Erməni Corci Əli Kərimlinin müdafiəsində

Erməni Corci Əli Kərimlinin müdafiəsində

Son vaxtlar sosial şəbəkədə xeyli fəallaşma olduğunu hamımız bilirik. Əvvəlki yazılarımda da dediyim kimi, bizim əzəli-əbədi müxalifətimizin ikinci bulağı axmağa başlayıb. Yəni əvvəllər xaricdəki qüvvələrdən, guya demokratiyanı inkişaf etdirmək adı altında milyonlar alıb ölkəni qarışdırmaqla məşğul idilərsə, indi vəzifəsinin öhdəsindən gəlməyib, tutduğu postdan xalq üçün deyil, şəxsi mənafeləri üçün yararlanan və sonda vəzifəsindən qovulan eks-məmurlar da başlayıblar bunlara puldan-paradan verməyə. Onlar da aldıqları pulun müqabilində ağalarına hesabat vermək üçün daraşıblar sosial şəbəkələrin canına. Yaz ki, yazasan, de ki, deyəsən...

Bizim, şəxsən mənim bu yazmalara, demələrə heç bir etirazım-flanım yoxdur. Demokratiyanı “deməkratiya” kimi anlayanlardan bundan başqa nəsə gözləməyinə də dəyməz. Amma deyirlər,deyirlər, heç olmazsa, bir az ağıllı desinlər, dediklərinin fərqinə varsınlar, bir az da etika, mədəniyyət deyilən anlayışı unutmasınlar. İndi sizə danışacağım sosial şəbəkə əhvalatı, məhz bunu unudanlardan və nə danışdığını bilməyənlərdən, bir azca da ermənilərdən bəhs edir. Bəli, əhvalat vaqe olur «fasebook» adlanan sosial şəbəkədə. Bir də gördüm, birisi Ə.Kərimlinin şəklini qondurub səhifəyə, başından da dollar yağır. Əvvəl-əvvəl bunu paylaşanın Əlini sevməyən biri olduğunu güman etdim. Amma altındakı şərhi oxuyub, anladım ki, yanılmışam. Bu da elə Əlinin pafoslu sözlərinin təsiri altında olan 25-26 yaşlı, Türkiyədə təhsil alan bir tələbədir. Bu şəkli yayıb və altında da şərh verib ki, ay məmurlar, yanın, görürsünüz Əlinin nə qədər pulu var?

Xeyli fikrə getdim. Balam, məmur niyə yanmalıdı? Hər kəs istiyər ki, bu ölkədə hamının çoxlu pulu olsun, hamı firavan yaşasın, xüsusilə də, məmurlar istəyir bunu. Amma baxır pulu necə qazanırsan. Xülasə, burası məlumdur ki, Əli pulu necə “qazanır”! Odur ki, o barədə danışmayıb, keçirəm mətləbin özünə. Mən də əlimi dinc qoymayıb, bu gəncin şərhinə bir rəy yazdım ki, hər şeyini, hətta ölkəsini satan birisinin pulu niyə də çox olmasın, amma puldan vacib şərəfdir, gərək çalışasan pulu da şərəflə qazanasan. Vəssalam, at getdi, örkən də dalınca. İnsafən, bu şəkli paylaşan mədəni şəkildə mənim rəyimə münasibət bildirdi. Amma birdən ortaya Corci adı ilə səhifə açan birisi düşdü. Bir-iki yazdı, mədəni cavab verdim və onu da mədəni olmağa dəvət etdim. Amma hardan, ermənidə mədəniyyət olur? Sən demə, bu gədə erməniymiş və girib özünə profil açıb, təxribatlarını işə salırmış. Bu erməni dığasını, mənim Əli bəyi tənqid eləməyim necə özündən çıxarmışdısa, başladı bütün yazdıqlarında “f” əvəzinə “p” yazmağa. Biz də belə şeylərdən az-çox anlayırıq axı! O saat bildim ki, bu ermənidir və girib şəbəkəyə. Onun erməni olduğunu anladığımı açıqca yazdım. Cavab vermədi. Sonra, ona “dığa”, “axci” kimi müraciətlər etdim,yenə dinmədi. Sizi bilmirəm, amma mənə kimsə erməni desə, “dığa” desə dözmərəm və ona ən ağır sözlərlə cavab verərəm. Əminəm ki, millətimizin tam əksəriyyəti də mənim kimi edərdi. Amma buna erməni deyəndən, bir-iki də yağlı-fətirli söz yazandan sonra səsini xırp kəsdi. Nə yazdı, nə də bir işarə göndərdi. Bundan sonra yəqin etdim ki, bu profildəki dığaymış və bu barədə həmin şəkli paylaşanla da fikirlərimi bölüşdüm.

Bu əhvalatı yazıb, vaxtınızı almaqda iki məqsədim var. Birincisi, millətimiz ayıq olmalıdır, ermənilər bu vasitələrdən də istifadə edirlər və məqsədləri də məlumdur. İkincisi, ən başlıcası isə, Əliyə və onu müdafiə edənlərə bir mesajdır ki, sizlərin antimilli və antidövlət fəaliyyətiniz düşmənin dəyirmanına su tökməyə xidmət edir. Yəni bu adi həqiqəti də anlamırlarsa, onda onların ermənilərdən nə fərqi?

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə