"Müasir çağırışlar: dini durum və vəzifələr" - VİDEO

"Müasir çağırışlar: dini durum və vəzifələr" - VİDEO

Daşkəsəndə bu mövzuda regional konfrans keçirilib

Bu gün Daşkəsəndə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Daşkəsən rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Müasir çağırışlar: dini durum və vəzifələr" mövzusunda regional konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətinin rəhbər şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin, ictimaiyyət fəalları iştirak ediblər.

Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş "Heydər Əliyev: dəyərlərimizin xilaskarı" sənədli filminin nümayişindən sonra konfransı giriş sözü ilə açan Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək qonaqları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Bildirib ki, son illərdə müstəqil Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutmasında və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə, tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin xidmətləri misilsizdir: "Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin dirçəldilməsinə, o cümlədən, yeni dini məbədlərin inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırır. Dövlət başçısının sərəncamları ilə son illər tarixi dini abidələr, ziyarətgahlar bərpa edilmiş, dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq, silsilə beynəlxalq tədbirlər həyata keçirilmişdir. Ölkəmizdəki tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlar nəticəsində, Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzinə

çevrilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın rəhbərliyi altında fondun maliyyə dəstəyi ilə bir çox məscid və ziyarətgahlarda yenidənqurma və əsaslı təmir-bərpa işləri aparılmışdır. O cümlədən, rayonumuzda yeganə və ilk məscid olan Daşkəsən şəhər Cümə məscidi də Heydər Əliyev Fondu tərəfindən inşa edilərək, rayon dindarlarının istifadəsinə verilmişdir. İslam aləminə göstərdiyi böyük dəstəyə görə Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən də yüksək səviyyədə qiymətləndirilir. Ən əsası da odur ki, Azərbaycanın xarici ölkələrlə münasibətlərinin inkişafında və möhkəmləndirilməsindəki xidmətlərinə görə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ali mükafatlara layiq görülmüşdür. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın doğum günü bir daha mübarək olsun!".

Ə.Abıyev onu da vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə "Heydər Əliyev" ordeni ilə təltif olunmuşdur: "Ölkəmizin ən ali mükafatına layiq görülməsi münasibətilə Şeyxülislam Allahşükür Paşazadəni rayon ictimaiyyəti və şəxsən öz adımdan təbrik edirəm. Ona uzun ömür, möhkəm can sağlığı və xoşbəxtlik arzulayıram".

Ə.Abıyev, onu da vurğulayıb ki, rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən Dini İşlər üzrə Komissiya dini etiqad azadlığı ilə bağlı müvafiq qanunvericiliyin yerlərdə, ərazilərdə düzgün tətbiq edilməsi və icrası ilə bağlı, habelə, milli və dini ayrı-seçkiliyə, Azərbaycana yad olan təriqətlərə qarşı, mütəmadi olaraq, maarifləndirmə işləri aparmışdır: "Rayonda 4 ziyarətgah, 12 pir, bir dini qurum - "Cümə" məscidi dini icması fəaliyyət göstərir. İcma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmişdir. Hal-hazıradək icmanın fəaliyyətində qanunvericiliyə zidd hər hansı bir hərəkət müşahidə olunmamışdır".

Konfransda Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən söz açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən insan hüquq və azadlıqlarına, xüsusilə, vicdan və dini etiqad azadlığının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, cəmiyyətin, o cümlədən, gənclərin milli-mənəvi dəyərlərə sadiq yetişməsinə böyük önəm verilməyə başlanıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Vurğulayıb ki, dövlət başçısı islam dininə, eləcə də, ölkəmizdə tarixən mövcud olan bir çox dinlərə, həmin dinlərlə bağlı müqəddəs məkanlara tarixi, maddi-mədəni irsin bir hissəsi kimi yanaşır, milli-mənəvi dəyərlərin geniş təbliğinə daim dəstək verir. Son illərdə ölkədə 200-dən çox məscid inşa olunub, 80-dən artıq məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılıb.

M.Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu diqqət və qayğının növbəti parlaq nümunəsi kimi səciyyələndirib. O, fondun xətti ilə ölkəmizdə mənəvi dəyərləri təbliğ edən şəxslər qismində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən, rəsmi olaraq, təyinat alan mindən çox din xadiminə maddi dəstək göstərildiyini bildirib.

Ölkəmizdəki dövlət-din münasibətlərinin zəngin milli-tarixi ənənəyə əsaslandığını deyən komitə sədri dövlətimizin din siyasətinin əsas məqsədinin dini etiqad azadlığının təmin edilməsi, dünyəvi dövlətçilik prinsiplərinin qorunub-saxlanılması və dini təəssübkeşliyin dini təkəbbürə, sonra fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınması olduğunu vurğulayıb. İnsanları birliyə, vəhdətə çağıran dinlərin mahiyyətindən uzaqlaşdırılaraq kimlərinsə əlində radikal, ekstremist, xurafat, antimilli formaya çevrilməsinin yolverilməz olduğunu bildirən M.Qurbanlı, bu kimi xoşagəlməz halların qarşısının alınması istiqamətində bütün bölgələrdə kompleks tədbirlərin həyata keçirildiyini söyləyib.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə