir neçə gündən sonra isə Almaniyadan professor heyəti Azərbaycana gələcək. Həmin heyət isə Almaniyada təhsil alacaq tələbələrimizin seçimini edəcək".

Bununla yanaşı, yaxın günlərdə xaricdə təhsillə bağlı nazirlik tərəfindən hazırlanan elanların çıxacağını bildirən müavin: "Prioritet ixtisaslar artıq müəyyənləşdirilib. Həmin ixtisaslara tibb, mühəndislik, aqrar elmlər, biotexnologiya, genetika, informasiya və kommunikasiya texnologiyaları, bir sözlə Azərbaycan iqtisadiyyatının inkişafı üçün lazım olan ixtisaslar daxildir",- deyə vurğulayıb.

Dövlət proqramı ilə xaricdə təhsil alan tələbələrin işlə təmin olunmasının yüksək səviyyədə həyata keçirildiyini deyən E.Qasımov: "Dövlət qulluğunda işləmək üçün geniş imkanlar yaradılıb. Dövlət Qulluğu üzrə Dövlət Komissiyasının əsasnaməsində bir sıra dəyişikliklər edilib. Belə ki, dövlət xətti ilə təhsil alan tələbələr test imtahanından keçmədən birbaşa dövlət qulluğuna qəbul olunmaq hüququ qazana bilərlər. Ancaq onu da qeyd edim ki, hazırda tələbələrimiz daha çox özəl sektorlara üstünlük verirlər. Bu da bizim üçün sevindirici haldır. Bir faktı xüsusi olaraq deyim ki, Fransanın Leon universitetinin tibb fakültəsində təhsil alan 2 məzunumuz Azərbaycana qayıdan kimi Dövlət Gömrük Komitəsinə məxsus olan hərbi xəstəxanada dərhal şöbə müdiri vəzifəsinə götürülüblər",- əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə