"Qərbin hegemonluğu başa çatır"

"Qərbin hegemonluğu başa çatır"

Rusiya-Türkiyə münasibətləri yaxşılığa doğru irəlilədikcə, Dağlıq Qarabağ probleminin də həll ediləcəyinə ümidlər artır

Məlum olduğu kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident Vladimir Putinin dəvəti ilə Moskvada rəsmi səfərdə olub. Əvvəlcədən də xəbər verildiyi kimi, səfər zamanı iki dövlət başçısı arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məsələsi ətrafında müzakirələr olacaq. Sual yaranır, keçirilən görüşdə Dağlıq Qarabağ məsələsi də müzakirə mövzularından olubmu və bizə dost, qardaş ölkə olan Türkiyə ilə Rusiya münasibətlərinin yüksələn xətlə inkişafı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardımçı ola bilərmi? Söhbət etdiyimiz müsahiblərimiz Türkiyə-Rusiya yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində mühüm rol oynaya biləcəyinə əmin olduqlarını bildirmişlər.. Çünki Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı Rusiyanın əlindədir.

Politoloq Elşən Manafov: "Yerevanı daha çox narahat edən məsələ Türkiyə-Rusiya yaxınlaşmasıdır"

- Türkiyə prezidentinin Rusiya prezidenti ilə növbəti görüşündə əsas məsələ Suriya ətrafında tərəflər arasında münasibətlərdə olan bəzi məqamlara aydınlığın gətirilməsi olub. Ümumiyyətlə, Türkiyə Rusiya münasibətlərində bu yaxınlıq təkcə Suriya faktoru ilə bağlı deyil, eyni zamanda, hərbi əməkdaşlığı özündə ehtiva edir, tərəflər arasında ticarət münasibətlərinin dövrüyyəsi artır, enerji əməkdaşlığı sahəsində Türkiyə-Rusiya arasında münasibətlər genişlənir. Bu da, əlbəttə, dolayısı yolla Cənubi Qafqazda stabilliyin və təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlərə də təsirsiz ötüşməyəcək. Qeyd etmək lazımdır ki, bu gün Yerevanı daha çox narahat edən məsələ də bu günlərdə Türkiyənin Rusiya ilə münasibətlərinin mahiyyəti, formatı və məzmununda baş verən dəyişikliklərdir, inkişafdır. Bütün hallarda Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dəstəklənməsinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Bundan sonra da belə olacağı şübhəsizdir.

"Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev: "Azərbaycan münaqişənin həllində Rusiyanın həlledici rolunu qiymətləndirir"

- KİV-də Fransa prezidenti Makronun maraqlı bir açıqlaması yayıldı. O bildirdi ki, dünyada baş verən coğrafi-siyasi dəyişikliklər səbəbindən, Qərbin hegemonluğu başa çatır. Şərait dəyişir. Bu, ilk növbədə, yeni dövlətlərin mövqeyinin möhkəmlənməsi ilə bağlıdır. Çin ilk sıraya çıxıb, Rusiya isə öz strategiyasında böyük uğur qazanır. Biz Avropada yerləşirik, əgər Rusiya ilə yeni münasibətlər yaratmasaq, onda gərginlik, "dondurulmuş" münaqişələr və "soyuq müharibə"nin nəticələri ilə üz-üzə qala bilərik. Dünyada baş verən bu siyasi dəyişikliklərdən yaxşı baş çıxaran Türkiyə rəhbərliyi də xarici siyasətlərində, çox kəskin də olmasa, hər halda, müəyyən dönüş edib. Türkiyə regionun ən güclü dövləti olan Rusiya ilə, həm iqtisadi, həm də siyasi baxımdan yaxınlaşmaq kursu götürüb. Rusiyanın ən müasir silahını, C-400 raketdən müdafiə sistemini Türkiyənin alması buna ən tutarlı sübut ola bilər. Ərdoğan Rusiya səfərində olarkən, bildirdi ki, iki ölkənin ticarət dövriyyəsi 25 milyard dollardır, hədəf isə bu rəqəmi 100 milyard dollara çatdırmaqdır. Göründüyü kimi, Rusiya ilə Türkiyə arasındakı bütün sahələrdəki əlaqələr yüksələn xətlə inkişaf edir. Fikrimizcə, iki qonşu dövlət arasında münasibətlərin müsbət məcrada inkişaf etməsi Türkiyəyə regionda ən yaxın dövlət olan Azərbaycan üçün də sərfəlidir. Belə ki, Rusiya-Türkiyə münasibətləri yaxşılığa doğru irəlilədikcə, Dağlıq Qarabağ probleminin də həll ediləcəyinə ümidlər artır. Xatırlayırsınızsa, Ərdoğan bir neçə il əvvəl Rusiya səfərindən qayıdarkən, bu problemlə bağlı suala belə cavab vermişdi: "Dağlıq Qarabağ probleminin həllinin açarı Moskvadadır". Azərbaycan dövləti də sözügedən münaqişənin həllində Rusiyanın həlledici rolunu qiymətləndirir, həm də bir qonşu dövlət kimi Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurub. Beləliklə, həm Türkiyənin, həm də Azərbaycanın Rusiya ilə münasibətləri nə qədər yaxşı olsa, bu, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə bir o qədər müsbət təsir edə bilər.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə