Azərbaycan Olimpiya Hərakatı uğurlu inkişaf yolunda ŞƏRH

Azərbaycan Olimpiya Hərakatı uğurlu inkişaf yolunda  ŞƏRH

Bu gün Azərbaycan Olimpiya Hərakatı öz inkişaf dövrünü yaşayır. Dövlətin idmana olan qayğısı baxımından Azərbaycan dünyada öndəgedən ölkələr sırasındadır. Azərbaycanda idman hərəkatı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. Bununla da, demək olar ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Müasir dövrdə bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda keçirilən Dünya və Avropa çempionatları, bir daha sübut edir ki, həqiqətən də, Azərbaycanda idman uğurla və sürətlə inkişaf edir.

Olimpiya Oyunları dedikdə, yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş və fəlsəfi anlayış kimi qəbul olunur. Olimpiya Oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya Hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuşdur. Olimpiya antik dövrdən başlayaraq uzun, enişli-yoxuşlu yol keçmiş, zəmanəmizə gəlib çatmış və bu yolda müxtəlif maneələrlə rastlaşsa da, öz əzəli mahiyyətini qoruyub-saxlamışdır. Olimpiya Oyunları ümumbəşəri nüfuz sahibi olmaqla, dünya xalqlarının dərin məhəbbətini qazanmışdır.

Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, 1992-ci ildə Milli Olimpiya Komitəsi fəaliyyət göstərməyə başladı. 1997-ci ildən Milli Olimpiya Komitəsinə Cənab İlham Əliyev Sədr seçiləndən sonra Azərbaycanda Olimpiya Hərəkatı vüsət almağa başladı. Bu illər ərzində, Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngimədi. Azərbaycanın hər bir yerində yeni və müasir idman komplekslərinin tikintisinə başlanıldı. Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnək oldu. 1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya Oyunlarına qatıldı. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya Oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olundu. 2000-ci ildə Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu ölkənin Olimpiya Hərəkatı tarixində ən böyük uğuru idi. 2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya Oyunlarının iştirakçısı oldu.

Son illərdə ölkəmizdə 50-dən artıq müasir Olimpiya mərkəzləri inşa olunub. İdmanın inkişafına geniş prizmadan yanaşılır və kompleks tədbirlər görülür. Ölkə Prezidenti İlham Əliyevin vurğuladığı kimi: "... Yaxın gələcəkdə elə bir şəhər qalmayacaqdır ki, orada müasir, ən yüksək standartlara cavab verən Olimpiya İdman Mərkəzi olmasın. Bu mərkəzlərdə həm peşəkar idmançılar məşq edirlər, eyni zamanda, bölgə gəncləri, uşaqlar, yeniyetmələr idman bölmələrinə gələrək, öz peşəkarlığını artırırlar".

AZƏRBAYCANIN DÜNYADA ƏN SÜRƏTLİ TEMPLƏRLƏ İNKİŞAF EDƏN ÖLKƏYƏ ÇEVRİLMƏSİ İDMANIN İNKİŞAFINA YOLLAR AÇIB

2004-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycan Prezidenti İlham Əliyevə Olimpiya Hərəkatında göstərdiyi xidmətlərinə görə təşkilatın ən yüksək mükafatınını - "Olimpiya Ordeni"ni təqdim etməsi, təbii ki, ölkəmizin nəzərəçarpan nailiyyətlər əldə etməsinin beynəlxalq təşkilatlar tərəfindən tanınması, eləcə də, ölkəmizin Olimpiya Hərəkatına verdiyi töhfələrə ayrılan diqqət idi.

Bu gün MOK beynəlxalq miqyasda böyük nüfuz qazanıb, fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə seçilib. Azərbaycanda keçirilən Avropa və dünya çempionatları da buna nümunədir. Belə ki, hər il müxtəlif beynəlxalq yarışlar, bədii gimnastika, taekvando, güləş, boks, karate və s. bu kimi Olimpiya növlərinə daxil olan idman yarışları, məhz Azərbaycanda keçirilir. Əlbəttə ki, son illərdə Azərbaycanın dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilməsi də buna imkan yaradıb. Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycan Prezident İlham Əliyevin vurğuladığı kimi, inkişaf etmiş ölkələrdə, adətən, idman da inkişaf edir: "Azərbaycan inkişafda olan bir dövlət kimi, idman sahəsində də böyük nailiyyətlərə çata bilibdir. Dövlət siyasəti idmanın təbliği, idmanla məşğul olmaq üçün şəraitin yaradılması, maarifləndirmə, gənc nəslin yetişdirilməsi kimi mühüm sahələri əhatə edir. Onların arasında yeni idman infrastrukturunun yaradılması xüsusi yer tutur". Onu da qeyd edək ki, Birinci Olimpiya İdman Kompleksi Milli Olimpiya Komitəsi tərəfindən 2000-ci ildə Bakıda ucaldılmışdır.

AZƏRBAYCAN İDMAN TARİXİNƏ YAZILAN YENİ SƏHİFƏLƏR

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə ölkəmizə Avropa Olimpiya Komitəsinin inamı idi. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi, ilk oyunların Bakıda keçirilməsi böyük nailiyyət idi. Bu cür oyunları ilk dəfə təşkil etmək Azərbaycan üçün şərəfli olduğu qədər də məsuliyyətlidir. İlk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq atlet idmanın 20 növündə mübarizə apardı. Yarışlar Bakıda 21 idman obyektində keçirildi. Təbii ki, bütün bunlarla yanaşı, Azərbaycan 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, Bədii Gimnastika üzrə Dünya Kuboku, "Formula-1" kimi mötəbər yarışlara uğurla ev sahibliyi etdi və özünü dünyada idman ölkəsi kimi tanıda bildi. IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri bunun daha bir parlaq nümayişi oldu. Azərbaycan 75 qızıl medalla birinci yeri qazandı. Bu yaxınlarda Azərbaycan və paytaxt Bakımız XV Avropa Gənclər Olimpiya Festivalının həyəcan və sevincini yaşadı. Avropanın 48 ölkəsindən 3900-dək atletin mübarizə apardığı "EYOF Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalında - idman mübarizəsində 23 medal - 10 qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbaycan millisi komanda hesabında dördüncü pillədə qərarlaşdı.

İDMAN SAHƏSİNƏ AYRILAN DİQQƏT VƏ GÖSTƏRİLƏN QAYĞI GƏNCLƏRİN BU SAHƏYƏ OLAN MARAĞINI ARTIRIB

Ölkə Prezidenti İlham Əliyevin hər bir idmançı və məşqçinin əməyini yüksək qiymətləndirməsi ölkəmiz də Olimpiya Hərəkatına müsbət təsir edən amillər sırasındadır. Bildiyimiz kimi, Minskdə keçirilən İkinci Avropa Oyunlarında Azərbaycan millisinin 10-cu yerdə qərarlaşması idmanımızın növbəti uğuru oldu. 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq, komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşdı. Komandamız oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurdu. İdmançılarımıza ayrılan diqqətin daha bir nümunəsi olaraq, Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə, Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzaladı.

Paytaxtımızda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında idmançılarımızın uğurları diqqətdən kənarda qalmadı. Azərbaycan Prezidenti İlham Əliyev "Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə, Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında" Sərəncam imzaladı. İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin bu sahəyə olan marağını artırıb. Kütləvi olaraq bu sahəyə axın var. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğulayıb ki, Mən Milli Olimpiya Komitəsinin Prezidenti və ölkə Prezidenti kimi çox istəyirəm ki, Azərbaycanda idmanla məşğulolma prosesi kütləvi xarakter alsın: "Artıq kütləvilik artır, ancaq istənilən səviyyədə deyildir. Hər bir vətəndaş, hər bir gənc mütləq idmanla məşğul olmalıdır. Çünki ilk növbədə, idman sağlamlıq və sağlam həyat tərzi deməkdir. İdmançıların mütləq əksəriyyəti yüksək insani keyfiyyətlərə malikdir. Eyni zamanda, idman mədəniyyətdir və idmanla məşğul olan insan özünü rahat, çox əmin hiss edir. Biz çalışmalıyıq ki, sağlam gənclər yetişsin. Sağlamlıq məsələlərinin həllində idmanın çox böyük rolu vardır".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə