Kəlbəcər və laçınlılar rayonlarının işğaldan azad olunmasını tələb edirlər

Kəlbəcər və Laçın rayonu əhalisi rayonlarının işğaldan azad olunmasını və özlərinin dədə-baba yurdlarına qayıtmalarını tələb edirlər. Bu barədə XİN mətbuat xidmətinin rəhbəri Leyla xanım Abdullayeva özünün "tvitter" hesabında məlumat verib. Kəlbəcər və Laçının əhalisinin qayıtması Dağlıq Qarabağ münaqişəsinin praktiki mərhələsinin başlanğıcı ola bilər. Uzun müddətdir ki, praktiki mərhələyə keçid mümkün deyil və müxtəlif mübahisələr gedir. Paradoksal görünsə də, Kəlbəcər və Laçına yerli əhalinin qayıtması ən asan məsələlərdən biridir:

I. Kəlbəcər və Laçın rayonları ermənilər tərəfindən məskunlaşdırıla bilməyib.

II. Azərbaycanın işğal olunmuş digər rayonları ilə müqayisədə Kəlbəcər və Laçında hərbi hissələr yoxdur və kiçik hərbi bölmələr yerləşdirib.

III. Kəlbəcər və Laçın Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşir. Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan, bir müddət öncə, sərhədlərin birgə qorunması təşəbbüsü ilə çıxış etmişdi. A. Davtyanın bu ideyası da Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonunun ərazisində reallaşdırıla bilər. Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər və Laçın ərazisindəki hissəsi bu sərhədin Tovuz-Qazax, Naxçıvan və İran tərəfində olan hissələri ilə müqayisədə az strateji yükə malikdir.

Azərbaycan XİN bu müraciətləri ATƏT MQ-yə göndərə və vasitəçilər sentyabr görüşünə qədər bu müraciətləri təklif formasında tərəflərə təqdim edəcək. Məcburi köçkünlərin Kəlbəcər və Laçına qayıtması ideyasının icrası Azərbaycan və Ermənistanın hər ikisinə tapşırıla bilər. Ermənistan özünün orada qalan kiçik miqyasda olan hərbi hissələrini təmizləyir, Azərbaycan isə əhalinin ora daşınması və təhlükəsizliyi ilə məşğul olur. Təhlükəsizlik məsələsində Azərbaycan ATƏT MQ-nin formalaşmış ideyalarından istifadə edə bilər.

Kəlbəcər və Laçının azərbaycanlı əhali ilə məskunlaşması Ermənistana, onun Dağlıq Qarabağ siyasətinə müsbət təsir edəcək. Ermənistanın Dağlıq Qarabağa neqativ və destruktiv təsiri minimallaşacaq.

ATƏT-in MQ həmsədrləri Azərbaycan tərəfindən verilən və reallaşdırılması çox asan olan bu ideya ilə məşğul olmayacaqsa, o halda, Azərbaycanın Dağlıq Qarabağın Ermənistanla olan kommunikasiyaları bağlamaq imkanını nəzərdən keçirilməlidir. Eləcə də, o da, nəzərə alınmalıdır ki, indi Azərbaycanın artilleriya qurğuları, raketləri hətta Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın və Kəlbəcər arasındakı hissəsini də hərbi təlimlərin coğrafiyasına qoşa bilər.

DAĞLIQ QARABAĞDA "DEMOKRATİYA" ADLI TEATR ŞOUSU BAŞA ÇATIR

Dağlıq Qarabağ erməniləri arasında ciddi narahatlıq var. Siyasiləşmiş sosiumda ciddi müzakirələr, bəzən etiraz aksiyalarına da çevrilir. Amma etiraz aksiyaları Qarabağ erməniləri üçün xarakterik hala çevrilməyib. Yerli hakimiyyət, heç bir irəliləyiş yarada bilməyib. Mahiyyətinə görə yarada da bilməz. Çünki hərbi-quldur rejimdir, məqsədi Dağlıq Qarabağ ermənilərini müəyyən məcrada saxlamaqdır.

Hal-hazırda qondarma Dağlıq Qarabağın keçmiş baş naziri Arayik Arutyunyan birləşdirici faktordur. Baş nazir işlədiyi dövrdə Dağlıq Qarabağa külli miqdarda xaricdən investisiya cəlb edə bilib. Xüsusilə, Livanda güclü dayaqları var idi. Bu layihələr reallaşmadı, pul A.Arutyunyanın bank hesabına oturub.

Siyasi cəhətdən kifayət qədər çevikdir. 5 avqust mitinqinin gur keçməsini o təşkil etmişdi. N.Paşinyanın manerası Dağlıq Qarabağın erməni əhalisinin daxili aləminə uyğun deyil. Paşinyanın çağırışına Dağlıq Qarabağda o qədər adam toplaşa bilməz. Bu, nonsensdir. A.Arutyunyan müəyyən rıçaqlara malikdir və bu mitinqi təşkil edə bildi. Bu mitinqin siyasi ssenarisinin müəllifi də A.Arutyunyan idi. Elə ona görə, B.Saakyanın fitə basılmasına imkan vermədi. Bu funksiyanın icraçısı Ermənistanın Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan idi.

A.Arutyunyan siyasi əlaqələrə malikdir. Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın qohumudur. Bu baxımdan, o, "Əskəran" qruplaşmasına yaxındır. "Əskəran" qruplaşmasında da əsas fiqur qondarma qurumun keçmiş Təhlükəsizlik Xidmətinin rəisi Samvel Balasanyandır. Yeri gəlmişkən, o da vaxtilə prezidentliyə namizəd olub və Dağlıq Qarabağdakı hərbi xuntanın hansı metodlarla işlədiyini çox gözəl bilir.

Beləliklə, Dağlıq Qarabağda baş verənləri bu qondarma qurumda prezident və yaxud hansısa bir rəhbər seçkisinə hazırlaşmaq kimi qəbul etmək düzgün deyil. Əhali sosial narazılığın ifadəsinə- xaosa doğru gedir. Bu aktivlik nəticəsində, bu vaxta qədər Dağlıq Qarabağda qurulmuş teatrallaşdırılmış tamaşanın bütün səhnə dekorasiyaları söküləcək. Dağlıq Qarabağın tərəfdarı olan bir sıra xarici siyasilər də başa düşəcəklər ki, Dağlıq Qarabağda demokratiyadan əsər-əlamət olmayıb.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə