Nizami Cəfərov: "Azərbaycan dili hər cür fikri ifadə etmək imkanına malikdir, lakin biz ondan istifadə etmirik"

"Parlamentdə qəbul olunan bütün konvensiyalar Xarici İşlər Nazirliyində (XİN) tərcümə olunsa da onların dili lazımi səviyyədə olmur". Bu sözləri millət vəkili, Dövlət Dil Komissiyasının (DDK) üzvü Nizami Cəfərov SİA-ya açıqlamasında deyib. O bildirib ki, bu yaxınlarda nazirlik tərəfindən Milli Məclisə iki saziş təqdim olunub ki, eyni termin birində bir cür, digərində isə başqa cür ifadə olunub.

"Ümumiyyətlə, sənədlər dilimizə uyğun tərcümə olunsa da orada üslub qaydalarının pozulması və anlaşılmazlıqlara rast gəlmək mümkündür. Bu məsələ Milli Məclisin ixtiyarında olan bir məsələ deyil. Beynəlxalq sənədlərin tərcümə işləri, hazırlanma prosesi XİN-də aparılır, biz sadəcə olaraq təsdiq edirik. Amma bizim dövlətimiz prinsipcə elə saziş bağlayır, konvensiyalara qoşulur ki, həmin sənədlər istər -istəməz geniş müzakirə olunur və bəzi şərtlərdən imtina edirik. Xüsusilə də sənədlərdə Ermənistanla əməkdaşlığa çağıra biləcək maddələr olur ki, biz onlardan imtina edirik. Amma sənədlərdə Milli Məclisi maraqlandıran əsas amil ideya, prinsip, qaydadır. Üslubiyyat bizi o qədər də maraqlandırmamalıdır. Lakin parlamentin əsas funksiyası dövlət dilimizin səviyyəli şəkildə tətbiq olunması olduğundan bununla əlaqədar tez -tez etirazlarını da bildirir",- deyə N.Cəfərov vurğulayıb.

Qanunların dilinə gəlincə millət vəkili bildirib ki, parlamentdə hazırlanan bütün qanunların dilinə Milli Məclis özü məsuliyyət daşıyır. Qanunların dil səviyyəsinin qənaətbəxş olduğunu dilə gətirən DDK üzvü bildirib ki, dövlətimiz yeni müstəqillik qazandığına görə, dil üslubun yaranması kifayət qədər ağır prosesdir: "Belə düşünmək olmaz ki, Azərbaycan dili hər cür fikri ifadə etmək imkanına malikdir, lakin biz ondan istifadə etmirik. Burada dilin özünün imkanları məsələsi də vacibdir. Qanunların dilində böyük ağırlıq var və o ağırlığın böyük bir hissəsi dilimizin imkanları ilə bağlıdır. Bunu nəzərə almaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə