Əli Əhmədov: "Mühacir müxalifətin Ermənistanın təbliğatçısı rolunda çıxış etməsi onların nə qədər ziyanlı və iyrənc vasitələrdən istifadə etmələrindən xəbər verir"
Azərbaycanın dağıdıcı müxalifətinin saxta partiya vəsiqələri hesabına Avropada öturub, dövlətimiz və xalqımız əleyhinə antitəbliğat kampaniyası aparan "söyüş müxalifəti" artıq sıradan çıxmaqdadır. Bu isə həm də, ilana ağu verən kərtənkələ rolunda çıxış edən AXCP sədri Əli Kərimlinin, Müsavat başqanı Arif Hacılının, "Milli Şura"nın rəhbəri Cəmil Həsənlinin və digərlərinin sübut və dəlilərlə ifşa olunmaları deməkdir. Çünki Avropada atributlarımızı təhqir edən Qurban Məmmədov, Orduxan Teymurxan, Tural Sadıqlı, Azər Kazımzadə, Vidadi İsgəndərli, Məhəmməd Mirzəli və digərləri dağıdıcı müxalif başbilənlərinin istək və tələblərini yerinə yetirirlər. Hətta AXCP sədri Ə.Kərimlinin xarici mühacirlərin fəaliyyətlərini koordinasiya etmələrinə dair tutarlı faktlar mövcuddur. Tanınmış telejurnalist, "Real" TV-nin rəhbəri Mirşahin öz müəllif proqramının buraxılışında Avropa ölkələrinə siyasi mühacirlər göndərən mütəşəkkil dəstəni faktlarla ifşa edib. O, sensasion sayıla biləcək əməliyyat çəkilişini də yayımlayıb.
Siyasi mühacir alverini AXCP və Müsavat partiyaları edir
Mirşahin Ağayev müəllif proqramında bildirib ki, siyasi mühacir alveri ölkənin özünü aparıcı hesab edən iki müxalifət partiyasının yaxından iştirakıyla həyata keçirilir. Ya da, hələlik, bizə yalnız bu iki partiyanın adı məlumdur.
Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat. "Hürriyyət" qəzetinin də möhürünü əlavə etsək, dırnaqarası sanballı kampaniya alınır: "Xaos müxalifəti Azərbaycandan Avropaya "siyasi mühacir" ixrac etməyin kəsə yolunu burda tapıbmış. Onları Avropada gözləyirlər". Mirşahin Ağayevin sözlərinə görə, fırıldaq dəzgahının hazırladığı saxta məmulatları və ya məlumatları orada təmizə çıxaran təşkilatlar da var: "Keçmişi şübhəli, bir sıra hallarda cinayətə bulaşmış azərbaycanlılar, azərbaycansızlar Bakıda aldıqları saxta statusları xaricdə təsdiqlətdirməkdən ötrü dövlət əleyhinə çıxışlar edir, vətəndaşları dövlət çevrilişinə çağırır, təhqirlərdən belə çəkinmirlər. Neçə vaxtdır ki, hüquq-mühafizə orqanları antidövlət müxalifəti "siyasi mühacir" adı altında, əslində, insan alveri ilə məşğul olmaqda şübhəli bilirdi və araşdırmalar aparırdı. İndi isə bəzi yekunları elan etmək olar. Şəbəkənin konturları artıq aydın görünür. Deməli, Azərbaycan Xalq Cəbhəsi və Müsavat mütəşəkkil qrupa hazırlatdığı "siyasi mühaciri" və ya mühacirləri xaricə göndərir. Hər belə oyuncaq mühacir sanballı vəsaitdir. Bəzən hansısa potensial belə mühacir tələb olunan məbləğdən narazı qalır, "dəvədən böyük fil var" deyə, sifariş verən tərəfin özünə, Əli Kərimlinin xaricdəki piştaxtalarından birinin arxasında oturan dəllalına-Qənimət Zahidə birbaşa efirdə şikayət də edir".
Əli Əhmədov : "O zaman bu iyrənc plan ifşa edildi, AXCP-nin əsl anti-Azərbaycan mahiyyəti üzə çıxdı"
Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov mühacir müxalifətin anti-Azərbaycan təbliğatına daha sərt və konkret faktlarla münasibətini bildirib. Baş nazirin müavini, YAP-ın İcra katibi Əli Əhmədov özünün "Facebook" səhifəsində qeyd edib ki, Azərbaycanı yerli-yersiz tənqid etmək, müxtəlif yalanlar və böhtanlarla onun imicini zədələmək yolu seçmiş radikal müxalifət və onun mühacir qanadı təbliğat kampaniyasında Ermənistan faktorundan istifadə etməyə başlayıb: "Sözügedən müxalifətin siyasi təbliğatında və davranışında erməni faktorundan faydalanmaq, Azərbaycana qarşı birgə mübarizə aparmaq taktikası yeni deyil. Təxminən, 15 il bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənclər şöbəsinin sədri və Əli Kərimlinin ən yaxın çevrəsinə daxil olan Ruslan Bəşirlinin Azərbaycan hakimiyyətinə qarşı birgə fəaliyyət göstərmək məqsədilə Tiflisdə ermənilərlə danışıqlar aparması, maliyyə yardımı istəməsi barədə söhbətləri, yəqin ki, çoxlarınin yadındadır. O zaman bu iyrənc plan ifşa edildi, AXCP-nin əsl anti-Azərbaycan mahiyyəti üzə çıxdı".
"Əli Kərimlinin saxta rəqəmlər səsləndirməsini də deyilənlərə əlavə etsək, müxalifətin sözügedən qanadının əsl sifəti haqqında təsəvvürlər daha dolğun olar"
YAP İcra katibi Ə.Əhmədov bildirib ki, indi onlar anti-Azərbaycan kampaniyasında erməni faktorundan yenidən gen-bol istifadə etməyə başlayıblar: "Xüsusilə də, mühacir müxalifətin Ermənistanın təbliğatçısı rolunda çıxış etməsi, ən bayağı formada Azərbaycana nümunə göstərməsi onların nə qədər ziyanlı və iyrənc vasitələrdən istifadə etmələrindən xəbər verir. Hətta onlar Ermənistanın "demokratik", "tərəqqidə olan", "Azərbaycandan daha üstün" ölkə obrazını yaratmaq naminə yalanlar uydurmaqdan belə çəkinmirlər. Belə yalanlardan biri bundan ibarətdir ki, güya Ermənistan parlamentində müxalifətə 30 faizlik kvota verilib, Azərbaycanda isə, bu təcrübə yoxdur. Beləliklə, onların yalanları sayəsində, Ermənistanın güya daha demokratik imici "yaradılır". Əvvəla, onlar ya başa düşmür, ya da başa düşmək istəmirlər ki, parlamentdə müxalifətə və ya digər siyasi partiyalara kvota verilməsi demokratiya anlayışı ilə qətiyyən bir araya sığmır. Çünki bu halda, deputatların seçilməsindən deyil, kvotaya uyğun olaraq, təyin olunmasından söhbət gedə bilər. İkincisi isə, mühacir müxalifətin Ermənistanı daha "demokratik" ölkə qismində göstərmək üçün bəh-bəhlə təriflədiyi "kvota" məsələsi tamamilə ağ yalan və uydurmadır. Ermənistan konstitusiyasına əsasən, parlamentdə kvota praktikası tətbiq olunmur. Ümumiyyətlə, heç bir demokratik dövlətdə belə praktika yoxdur. Qeyd etmək istədiyim digər nümunə isə müxalifətə yuxarıda qeyd olunanlardan heç də az utanc gətirmir. Yenə də mühacir müxalifət internet TV-də Ermənistanın baş nazirinin daha "demokratik" obrazını yaratmaq məqsədilə Paşinyanın Dağlıq Qarabağa qeyri-qanuni səfəri zamanı keçmiş prezident Serj Sarkisyanın onu müşayiət etməsi milli birlik naminə atılan "möhtəşəm" jest kimi qiymətləndirilir. Lakin həmin jest sahibinin digər keçmiş prezident Koçaryanı həbsə atdırması barədə söhbət açılmır. Səbəbi isə çox sadədir: bu, onların uydurduğu "demokratik, milli birliyi təmin olunmuş" Ermənistan obrazına, başqa sözlə desək, işğalçını tərifləmək taktikasına uyğun gəlmir".
Baş nazirin müavini onu da qeyd edib ki, həmin TV kanallarında Ermənistanın "inkişaf edən, çiçəklənən" ölkə obrazında təqdim etmək naminə Əli Kərimlinin saxta rəqəmlər səsləndirməsini də, deyilənlərə əlavə etsək, müxalifətin sözügedən qanadının əsl sifəti haqqında təsəvvürlər daha dolğun olar: "Ancaq bizi narahat edən müxalifətin nə sifəti, nə də rəngidir. Narahatçılığımız mühacir müxalifətin öz çirkin təbliğatı ilə erməni dəyirmanına su tökməsindədir. Erməni tərəfi, heç şübhəsiz, həmişə olduğu kimi, Azərbaycan müxalifətinin Ermənistanı "demokratik", Azərbaycanı isə "qeyri-demokratik" ölkə kimi qələmə vermək cəhdlərindən Dağlıq Qarabağı Azərbaycandan ayırmaq istiqamətində apardıqları təbliğatında faydalanmağa çalışacaq. Bizi narahat edən, bizdə müxalifətin həmin hərəkətinə qarşı ikrah hissi yaradan, məhz budur. İmkan verilməməlidir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistana heyranlığını gizlətməyən müxalifət və onun mühacir qanadı öz çirkin təbliğatı ilə ölkəmizin hörmət və nüfuzu üzərinə kölgə salsın, siyasi proseslərdə xarici qüvvələrin əlində təhlükəli alətə çevrilsin" .Ə.Əhmədov qeyd edib ki, Azərbaycan xalqı, milli ruhlu bütün siyasi qüvvələr xarici himayədarlar və pullar hesabına anti-Azərbaycan təbliğatı aparanlara, onların erməni heyranlığına vətəndaş həmrəyliyi, dövlət və dövlətçilik ətrafında daha sıx birləşməklə layiqli cavab verəcək.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB