Yeni Yasamal rayonunda səyyar qeydiyyat aksiyası keçirilir

Əmlak Məsələləri Dövlət Komitəsinin səyyar qeydiyyat aksiyası avqustun 21-də Yeni Yasamal 2, bina 11 ünvanında keçirilib. Komitədən SİA-ya bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istismarına icazə verilən binalarda qeydiyyat xidmətlərinin göstərilməsi sürətli formada davam etdirilir. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının birbaşa yerlərdə keçirilməsi ilə vətəndaşlar vaxta qənaət edərək daha rahat və intensiv şəkildə mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirir.

Birgirişli, 10 mərtəbəli, 210 mənzilli binanın 131 sakini daşınmaz əmlaklarının dövlət qeydiyyatına alınması məqsədilə ilkin sənədlərini habelə şəxsiyyət vəsiqəsi, maliyyə arayışı, protokoldan çıxarış kimi sənədləri binanın həyətindəki səyyar ofisin əməkdaşlarına təqdim ediblər.

Fərmana uyğun olaraq qeydiyyat xidmətlərinin ünvanlara gətirilməsi bina sakinlərinin vaxt itirmədən, elə ünvanlardaca müraciət etməsinə şərait yaradır, məmnunluğu təmin edir. Bu istiqamətdə xidmətlərin sadələşdirilməsi vətəndaşların geniş formada mülkiyyət hüquqlarından istifadəsinə şərait yaradır, o cümlədən ölkə üzrə rəsmi qeydiyyata alınmış leqal əmlakların sayını artırır.

Kampaniya zamanı bina sakinlərinə daşınmaz əmlakın qeydiyyata alınması ilə bağlı prosedurlar, tələb olunan dövlət rüsumu və xidmət haqqı, o cümlədən xidmətin icra müddəti ilə bağlı məlumatlar verilib, elektron çıxarışın tətbiqi, istifadəsi və üstünlükləri barədə vətəndaşlar maarifləndirilib. Bildirilib ki, mənzilini dövlət qeydiyyatına alınmış hər kəs elektron formada çıxarışla təmin edilir. Belə ki, çıxarış vətəndaşın elektron hökumət portalındakı şəxsi kabinetinə yerləşdirilir, daha sonra isə mülkiyyət sənədi barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir. Göndərilən məlumata çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki daxil edilir.

Qeyd edək ki, 80 MTK üzrə binaların istismarına icazə verilib və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. Ümumilikdə, 4 mindən çox çıxarış hazırlanıb.

Bu həftə Yasamal rayonundakı istismarına icazə verilən binalarda keçirilən kampaniya avqustun 22-də Zahid Xəlilov küçəsi, 586-cı məhəllədə yerləşən ikigirişli, 10 mərtəbəli, 72 mənzilli binada, avqustun 23-də isə Əsəd Əhmədov küçəsi, 5-ci döngə ünvanında yerləşən ikigirişli, 19 mərtəbəli, 176 mənzilli binada davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə