Rəsədxanada növbəti kosmos yay festivalı keçirilib

Rəsədxanada növbəti kosmos yay festivalı keçirilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) IV “Kosmos yay festivalı" keçirilib. Rəsədxanadan SİA-ya bildirilib ki, düşərgə şəraitində təşkil olunan festivala 50-yə yaxın kosmos həvəskarı qatılıb. ŞAR, Tusi-Bohm Planetarium, Astronomiya klubu, GEO klub və Kosmologiyanın birgə təşkilatçılığı ilə reallaşdırılan tədbirin məqsədi iştirakçıların kosmos haqqında nəzəri və praktiki biliklərinin artırılması olub.

Əvvəlcə ŞAR-ın Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri Ədalət Ətayi festival iştirakçılarını elmi müəssisənin muzeyi ilə tanış edib, buradakı eksponatlar haqqında ətraflı məlumat verib. Sonra iştirakçıların müəyyən edilmiş kamp ərazisindən meşəyə yürüşü təşkil edilib.

Daha sonra rəsədxananın konfrans zalında təşkil olunan tədbirdə Ədalət Ətayi astronomiya elmi haqqında məruzə ilə çıxış edib. O, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Konfransın ardınca ŞAR-ın əməkdaşı Orxan Xəlilov 2 metrlik teleskopun tarixi, iş prinsipi, onun vasitəsilə aparılan elmi-tədqiqat işlərinin nəticələri barədə iştirakçılara məlumat verib.

Düşərgə iştirakçıları, həmçinin rəsədxananın elmi işçisi Səbahəddin Alışovun müşayiəti ilə 70 santimetrlik teleskop vasitəsilə gecə müşahidəsində olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə