Mövsum dəyişikliyi yoxsa, halsızlıq, depressiya, stress... ARAŞDIRMA

Mövsum dəyişikliyi yoxsa, halsızlıq, depressiya, stress... ARAŞDIRMA

Sentybarın ayının təzə başlamasına baxmayaraq, artıq qızıl payızın sərinliyi özünü göstərməkdədir. Qarşıda bizi gözləyən tutqun, yağışlı, küləkli havanın əhvalımıza təsirsiz ötüşməyəcəyini də etiraf etməliyik. Fəsil dəyişkənliyinin özü ilə gətirdiyi depressiyadan sığortalanmadığımız üçün hər birimiz ötəri ilə də olsa, yaşayacağımız narahatlıq haqqında məlumatlı olmalıyıq. Burada sual oluna bilər nəyə görə mövsum dəyişikliyindən narahat olmalıyıq? Çünki insan xarakteri kimi dəyişkən olan fəsillər də hər ay qarşımıza müxtəlif özəlliklərlə çıxa bilir. Bu fərqliliyə öyrəşmək orqanizmimiz üçün bir qədər çətin olan prosesə çevrilir, müəyyən problemlərin yaranmasına, hətta xəstəliklərə də yol açır. Bu baxımdan deyə bilərik ki, səhhətimizdə yaranan problemlərə səbəb olan başlıca amillərdən biri də məhz mövsum dəyişkənliyidir.

Fəsil dəyişkənliyinin özü ilə gətirdiyi xəstəliklər

Mövzu ilə bağlı danışan kardioloq Rafiq Quliyev bildirib ki, insan orqanizmi təbiətlə sıx əlaqədədir: “Təbiətdə olan bütün mikroelementlər orqanizmimizdə mövcuddur. Ona görə iqlimin anidən dəyişməsi insanlara da təsirsiz ötüşmür. Qeyri-sabit hava şəraiti arterial təzyiqi olan, ürək xəstəliklərindən əziyyət çəkən və allergik problem yaşayan insanlara daha çox təsir edir. Belə ki, havanın temperaturunun birdən-birə düşməsi ürək-damar sistemi xəstələrində qan təzyiqinin yüksəlməsinə və əhvalın pozulmasına səbəb olur. Təzyiqdən əziyyət çəkən insanlarda dəhşətli baş ağrısı, ürək bulanma, halsızlıq, yuxusuzluq, depressiya və s. kimi hallar müşahidə olunur. Allergik xəstəliklərdən əziyyət çəkən insanlarda isə rütubətli hava astmatik halların artmasına səbəb olur”.

Səhhətimizi necə qorumalıyıq?

Kardioloq mövsüm dəyişikliyinin daha çox meteohəssas insanlar üçün əlverişsiz olduğunu qeyd edərək, söyləyib ki, səhhətə zərər vurmamaq üçün fəsil dəyişkənliyi dövründə geyimə qarşı diqqətli olmaq mütləqdir: “Xroniki xəstəliklərdən əziyyət çəkənlər isə profilaktika məqsədilə özlərinə aid dərman preparatlarından vaxtında istifadə etməlidirlər. Çünki, sağlamlığına təsir göstərən ən vacib amillərdən biri isti-soyuq dəyişiklikləridir. Ani dəyişən temperatur və qısa müddətli istilik fərqləri bədənin fəsil dəyişikliyinə öyrəşməsinə mənfi təsir göstərir. Bu hal bədənin stressə girməsinə yol açaraq, müdafiə mexanizmində zəifləmə yaradır və bəzi xəstəliklərin meydana gəlməsini asanlaşdırır. Fəsil dəyişikliklərində bədənin müqavimətinin azalması nəticəsində qripə yoluxmalara daha çox rast gəlinir. Qrip virusu bir çox insana təsir etməklə yanaşı xüsusilə xroniki xəstəliyi olan insanlar üçün daha böyük riskdir. Qrip ürək xəstəliyi, təzyiq, şəkər kimi xroniki xəstəlikləri olan insanlarda daha tez inkişaf edərək pnevmoniyaya çevrilə, pnevmoniya isə ağırlaşaraq ölümə gətirib çıxara bilər. Bu səbəbdən də xroniki xəstəliyi olan insanların fəsil dəyişiklikləri zamanı özlərinə qarşı daha diqqətli olması vacibdir”.

Psixoloji durumumuza təsiri varmı?

Fəsil dəyişkənliyi ilə əlaqədar yaşanan əsas problemlərdən biri də məhz psixoloji təsirdir. Çünki mövsum dəyişkənliyi insanın depressiyaya girməsini daha da asanlaşdırır, bəzi insanlarda bu daha yüngül halda keçirsə, digərlərində isə daha ağır formada özünü göstərə bilir. Xüsusilə iş və şəxsi həyatda sıxıntı keçirən insanlarda depressiya hallarına daha çox rast gəlinir. Ofis mühitində və ya fiziki aktivlik tələb edən işlərdə işləyən insanlar üçün də eyni vəziyyət keçərlidir. Bu insanlarda özünü adətən halsızlıq, yorğunluq kimi hislər yaşanmaqla yanaşı, yuxu rejiminin, iştahın pozulması, bədəndə ağrıların olması, müəyyən bir işə həvəssiz yanaşma kimi göstərir. Fəsil dəyişikliyi səbəbindən yaranan daxili sıxıntı və bədbəxtlik hissi iş həyatında adaptasiya çətinliyi, enerji azalması və diqqət dağınıqlığına səbəb olur. Sürətli və stresli həyat şərtləri təsirsiz ötüşmür. Aparılan araşdırmalara görə, payız-qış aylarında günəş şüalarının hərarətinin azalması da insan psixologiyasına mənfi təsir göstərən amillər sırasındadır. Bu dövrdə uşaqlar, gənclər və yaşlılar xüsusilə diqqətli olmalıdırlar. Fəsillə əlaqədar yaranan gərginliklər 17-25 yaş arasında olan insanlarda üstünlük təşkil edir.

Depressiyaya düşmək istəmirsinizsə...

Fəsil dəyişikliklərini rahat keçirmək üçün bəzi tədbirlərin görülməsi vacibdir. Xüsusilə qidalanma və yuxu rejiminə diqqət edilməli, vitamin və mineral baxımından zəngin qidalar yeyilməli, bol su içilməlidir, siqaret və alkoqoldan uzaq durulmalıdır. Əgər qapalı bir məkanda uzun müddət qalmalısınızsa, olduğunuz yerin təmiz olduğundan və yaxşı havalandırıldığından əmin olun. Stressə səbəb olan hallardan qaçın. Nevroz və digər psixoloji problemləri olan insanlarda fəsil dəyişikliyi zamanı yaranan yorğunluq özünü daha çox biruzə verir. Həmçinin xroniki problemi olan insanlara da bu aylarda özlərini qorumaları tövsiyə olunur. Bu mənada, məsləhətləri hər zaman diqqət mərkəzində saxlamaqda fayda var. Bu dönəmlərdə müsbət enerji ala biləcəyiniz insanlarla ünsiyyətdə olmaq da psixoloji cəhətdən müsbət təsirlə nəticələnə bilər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə