Övladlığa götürmə ilə bağlı idarəetmənin elektron infrastrukturu qurulur

Övladlığa götürmə ilə bağlı idarəetmənin elektron infrastrukturu qurulur

"Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə" altsistemi yaradılır

Bu gün ölkəmizdə övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam edir. Mütərəqqi dünya təcrübəsi də nəzərə alınmaqla, hazırlanmaqda olan yeni idarəetmə modelində prioritetlərdən biri - övladlığa götürülən uşaqların maraq və mənafelərinin, gələcək layiqli həyat şəraitinin təminatıdır.

Bu əsasda uşaqları övladlığa götürmək istəyən valideyn - namizədlərin mənzil şəraiti və gəlirləri ilə bağlı tələblər də yeni modeldə əksini tapır.

"Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018-ci il Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq, övladlığa götürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə, onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, eləcə də, övladlığa götürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məqsədi daşıyır. Övladlığa götürmə sahəsində dövlət siyasətini və tənzimləməni, o cümlədən, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılması nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən

şəxslərin uçotunun, həmçinin, övladlığa götürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasını təmin etmək məqsədilə nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığ agötürmə" altsistemi yaradılmaqdadır. Həmin altsistem valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid elektron uçotunun aparılması, eləcə də, övladlığa götürmə ilə bağlı bir sıra işlərin elektron şəkildə yerinə yetirilməsi məqsədinə xidmət edəcək. Övladlığa götürmə üçün tələb olunan sənədlər artıq kağız daşıyıcılar vasitəsilə deyil, altsistemə inteqrasiya olunacaq dövlət orqanlarının informasiya ehtiyatından əldə olunacaq. Yeni elektron sistemin cari il noyabrın 1-dən istifadəyə verilməsi nəzərdə tutulur. Bu da, qeyd olunan sahədə əlavə vaxt itkisinin aradan qaldırılmasına, övladlığa götürmə sahəsində idarəetmənin elektron infrastruktur üzərində qurulmaqla prosesin tam obyektiv və şəffaf həyata keçirilməsinə şərait yaradacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə