Qubadlı rayonunun işğalından 26 il ötür

Qubadlı rayonunun işğalından 26 il ötür

Bu gün Qubadlı rayonunun ermənilər tərəfindən işğalından 26 il ötür. 31 avqust 1993-cü il tarixində Azərbaycanın bu dilbər guşəsinin işğala məruz qalması Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, "Dənizdən-dənizə böyük Ermənistan" yaradılması barədə xəyalpərəst daşnak ideoloqlarının çoxillik sərsəm ideyalarının tərkib hissəsi idi.

Qubadlı rayonu 1933-cü ildə yaradılmışdır. İnzibati mərkəzi Qubadlı şəhəridir. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla həmsərhəddir. Qubadlı, əslində, erməni təcavüzü ilə Qarabağ münaqişəsindən bir qədər əvvəl üzləşmişdi. Qubadlı, münaqişənin işartılarının göründüyü ilk günlərdən, qaynar hadisələrin mərkəzində idi. 1988-ci il fevral ayının 6-da Xankəndidə ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiya edilməsinə başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Dədə-baba torpaqlarımız olan Sisyandan, Qafandan və Gorusdan zorla çıxarılan azərbaycanlıların bir qismini Qubadlı qəbul etdi. Rayon Dağlıq Qarabağla Ermənistan arasında yerləşdiyinə görə, strateji əhəmiyyət daşıyırdı. Bunu başa düşən erməni təcavüzkarları Qubadlıda terror-təxribat əməlləri törədirdilər. Onlar Dağlıq Qarabağa Qubadlı ərazisindən keçid yaratmaq, dəhliz açmaq, buradan separatçılara silah-sursat daşımaq niyyətini həyata keçirmək istəyirdilər. 1989-cu ilin sentyabr ayında sovet qoşunlarının zirehli texnikalarının müşayiəti ilə Gorus istiqamətində Yazı düzü yolu ilə 150-160 avtomobildən ibarət maşın karvanının Qubadlı ərazisinə yaxınlaşdığı xəbər verildi. Bir saat ərzində, əhali ayağa qalxdı. Bütün yollar bağlandı. Əliyalın camaat maşın karvanının yolunu elə sərhəddə kəsdi. Avtomobil karvanı Xankəndi şəhərinə buraxılmadı. Təəssüf ki, geri qaytarılan avtomobil karvanı bir həftə Gorusun Xinzərək kəndində qaldıqdan sonra Laçın-Şuşa yolu ilə Xankəndiyə yol tapa bildi və karvanı müşayiət edən zirehli texnika Laçın şəhərində faciələr törətdi.

1989-cu ilin axırlarında rayonda vəziyyət son dərəcə ağırlaşdı. Düşmənin hücumlarının və təxribat əməllərinin qarşısını alan özünümüdafiə dəstələri yerli milis qüvvələri ilə birlikdə hərəkət edir, düşmən hücumlarına mərdliklə müqavimət göstərirdilər. Lakin qüvvələr qeyri-bərabər idi. Təcavüzkar erməni dəstələri avtomat silahlardan, artilleriyadan, zirehli hərbi texnikadan gen-bol istifadə etdiyi halda, adi ov tüfəngləri belə çatmırdı. Rayonun şərq tərəfdən geniş bir ərazisi müdafiəsiz qalmışdı. Zirehli texnikanın qarşısını 4-5 adama düşən bir avtomatla almaq mümkün olmur. Qubadlı 1993-cü il avqustun sonlarında, artıq ermənilərin mühasirəsində idi. Cəbrayılın axırıncı kəndləri – Çullu, Maşanlı və Dağtumasın da düşmən əlinə keçməsi təhlükənin lap yaxınlaşdığını göstərirdi. Qubadlılılar doğma torpaqlarını işğal etmək istəyən ermənilərə qarşı mərdliklə vuruşurdular. Lakin qeyri-bərabər döyüşdə 1993-cü il avqustun 31-də hərtərəfli mühasirəyə düşmüş Qubadlı işğal olundu.

Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid oldu. Qarabağ müharibəsində isə Qubadlı, ümumilikdə, 238 şəhid verib, 146 nəfər isə əlil olub.

Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil etmişdir. Rayonda 27- si mexanikiləşdirilmiş olan 31 süd-əmtəə ferması mövcud olmuşdur. Rayonda üzümün ilkin emalı üzrə 2 zavod fəaliyyət göstərmişdir. Tam gücü ilə işləyən asfalt zavodu təkcə Qubadlıda deyil, eyni zamanda qonşu rayonlarada xidmət etmişdir. Daş karxanası və mərmər sexi əhalinin tələbatını əsaslı şəkildə ödəmişdir. Qubadlıda 21 rabitə müəssisəsi var idi. 8 avtomat stansiyası quraşdırılmışdı. 1950 nömrəlik həmin stansiyalar gecə- gündüz xalqın xidmətində dururdu.

Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə fəaliyyət göstərmişdir. Rayonun 33 səhiyyə müəssisəsi əhalinin sağlamlığının keşiyində durmuşdu. Rayon gigiyena epidemiologiya mərkəzi və profilaktik dezinfeksiya şöbəsi yüksək səviyyədə iş aparırdı.

Erməni işğalçıları Qubadlıda 94 kənd və qəsəbəni, 205 mədəni- məişət obyekteni, 12 tarixi abidəni yandırmış və talan etmişlər. İşğala qədər 33800 nəfər əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim- tərbiyyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışırdı. Qubadlının işğalı zamanı ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı Tarix- Diyarşünaslıq Muzeyini də talan etmişlər.

IV əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, 5- ci əsrə aid "Qalalı" və "Göyqala" abidələri, 14- cü əsrdə tikilmiş "Dəmirçilər" türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı və Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.

Rayonda 111 mədəni- maarif müəssisəsi , o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub və 6 avtoklub olmuşdur.

Qubadlı rayonunun təbiəti olduqca gözəldir. 1969-cu ildə burada dövlət yasaqlığı yaradılmışdır. Rayonda 13,2 min hektar meşə sahəsi vardır. Palıd bu meşələrin arxası, vələs dövləti, alma, armud, fındıq, əzgil, zoğal, yemişan... sərvəti, dağ çayları, şəlalələr, buz bulaqlar şöhrəti, qara gözlü əliklər, xınalı kəkliklər, qırqovullar, turaclar, göyərçinlər... gözəlliyi idi. Çox təəssüflər olsun ki, hal-hazırda əldə olunan məlumatlara əsasən Qubadlı meşələri ermənilər tərəfındən qırılaraq Ermənistana və ya xarici ölkələrə daşınır.

26 ildir ki, rayonun 30 min əhalisi məcburi köçkün həyatı yaşayır. Qubadlılar ölkəmizin 47 şəhər və rayonunda məcburi köçkün həyatı yaşayır. Lakin onlar öz doğma yurd-yuvalarına qayıdacaqlarına ümidlərini itirməyiblər. Çünki ötən illər ərzində Azərbaycan xeyli inkişaf edərək öz iqtisadiyyatını, ordusunun gücünü daha da artırıb, Ermənistan isə bütün sahələrdə iflasa uğrayıb və ordusu çöküb.

Ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət bu inamı daha da artırır. Bu gün Azərbaycanın güclü və müasir ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan bir ordudur və heç şübhəsiz ki, belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizləməyə və üçrəngli bayrağımızı Dağlıq Qarabağda dalğalandırmağa qadirdir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır. Dövlətimizin diqqət və qayğısını, xalqın dayağını daim öz üzərində hiss edən hərbçilərimizin isə döyüş ruhu birə-beş artıb.

Təbii ki, işğal altında olan torpaqlarımız işğalçılardan azad ediləndən sonra, bütün torpaqlarda, o cümlədən, Qubadlıda yeni inkişaf dövrü yaşanılacaq.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə