Azərbaycan ərazi bütövlüyünün pozulması ilə heç zaman barışmaşayacaq
İşğal olunmuş ərazilər azad edilməyənə qədər, Ermənistanın heç bir inkişaf perspektivi olmayacaq
Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə «Qarabağ - Ermənistandır və vəssalam» açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan «miatsum» deməsi Ermənistanın əsl məqsədinin işğalçılıqdan başqa bir şey olmamasının növbəti açıq ifşasıdır. Çünki indiyə qədər Ermənistan tərəfi hərbi işğal və anneksiya siyasətinin beynəlxalq siyasi-hüququ və mənəvi məsuliyyətini dərk edərək işğalçılıq siyasətini gizlədir və onu Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etmək formasında pərdələməyə çalışır və müxtəlif bəhanələrə əl atırdı.
Əslində, baş nazir kimi ilk vaxtlarda danıışıqlarda qondarma Dağlıq Qarabağ rejiminin də iştirak etməli olduğunu bildirən Paşinyan daxili siyasi qruplaşmalar arasında reytinq itirdiyi üçün işğalçı ritorikasına keçməyə məcbur oldu. Bir il öncəki bəyanatları ilə indiki çıxışları daban-dabana zidd olduğundan, heç kəs Paşinyanı ciddi siyasətçi kimi qəbul etmir. Paşinyan məlum bəyanatı ilə həm də öz-özünü inkar edir. Paşinyan bir tərəfdən «Qarabağ xalqı» adından danışıqlar aparmaq səlahiyyətinin olmadığını deyir, digər tərəfdən isə, Qarabağın Ermənistan olduğunu iddia edir. Bununla, uzun müddət «xalqların öz müqəddəratının təyin etməsi hüququ»nun arxasında gizlənən Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmayıb.
Qeyd etmək lazımdır ki, bundan əvvəl Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və müdafiə naziri "Azərbaycana bir qarış da torpaq qaytarmamaq", "yeni ərazilər üçün yeni müharibə" kimi məsuliyyətsiz və təxribatçı açıqlamalarla çıxış etmişdilər. Bu baxımdan, N.Paşinyan və Ermənistanın digər yüksək vəzifəli şəxslərinin bu kimi açıqlamaları epizodik hallar olmayaraq, Ermənistanın dövlət səviyyəsində işğalçılıq siyasəti yürütməsinin və buna görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyət daşımasının sübutudur.
Bu cür məsuliyyətsiz bəyanatlar və addımlarla N.Paşinyan tarixi saxtalaşdırır, müharibənin işğala, etnik təmizləməyə gətirib çıxaran nəticələrini təqdir edir və onları qoruyub-saxlamağa çalışır. Bundan sonra Ermənistan rəhbərliyinin demokratiyanı Ermənistanın xarici siyasətinin «biznes kartı» adlandırması heç bir mənəvi çərçivələrə sığmır.
Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırış ilə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və beynəlxalq ictimaiyyətə, xüsusilə, münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinə total hörmətsizlik nümayiş etdirir. Bu bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesinə ciddi zərbədir.
Ermənistan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi altında ciddi danışıqlar aparmaq əvəzinə, Azərbaycanın səbrindən və münaqişənin dinc yolla həlli ilə bağlı üzərinə götürdüyü öhdəliyindən sui-istifadə edir. Ermənistan bütün mümkün vasitələrlə danışıqlar prosesini bloklayır, münaqişənin həlindən yayınır və işğalı, etnik təmizləmənin nəticələrini davam etdirmək, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır.
Beynəlxalq ictimaiyyət Ermənistana özünü cəzasızlıq şəratində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləməli, onu bu yoldan çəkindirməli, münaqişənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həlli üzrə danışıqlar prosesinə məcbur etməlidir.
Ermənistan sülhə məcbur edilməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə, Ermənistana sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir. Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır. Bunu beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələri tələb edir.
Azərbaycan ərazi bütövlüyünün pozulması ilə heç zaman barışmaşayacaq. Çünki Dağlıq Qarabağ Azərbaycanın əzəli və əbədi torpağı və ayrılmaz hissəsidir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin qorunması və bərpa edilməsi, etnik təmizləməyə məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtması üçün bütün mümkün vasitələrdən istifadə edəcək. Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər isə, Ermənistanın heç bir inkişaf perspektivi olmayacaq.
«Səs» Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB