Mənəvi Dəyərlərin Təbliği Fondu Biləsuvarda və Neftçalada seminarlar təşkil edib
Bu gün Biləsuvar rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib. Fondan SİA-ya verilən məlumata görə, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı bildirib ki, qloballaşma suveren dövlətlər arasındakı sədləri götürərək, daxili sosial münasibətlərin formasını dəyişir, dünyanı vahid mərkəzə çevirir, insanı isə mənsub olduğu ölkənin vətəndaşı olmaqdan daha çox dünya vətəndaşı olmağa çağırır. Belə bir şəraitdə milli ideologiyanın, kimliyin, özünüdərkin, mənəvi-əxlaqi dəyərlərin qorunması və inkişafı çətinləşir. Keçirilən bu kimi tədbirlərin də əsas məqsədi maarifləndirmə işinin gücləndirilməsi və yarana biləcək problemlərin qarşısının alınmasına töhfə verməkdir.
Fondun şöbə müdiri Hatəm Gülməmmədov qeyd edib ki, qloballaşma ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliyi müəyyən edən milli-mənəvi dəyərlərə sirayət etdikdə "mühafizəkar, yoxsa müasir olmaq" sualı yaranır və bu ikisi arasında seçim etmək məsələsi ortaya çıxır. Cavab isə çox sadədir. Millətin milli varlığını müəyyən edən, keçmişindən indiyə və gələcəyə, onun tərəqqisinə xidmət edən dəyərlər, meyarlar qorunub saxlanılmalı, milli şüur prizmasından keçərək müasirliklə uzlaşdırılmalıdır.
AMEA-nın Fəlsəfə İnstitutunda Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov vurğulayıb ki, müasir bəşəriyyətin inkişafını xalqlararası mədəni mübadiləsiz təsəvvür etmək çətindir. Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi ilə yanaşı, milli kimliyin qorunması kimi problemlər qloballaşma və inteqrasiya proseslərinin mühüm tərkib hissəsini təşkil edir. Bu gün gənclərimiz dünyanın bir çox ölkələrində təhsil alır və bu, çox sevindirici haldır. Lakin bu milli kimliyin itirilməsi, inkişafa mənfi təsir göstərən yad təsirlərin cəmiyyətimizə inteqrasiyası ilə nəticələnməməlidir.
x x x
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Neftçala rayonunda “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə bildirib ki, bugünkü gənclik elmə, təhsilə yiyələnməli, eyni zamanda, özlərini mənəvi-əxlaqi cəhətdən inkişaf etdirməlidir.
Seminarda çıxış edənlər bildiriblər ki, müasir gənclik milli-mənəvi dəyərlərə özünün təhsili qədər önəm verməli, bu dəyərlərin təbliğatçısı rolunda çıxış etmək hazırlığına malik olmalıdır.
Seminar-müşavirənin yekununda iştirakçılarla fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB