XXI yüzillikdə Azərbaycan dövlət müstəqilliyini daha da möhkəmləndirib, demokratik cəmiyyət quruculuğu, dünya birliyinə inteqrasiya sahəsində ciddi nailiyyətlərə imza atıb. Dünya ölkələri ilə münasibətlərini suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq kimi beynəlxalq norma və prinsiplər əsasında quran Azərbaycan beynəlxalq birliyin etimadını qazanıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya birliyi ilə münasbələrin qurulmasına, əməkdaşlığa da xüsusi önəm verib. Dünyanın nüfuzlu təşkilatlarına üzv olan Azərbaycan, artıq dünya xalqları arasında dialoqun təşviqi və inkişafında mühüm rola malikdir. Bu gün real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərini qurub.
Bu gün dünyada islam həmrəyliyinin gücləndirilməsi üçün böyük işlər görülür. Bu gün fəaliyyətdə olan İslam Əməkdaşlıq Təşkilatı islam ölkələri arasında birliyin gücləndirilməsi, çoxşaxəli əlaqələrin inkişafı, bütün islam xalqlarının azadlıq və milli hüquqlarının qorunmasını dəstəkləmək, beynəlxalq təhlükəsizliyin və sülhün qorunması istiqamətində iş aparır. "İslam dünyasının BMT-si" adlandırılan İslam Əməkdaşlıq Təşkilatının dünya miqyasında əsas məqsədi dini, tarixi, siyasi, mənəvi dəyərlərlə bağlı olan müsəlman xalqlarının firavanlığını və inkişafını artırmaq, onların mənafeyi və maraqları naminə islam həmrəyliyinin möhkəmləndirilməsi, islami dəyərlərin qorunması olan ən nəhəng və hörmətli müsəlman təşkilatıdır. Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın bu təşkilata üzv olması ilə beynəlxalq aləmdə respublikamızın qarşısında yeni imkanlar açıldı, Azərbaycan beynəlxalq və regional təşkilatlarda təmsil olunaraq, dünya siyasətində mövqeyini möhkəmlətmək üçün daha bir addım atdı. Hazırda
Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. Təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir.
Elm, təhsil və mədəni əməkdaşlıq sahələrində islam ölkələri arasında əlaqələrin daha da gücləndirilməsi və qarşılıqlı münasibətlərin dərinləşməsinə və bu əlaqələrin inkişafına daim dəstəyini verir. Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək, aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin çox böyük əksəriyyəti, artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən olmuşdur. Bakıda keçirilmiş "Gənclər sivilizasiyaların alyansı naminə" beynəlxalq konfransı, "Mədəniyyətlərarası dialoqda qadınların rolu" Forumu, İslam Ölkələri Elm və Təhsil Nazirlərinin VI Konfransı, İslam Ölkələri Mədəniyyət Nazirlərinin VI Konfransı, Dünya Dini Liderlərinin Bakı Sammiti, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və digər bu kimi tədbirlər elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılması və xalqlar arasında dialoqun qurulmasında böyük əhəmiyyətə malikdir. Keçirilən tədbirlər islam dünyasının inkişafı naminə öz töhfələrini vermiş olur.
Azərbaycanın fəal üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı dünyada islam həmrəyliyi işinə töhfələr verir. İslam Konfransı Təşkilatının 2008-ci ildə Seneqalın Dakar şəhərində keçirilmiş 11-ci zirvə konfransı, həmin il iyunda Uqandanın Kampala şəhərində İƏT xarici işlər nazirlərinin 35-ci konfransı, eləcə də, 2009-cu il mayın 23-25-də Suriyanın Dəməşq şəhərində keçirilmiş İƏT xarici işlər nazirlərinin 36-cı konfransı Azərbaycanın maraqlarına tam uyğun olan qətnamələr qəbul etmişdir. Hələ müstəqilliyimizin ilk illərində erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan Azərbaycanın haqlı mövqeyinin islam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu qeyd edilməlidir. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqeyini diqqətdə saxlayaraq, Ermənistanın Azərbaycana qarşı
təcavüzü ilə bağlı yekdil və birmənalı qərarlar qəbul etmişdir. İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində, işğal olunmuş Azərbaycan torpaqlarında islam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr qəbul edilib.
Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbədə Ümrə ziyarəti, kral Fəhd bin Əbdüləzizlə apardığı danışıqlar, İƏT Baş Katibliyinin rəhbərliyi ilə keçirdiyi səmərəli görüşlər Azərbaycanın islam aləmində olan maraq və diqqəti daha da artırdı. İƏT-in beynəlxalq aləmdəki nüfuz və imkanlarından lazımi səviyyədə istifadə edə bilməsi istiqamətində Azərbaycanın mövqeyini daha da möhkəmləndirərək, əməkdaşlığın gələcək inkişafına zəmin yaratdı. 1994-cü ilin noyabr ayının axırlarında İƏT-in baş katibi Həmid əl-Qabid Azərbaycana səfəri bu əlaqələrin inkişafında önəmli idi. Səfər çərçivəsində Həmid əl-Qabid İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzünü pislədiyini və münaqişənin dinc siyasi vasitələrlə həll olunmasına tərəfdar olduğunu bildirmişdir.
Son illər Azərbaycanın İƏT ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İslam həmrəyliyinin gücləndirilməsi məqsədilə Azərbaycan dövləti ardıcıl olaraq siyasət yürüdür. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi Prezident İlham Əliyevin müdrik və düşünülmüş siyasətinin məntiqi davamı oldu. "İslam Həmrəyliyi İli" ilə bağlı imzalanan Sərəncam Azərbaycanın islam ölkələri arasında artan nüfuzunu daha da gücləndirdi, ümumilikdə, bütün dünyaya həmrəylik mesajı verdi.
Müsəlman aləminin gənc nəsillərinin milli və ənənəvi dəyərlərimizə əsaslanaraq, formalaşması əsas məsələlərdən biri olaraq, qarşıda durur. Azərbaycan, öz növbəsində, dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Dövlət başçısının vurğuladığı kimi: "Biz müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, islamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək
məqsədilə dünyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil etmişik. İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq və səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq".
Azərbaycan öz əqidəsinə və milli dəyərlərinə sadiq bir dövlətdir. Bu baxımdan da, təmsil olunduğu beynəlxalq forum və təşkilatlarda islam dünyasını, müsəlmanları dəstəkləyir və güclü tərəfdaşlıq əlaqələrini genişləndirir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB