Müsəlman dünyasında sentyabr ayının 1-i hicri təqvimilə Məhərrəmlik ayıdır
Milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz xalqımızın tarixində, özünüdərkində mühüm əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, istər sovet məkanında, istərsə də müstəqillik dövründə yaşadığımız illərdə milli-mənəvi dəyərlərimizin qorunub-saxlanmasına və inkişafına çox böyük önəm verib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğrula davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdəki multkultural dəyərələri və tolerant mühiti dünyaya bəyan edir. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə və olan münasibəti də, əməli fəaliyyətində aydın görünür. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən, dini ocaqlarımıza, məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin və vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Bu gün Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlət olmaqla yanaşı, milli dəyərlərə və adət-ənələrinə də böyük hörmətlə yanaşan bir ölkədir. Dövlət başçısı, mütəmadi olaraq, din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edilir və dini ibadət yerləri təmir-bərpa olunub, inanclı insanların istifadəsinə verilir. Ölkə ərazisində 2200-dən artıq məscid fəaliyyət göstərir. Respublikamızda həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də, dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Azərbaycan Prezidentinin məlum Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Əsrlərin süzgəcindən keçərək, müasir dövrümüzədək qoruyub-saxladığımız milli- mənəvi, dini adət-ənənələrimiz yaşayır və düzgün şəkildə insanlara çatdırılır.
BÜTÜN İSLAM DÜNYASINDA MƏHƏRRƏMLİK MƏNƏVİ PAKLIQ, SAFLAŞMA və İLAHİ HİDAYƏT AYI KİMİ QEYD EDİLİR
Müsəlman dünyasında sentyabr ayının 1-i hicri təqvimilə Məhərrəmlik ayıdır. Belə ki, hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimilə 2019-cu il sentyabrın 1-nə, Aşura günü isə, sentyabrın 10-na təsadüf edəcək. İslamiyyətdə bu ayın öz fəziləti və öz dəyəri var. Bu ay bütün islam dünyasında mənəvi paklıq, saflaşma və ilahi hidayət ayı kimi qeyd edilir. İslama etiqad edən hər bir azərbaycanlı Məhərrəmlik ayında nəyi necə etmək və necə davranmaq barədə götür-qoy edir. Məhz bu zərurətə uyğun olaraq, hər bir müsəlman Məhərrəmlikdə xüsusi qaydalara əməl etməyə çalışır, nəyin doğru, nəyin yanlış olması barədə dərindən düşünür.
Bildiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura Məhərrəmlik ayı ilə bağlı fətva verib. Fətvada deyilir: "Tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəmin onuncu günü olan Aşura, əfsus ki, hicri 61-ci ildən şəhadət və hüzn günü kimi yad edilir. Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyn (ə), o Həzrətin (s) digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb. Bununla yanaşı, İmamın (ə) haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik və dirçəliş nümunəsidir. Odur ki, İmam Hüseyn (ə) əzadarlığı ölkəmizdə də bədbinlik və ümidsizliyə deyil, Vətən və iman sevgisinə və işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizəyə çağırış ruhunda olmalıdır".
İBADƏT MƏKANLARINDAN KƏNAR ƏRAZİLƏRDƏ KÜTLƏVİ YÜRÜŞLƏRƏ ÇIXMAQ YOLVERİLMƏZDİR
Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, əzəli torpaqlarımızın işğaldan azad olunmasına dua etmək müqəddəs borcumuzdur. Dindarlarımız müsəlman tarixində kədərli, lakin şərəf və qürur nümunəsi kimi yer alan Kərbəla faciəsinin, eləcə də, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsini, ənənəvi olaraq, bu gün də davam etdirirlər.
Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunacaq, ictimai asayişə mane olmayacaqdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edililəcək. Din xadimləri İmam Hüseyn (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, vətən təəssübü və milli mənafelərimizin təbliğinə ciddi çalışmalıdırlar. Fətvada deyilir ki, ibadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Qurşağadək soyunub zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq islam qanunlarına ziddir, İmamın (ə) və Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Allah rizası üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər fətvada əks olunan tövsiyələrə əməl etməlidirlər. Din xadimləri isə Qazılar Şurasının və Elmi-Dini Şuranın fətvasını məscidlərdə oxumalı və qeyd edilən tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır.
"ÖLKƏMİZDƏ BÜTÜN VƏTƏNDAŞLARIN DİNİ ETİQAD AZADLIĞI QANUNVERİCİLİKLƏ TAM TƏMİN OLUNUR"
Əlbəttə ki, təziyə mərasimlərinin lazımı şəkildə, əmin-amanlıqla keçirilməsi məqsədi ilə ölkəmizdə maarifləndirici tədbirlər keçirilib. Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən maarifləndirmə məqsədilə paytaxtda və bölgələrdə, ardıcıl olaraq, dəyirmi masalar və konfranslar keçirilib. Bu tədbirlərin keçirilməsində əsas məqsəd dövlət-din münasibətlərinin, ölkəmizin tolerantlıq ənənələrinin, mənəvi dəyərlərinin qorunması və daha da inkişaf etdirilməsidir. Radikal dini cərəyanların yayılması cəhdlərinin qarşısının alınması üçün cəmiyyətdə, xüsusilə, gənclər arasında milli-mənəvi, o cümlədən,
dini dəyərlərin təbliği düzgün aparılmalıdır. Prezident İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi: "Ölkəmizdə bütün vətəndaşların dini etiqad azadlığı qanunvericiliklə tam təmin olunur. İslam dininin, dini adət və mərasimlərin olduğu kimi insanlara çatdırılması maarifləndirmə tədbirlərinin əsas qayəsidir. Bu sahədə görülən işlər təqdirəlayiqdir və davam etdirilməlidir".
Görülən işlər Azərbaycanda dövlət-din əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycanda dövlət dini məsələlərə qarışmır, əksinə, çalışır ki, kömək göstərsin. Dövlət başçısının vurğuladığı kimi: "Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlət dindarlara daim dəstək və dayaq olur".
ÖLKƏMİZDƏ DÖVLƏT VƏ XALQ BİRLİYİ SAYƏSİNDƏ İCTİMAİ ASAYİŞ VƏ ƏMİN-AMANLIQ MÖVCUDDUR
Müasir dövrümüzdə ölkəmizdə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən dövlət siyasətinin məntiqi nəticəsidir. Bu gün ölkəmizdə dövlət və xalq birliyi sayəsində ictimai asayiş və əmin-amanlıq mövcuddur. Dindən sui-istifadə edərək Məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışan, respublikamızda ictimai-siyasi və dini sabitliyin pozulmasına, eləcə də, yad dini ideologiyaların ölkəmizə ixrac edilməsinə müəyyən cəhdlərin edilməsi kimi mənfi halların qarşısı qətiyyətlə alınıb.
Qətiyyətlə deyə bilərik ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycan uğurlu bir inkişaf yolundadır. Terrorizmin baş alıb getdiyi dünyada, islama qarşı hücumların artdığı və islamofobiyanın gücləndiyi bir vaxtda Azərbaycan ekstremizm və dözümsüzlük əleyhinə çıxış edir, kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətlidir. "İndiki şəraitdə biz görürük ki, dünyanın müxtəlif yerlərində dini məzhəb zəminində qan tökülür, müharibələr alovlanır, böyük faciələr yaşanır" deyən Azərbaycan Prezidenti
bildirib ki, elə etməliyik ki, həm Azərbaycanda, həm yaşadığımız bölgədə vəziyyət müsbət istiqamətdə inkişaf etsin: "Biz adada yaşamırıq, biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Ona görə biz həm ölkə daxilində bu məsələləri daim diqqət mərkəzində saxlayırıq və hesab edirəm ki, beynəlxalq təşəbbüslərlə bölgədə və dünyada dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi işinə öz töhfəmizi veririk".
Həqiqətən də, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB