Uşaq pulu ilə ailələrin rifahını yüksəltmək mümkündürmü? - ŞƏRH

Uşaq pulu ilə ailələrin rifahını yüksəltmək mümkündürmü? - ŞƏRH

Yaxud, ünvanlı sosial yardımın və uşaq pulunun zəngin və kasıb ailə fərqi qoymadan verilməsi sosial ədalət hesab edilə bilərmi?

Məlum olduğu kimi, 2006-cı il 1 iyun tarixindən etibarən Azərbaycanda uşaqlar üçün müavinət verilmir. Həmin dövrdə müavinətin ləğvi ünvanlı sosial yardımın tətbiqi və uşaqlar üçün verilən pulun məbləğinin çox aşağı olması ilə əsaslandırılmışdı. Lakin son vaxtlar uşaqlar üçün verilən müavinətin bərpası məsələsi mütəmadi olaraq gündəmə gətirilir. Mövzu ətrafında spekulyativ manipulyasiya, siyasi mübarizədə iqtidara qarşı təbliğati tezis olaraq istifadə etmə cəhdləri intensivləşib.

Müxalifətin təbliğati cəhdləri xüsusilə 2019-cu ilin əvvəllərindən daha da genişlənib. Əsasən "Osmanqızı" və "Azərbaycan saatı" youtube kanallarında AXCP sədri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu və başqaları məsələnin mahiyyətini təhrif etməklə hakimiyyətə qarşı "siyasi yürüş" təşkil edirlər. Bununla da siyasi dividend qazanmağa çalışan radikal müxalifət əslində problemin əhalinin sosial rihafını deyil, şəxsi siyasi maraqlarını təmin etməyə çalışırlar. Əgər belə olmasaydı, özlərini cəmiyyətə "ekspert" və "siyasi xadim" kimi sırıyanlar ilk olaraq uşaq pulunun verilməsinin səbəbləri, sosial şəraiti və zərurəti haqqında izahat verərdilər.

Ümumiyyətlə, bir qayda olaraq uşaq pulları inkişaf etmiş ölkələrdə yüksək məbləğdə verilir və əhalinin azalmasının qarşını almaq üçün görülən stimullaşdırıcı tədbir xarakteri daşıyır. Həmçinin, sosialist düşərgəsinə daxil olan keçmiş ölkələrin bəzisində isə hələ də aztəminatlı çoxuşaqlı ailələrə sosial yardım məqsədilə verilir. Lakin Azərbaycanda bu yaxınlarda 10 milyonuncu sakin dünyaya gəldi, ölkəmiz yalnız Cənubi Qafqazda deyil, bütövlükdə postsovet ölkələri arasında ən yaxşı demoqrafik göstəricilərə malikdir, əhali artımı, eləcə də əhalinin demoqrafik balansında uşaq, yeniyetmə və gənclərin faizləri yüksəkdir. Son 15 ildə əhali artımı 1.7 milyon nəfər təşkil edib. Göründüyü kimi,əhali artımını əlavə təşviq edilməsi kimi zərurət yoxdur.

Digər tərəfdən Azərbaycanda sosial siyasətin əsasında insan amili, azərbaycanlı ailəsinin rifahı amili durur. Sosial müavinətlərin verilərkən ailədə uşaqların olması, uşaqların sayı da diqqətdə saxlanılır və ünvanlılıq prinsipi əsas götürülür. Həmçinin, bu il ərzində dövlət minimum əmək haqqının və minimum pensiya məbləğinin kəskin artımına gedib. Bu isə dövlətin əhalinin maddi rifahının yüksəlməsi üçün daha böyük sosial yük götürdüyünü və məsələləri köklü şəkildə həll etmək niyyətini nümayiş etdirir. Qeyd edək ki, iyun ayının 18-də Prezident İlham Əliyev imzaladığı 17 sərəncamla əhalinin müdafiəsini gücləndirmək məqsədilə növbəti sosial paketi təsdiq etdi.

Beləliklə, sosial sahədə ilin əvvəlində atılan inqilabi addımların yeni mərhələsinə start verildi. Sərəncamlarla minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılır, dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz artırılır, hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz artırılır, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılır, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi artan büdcə imkanları əhalinin sosial rifahının yüksəldilməsi üçün istifadə olunur. Eyni zamanda insan kapitalının inkişaf etdirilməsi məqsədilə əlavə resurslar təhsilə, elmə yönəldilir. Azərbaycanda ötən illər ərzində insan resurslarının, insan kapitalının inkişafı naminə ciddi layihə və proqramlar həyata keçirilib, minlərlə gənc dövlət hesabına xaricdə bakalavr, magistr və doktorant təhsili alıblar. Eləcə də Azərbaycanın bütün yaşayış məntəqələri, bölgələri müasir uşaq bağçaları, məktəblər, xəstəxanalarla təmin edilib və təmin edilməkdədir. Ölkənin bütün yaşayış məntəqələri içməli su ilə, elektrik enerji fasiləsiz verilməsi təmin edilməkdədir. Ölkənin avtomobil yolları şəbəkəsi başdan yenilənib və əhatə dairəsi də genişlənib. Ölkənin tam qazlaşdırılması isə başa çatmaq üzrədir. Ümumiyyətlə, sosial rifahın yüksəlməsi, məşğulluq səviyyəsinin artırılması üçün çoxsaylı proqramlar həyata keçirilib və hazırda bu istiqamətdə tədbirlər davam etdirilir, yeni proqramlar, yeni yanaşmalar tətbiq edilir. Ona görə də, təkliflər verilərkən maliyyə yükü amili, bütövlükdə ailələrin sosial müdafiəsində hansı proqramların daha çox fayda verdiyi önə çıxarıla bilər.

Nəzərə almaq lazımdır ki, həm müavinət, həm ünvanlı yardım, həm də ailələrə dəstək proqramları paralel icra oluna bilməz. Həmçinin, uşaq pulu yuxarı məbləğdə təyin olunacaqsa, ailə avtomatik ünvanlı sosial yardım almaq imkanını itirir. Yəni, ailənin gəlirləri artacaq və onlara ünvanlı sosial yardım tətbiq olunmayacaq. Eləcə də, müavinətlərin ailənin gəlirlərindən asılı olmayaraq, hər kəsə verilməsi təklifi isə sosial ədalət prinsipinə ziddir. Çünki, gəlirləri yüksək olan ailələrə dövlət tərəfindən 50 və ya 100 manatın verilib-verilməməsi onlar üçün hiss olunacaq dərəcədə təsirli olmayacaq. Halbuki həmin vəsaitin aztəminatlı ailələrin təminatına yönəldilməsi daha məqsədyönlüdür.

Göründüyü kimi, ötən əsrin 70-80-ci illərdə ailələrin 11 manat uşaq pulu ilə dolanması, daha doğrusu, dolanışıq xatirinə ailə üzvlərinin sayın fiziki artımına gedilməsi haqda bəzi müxalifətçilərin sovet nostalgiyası ilə çıxış etməsi ciddilikdən uzaqdır. Uşaq pulu mövzusu ətrafında müzakirələr manipulyativdir. Ona görə də, bu barədə danışmazdan öncə ciddi şəkildə araşdırmalar aparılmalıdır. Əgər mövzu ilə bağlı müzakirələr aparanlar sözün həqiqi mənasında xalqı düşünürlərsə, o zaman ictimai rəyi çaşdıracaq, insanlarda mənfi tonda düşüncə yaradacaq çağırışlara, yalanlara yol verməsinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə