Yanan meşə sahələrində ağaclar əkiləcək

Yanan meşə sahələrinin hamısında payız mövsümündə ağaclar əkiləcək, yanan ərazilərin tez bir zamanda bərpa olunmasına çalışacağıq. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

İ.İbrahimova bildirib ki, dünyanın bir çox yerlərində meşə yanğınları tüğyan edir, nəticədə insan tələfatı baş verir, minlərlə hektar meşə sahəsi insanların səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından məhv olur: "Şükürlər olsun ki, bizdə bu cür genişmiqyaslı yanğınlar baş verməyib, insan tələfatı olmayıb. Amma yenə də bütün vətəndaşları ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına həssas yanaşmağa çağırırıq. Çünki meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, yanğın hadisələrinin çox böyük əksəriyyəti insanların səhlənkarlığı, odla ehtiyatsız davranışı ucbatından və deyərdim ki, bəzi hallarda bilərəkdən, qəsdən törədilməklə baş verir. Bu cür etinasızlıq, yaxud qəsdən yanğının törədilməsi dövlət büdcəsinə milyonlarla zərər vurur. Biz belə halların azalması və ümumiyyətlə baş verməməsi üçün təxirəsalınmaz tədbirlər görürük və bundan sonra da görəcəyik.

Təəssüf ki, bəziləri təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmir və olacaqları düşünmürlər.

2 gündür isti havada gecə-gündüz həyatları bahasına alovun qarşısına çıxıb onu söndürənlərə ən azı AFƏRİN deyirik. Sağ olun. Halal olsun SİZlərə!!!

Meşə sahələri ən qiymətli milli təbii sərvətimizdir. Təbiətin bu qiymətli nemətini qorumaq hər birimizin borcu olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə