Azərbaycan-Rusiya münasibətləri regional sabitliyin qorunmasında önəmlidir

Azərbaycan-Rusiya münasibətləri regional sabitliyin qorunmasında önəmlidir

Azərbaycanın dünya dövlətləri ilə müxtəlif sahələrdə iqtisadi, siyasi, sosial əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər qarşılıqlı maraq əsasında qurulub və əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Bir çox dünya dövlətləri ilə yanaşı, Azərbaycanla Rusiya arasında olan münasibətlər də qarşılıqlı anlaşmaya, dostluq və yaxın qonşuluq meyarlarına söykənir. Dövlətlərarası imzalanan müqavilələr və sazişlər bunun əyani təzahürüdür. Azərbaycanla Rusiya arasında münasibətlər, əlaqələr yüzillikləri əhatə edir və bu iki ölkəni tarixi, siyasi, mədəni əlaqələr birləşdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Bizim münasibətlərimiz prinsipcə çox dinamik inkişafla, sabitliklə, davamlı olması ilə səciyyələnir. Biz mehriban qonşu və etibarlı dostuq. Bu, dəfələrlə sübut olunub və budur, bu yüksək etimad səviyyəsi, ilk növbədə, həm də siyasi qarşılıqlı fəaliyyət bir çox layihələrin həyata keçirilməsinə kömək edir".

Müasir Azərbaycan dövlətinin qurucusu və banisi, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra, bir çox sahələrdə olduğu kimi, Azərbaycanla Rusiya arasındakı münasibətlərdə də geriləmələr və gərginliklər tədricən aradan qaldırılmağa başladı. Azərbaycan-Rusiya münasibətlərində yeni inkişaf mərhələsinin əsası qoyuldu. Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərinə önəm verərək, bu təməlin daha da möhkəmlənməsinə nail olub. Azərbaycan Prezidentinin Rusiya Prezidenti ilə dəfələrlə görüşü qarşılıqlı fəaliyyətin və əlaqələrin hansı müstəvidə olduğunudan xəbər vermiş olur. Rusiya-Azərbaycan münasibətlərinin çox sürətlə inkişaf etdiyini bildirən Cənab Prezident bu görüşlərdən hər birinin nəticə verdiyini qeyd edərək, əmtəə dövriyyəsinin artırılması məsələsinə çox ciddi yanaşıldığını bildirib: "Qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətlərinin inkişafı üzrə yol xəritələri işlənib-hazırlanıb. Mən şadam ki, bu gün həm Azərbaycan, həm də Rusiya sərmayədarları ölkələrimizin iqtisadiyyatına investisiya qoyurlar. Birgə istehsalatlar yaradılması, əmtəə dövriyyəsinin artırılması üçün çox güzəştli şərait yaradılır. Rusiya bankları böyük həcmdə, yüz milyon dollarla Azərbaycanın mühüm sənaye layihələrini maliyyələşdirir. Bu, bizim münasibətlərin, həm də Azərbaycanın, məhz elə ölkə olmasının göstəricisidir ki, burada banklar pul itirməkdən qorxmur. Biz həmişə öz öhdəliklərimizə görə cavab veririk". Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etməsi regional sabitliyin və təhlükəsizliyin qorunub-saxlanması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir.

"RUS DİLİNİ BİLMƏK HƏM TƏLƏBATDIR, HƏM DƏ BİZİM TARİXİ ƏLAQƏLƏRİMİZƏ HÖRMƏT ƏLAMƏTİDİR"

Azərbaycan müstəqillik illərində dövlət dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atıb. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar, cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq, dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşamaları üçün bütün şərait yaradılıb. Bu gün ölkəmizdə rus dilinin öyrənilməsi üzrə iri mərkəzlərdən olan Bakı Slavyan Universiteti fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı açılmışdır, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Səməd Vurğun adına Rus Dram Teatrı var. Rus dilində onlarla qəzet və jurnal nəşr edilir. Rus Pravoslav Kilsəsi rus icmasının mədəni və mənəvi irsinin, adət və ənənələrinin qorunub-saxlanılmasında mühüm rol oynayır. Bu gün Azərbaycanda təkcə rus dilində təhsil verən 340-dan çox məktəb var. Cənab Prezidentin vurğuladığı kimi, üç mindən çox məktəbdə isə rus dili tədris olunur: "Müqayisə üçün deyə bilərəm ki, ölkədə cəmi 4,5 minə yaxın məktəb var. Yəni bizim məktəblərimizin mütləq əksəriyyətində rus dili tədris olunur. 340-dan çox məktəbdə isə tədris rus dilində aparılır və bu məktəblərin sayı artır. Hazırda bizim rus dilini qorumaq üzrə siyasətimiz yaxşı nəticələr verir. Rus dilini bilmək həm tələbatdır, həm də bizim tarixi əlaqələrimizə hörmət əlamətidir".

DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏR QARŞILIQLI HÖRMƏT VƏ DOSTLUĞA SÖYKƏNİR

Bu gün multikultural tolerant ölkə olaraq tanınan Azərbaycanda məktəblərdə rus dilində tədrisin aparılması və rus dilinin tədris olunması ilə yanaşı, Rusiyanın aparıcı ali təhsil müəssisəsi olan Lomonosov adına MDU-nun və Seçenov adına Tibb Universitetinin filialları da fəaliyyət göstərir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da bu münasibətlərin inkişafında xidmətləri kifayət qədərdir. Elə bu yaxınlarda Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif olunub. Mehriban Əliyevanın Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasında "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi maraq doğuran və əhəmiyyətli tədbirlər sırasındadır. Layihə çərçivəsində müsəlman məscidləri ilə yanaşı, xristian kilsəsi də bərpa edilib. Bu cür mühüm layihələr Rusiyada da həyata keçirilir. Elə Moskvadakı Xilaskar İsa Məbədində Azərbaycanın Birinci vitse-prezidentinə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi də bu əməllərdən qaynaqlanır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2012-ci ilin sentyabrında Həştərxanda Rusiya-Azərbaycan Dostluq Körpüsü, 2013-cü ildə Rusiyanın Volqoqrad şəhərində "Volqoqrad-Bakı Dostluq Parkı" istifadəyə verilmişdir. Onu da vurğulayaq ki, ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə layiq görülmüşdü. Daha sonra "İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru" Diplomu və Xatirə nişanı ilə təltif edilib. Bütün bu və ya digər amillər Azərbaycanla Rusiyanın uğurlu əməkdaşlığına nümunədir. Mehriban xanım Əliyeva çıxışlarını birində deydiyi kimi: "Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulur".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə