Xəzər dənizini kimlər çirkləndirir? ETSN-də MƏTBUAT KONFRANSI

Xəzər dənizini kimlər çirkləndirir? ETSN-də MƏTBUAT KONFRANSI

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində KİV nümayəndələri ilə mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, çimərlik mövsümü başa çatsa da, Xəzərin çirkləndirilməsi məsləsi gündəmdə saxlanılacaq.

Nazirlik rəsmisi bildirib ki, bu gün əsas fəaliyyət hədəflərimizdən biri də Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib: "Bu günədək aparılan monitorinqlərin nəticələrinə görə dənizi çirkləndirən 44 hüquqi və fiziki şəxs cərimə edilib, dəflərlə edilmiş xəbərdarlıqlara əməl etməyən 23 obyektin fəaliyyətinin dyandırılması üçün məhkəmələrə müraciət olunub, 165 obyektə icrası məcburi olan “məcburi göstəriş” verilib. Biz bundan sonra da bütün təbliğat və inzibati vasitələrdən istifadə etməklə Xəzər dənizinin və onun ətraf mühitinin əsl sağlamlıq zonasına çevrilməsinə çalışacağıq".

İ.İbrahimova daha sonra deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq sahələr üzrə icazələrin verilməsini asanlaşdırmaq məqsədi ilə gələn aydan “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcək: "Dövlət ekoloji ekspertizası üzrə müvafiq icazələrin, eyni zamanda vəhşi heyvan və balıqların ovuna icazələrin verilməsi “ASAN xidmət” mərkəzində həyata keçiriləcək”.

Mətbuat xidmətinin rəkbəri qeyd edib ki, bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunacaq.

Daha sonra, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib: "Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahil zolaqları və akvatoriyasında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və başqa mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir".

O bildirib ki, Abşeron yarımadasında kanalizasiya şəbəkəsinin tamamlanmaması, sahilboyu ərazilərdə fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin çoxunda təmizləyici qurğuların olmaması, tullantı sularının idarə olunmasına cavabdeh olan bələdiyyə, icra nümayəndəliyi, təmizlik işləri ilə məşğul olan müvafiq qurumların laqeyd münasibəti vəziyyəti daha da ağırlaşdırır.

Nazirlik rəsmisi əlavə edib ki, Xəzər sahili boyunca yerləşən yaşayış massivlərinin çoxunda formalaşan tullantı suları Hövsan kanalı və digər axarlar vasitəsilə təmizlənmədən birbaşa dənizə axıdılmaqda davam edir və bu da dənizdə gərgin ekoloji vəziyyətin yaranmasına səbəb olur.

"Çirkab suların birbaşa Xəzərə axıdılmasının dayandırılması, acınacaqlı vəziyyət yaradan axarların qarşısının alınması üçün tərəfimizdən müvafiq tədbirlər görülür, eyni zamanda tullantı sularını dənizə axıdan fiziki və hüquqi şəxslərə təmizləyici qurğuların qurulması, daxili kanalizasiya sisteminin çəkilməsi, mövcud olan qurğuların düzgün idarə olunması üçün xəbərdarlıqlar edilir, məcburi göstərişlər verilir, cərimələr tətbiq olunur"- deyə şöbə müdiri bildirib.

M.Qənbərov vurğulayıb ki, atmosfer havası ilə bağlı aparılan monitorinqlər isti yay günlərində küləksiz, yüksək temperatur olan dövrlərdə atmosfer havasının çirklənməsinin daha intensiv xarakter aldığını göstərir: "Hazırda paytaxtda havanın çirklənməsinin 70%-dən çoxu avtonəqliyyatın payına düşür. Bununla yanaşı, iri sənaye müəssisələrinin cəmləşməsi, insanların sıx məskunlaşması da havanı çirkləndirən əsas amillərdəndir. Atmosfer havasının keyfiyyətinə təsir edən digər səbəblər isə təsərrüfat fəaliyyəti zamanı ekoloji norma və standartlara düzgün riayət edilməməsidir.

Atmosferə atılan tullantıların böyük bir hissəsi nəqliyyat vasitələrinin payına düşdüyü üçün bu sahə üzrə daha mütərəqqi metodların tətbiqi, təbiətə dost nəqliyyat vasitələrinin təşviqi təmin edilməli, elektromobillərin, hibrid nəqliyyat vasitələrinin, havanı daha az çirkləndirən sıxılmış qazla işləyən avtomobillərin sayı artırılmalı, dizel yanacağı ilə işləyən nəqliyyat vasitələri minimuma endirilməli, mühərriki kiçik həcmli avtomobillərə üstünlük verilməlidir".

Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Sahil, Lənkəran və Astara ərazilərində fəaliyyət göstərən bütün ictimai-iaşə obyektləri də tullantı sularını birbaşa olmasa da, dolayı yolla Xəzərə axıtmaqda davam edir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin Azərbaycan sektorunda şimaldan cənubadək olan sahil zolağı boyunca apardığımız son monitorinqlərin nəticəsinə görə, dənizin şimal sahilində fəaliyyət göstərən “Təhsil”, “Elfaro”, “Oberluks”, “Palma”, “Atlant” və “Liverin”, Şıx çimərliyi ərazisində isə “Dostluq”, “Ramada” istirahət mərkəzləri təmizləyici qurğular istismar ediblər. Digər obyektlərin hamısının bu gün də Xəzəri çirkləndirməkdə davam etdiyi müəyyən edilib: "Tullantı suların təmizlənməsi günün əsas tələblərindən biridir. Bir daha dənizi çirkləndirənlərə bildiririk ki, dənizə bu cür etinasız münasibət davam edərsə, hamımızın sağlamlığımız təhlükə altında qala bilər. Onları primitiv, köhnə üsullardan uzaqlaşıb müasir texnologiyalardan istifadə etməklə fəaliyyət göstərməyə səsləyirik. Biz həm də bələdiyyələrə, yerli icra orqanlarına çağırış edirik ki, onlar da bu işdə fəal olsunlar, ətraf mühitə münasibətdə sağlam mövqe tutmağa yönələn fəaliyyətə dəstək versinlər".

Tədbirin sonunda jurnalistlərin sulları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə