Lənkəranda Məhərrəmlik (Aşura) mərasimlərinə həsr edilmiş tədbir keçirilib

Lənkəranda Məhərrəmlik (Aşura) mərasimlərinə həsr edilmiş tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Məhərrəmlik (Aşura) mərasimlərinə həsr edilmiş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, dini icma sədrləri, din xadimləri iştirak edib.

Əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının Fətvası oxunub.

Tədbiri giriş sözü ilə açan QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə çıxışında İslam dininin elm, mədəniyyət dini olduğunu, həmiçinin, dünyəvi dəyərləri özündə ehtiva etdiyini bildirib. Q.Axundzadə qarşıdan gələn məhərrəmlik tədbirlərinin QMİ-nin fətvasına uyğun şəkildə, xurafata yol vermədən keçirilməsininin vacibliyini vurğulayıb.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında dövlət-din münasibətlərindən mükəmməl Azərbaycan modeli haqqında məlumat verib. Q.Məmmədov Məhərrəmlik (Aşura) mərasimləri ilə bağlı keçirilən tədbirlərdə “Dini Etiqad Azadlığı Haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə və ictimai asayiş qaydalarına əməl etməyin zəruriliyini bildirib.

Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında Məhərrəmlik (Aşura) mərasimlərinin qanun çərçivəsində, qanunvericiliyin tələblərini gözləməklə keçirilməsinin əhəmiyyətini qeyd edib.

Çıxış edən dini icma sədrləri və din xadimləri Məhərrəmlik (Aşura) mərasimlərinin QMİ-nin Fətvasına uyğun keçiriləcəyini bildiriblər. Onlar dövlət tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri nəticəsində mərasimlərdə baş yarmaq, qan çıxartmaq, zəncir vurmaq kimi İslam dininə aid olmayan xurafat elementlərinə rast gəlinmədiyini diqqətə çatdırıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə