Bu gün Beynəlxalq Evsiz Heyvanlar Günüdür

Bu gün Beynəlxalq Evsiz Heyvanlar Günüdür. Həmin tarix Beynəlxalq Heyvan Hüquqları Cəmiyyəti (ISAR) tərəfindən onların populyasiyasının tənzimlənməsi problemini cəmiyyətə çatdırmaq üçün 1992-ci ildə təsis edilib. SİA “anydayguide.com” saytına istinadla xəbər verir ki, Beynəlxalq Evsiz Heyvanlar Günü hər il avqustun üçüncü şənbə günü qeyd edilir.

Ev heyvanlarının sayının artması bütün heyvan mühafizəsi təşkilatları üçün narahatlıq doğurur. Hər il dünyada milyonlarla it və pişik öldürülür. ISAR bu gün vasitəsilə heyvanların arzuedilməz artımının qarşısının alınması üçün tədbirlər görülməsinin vacibliyini cəmiyyətin diqqətinə çatdırır.

Beynəlxalq Evsiz Heyvanlar Günü hazırda dünyanın 50-dən çox ölkəsində qeyd edilir. Həmin gün bir çox ölkələrdə heyvan müdafiəçiləri müxtəlif tədbirlər keçirirlər.

Azərbaycanda 2017-ci il martın 1-dən etibarən rəsmi olaraq fəaliyyətə başlayan IDEA Heyvanlara Qayğı Mərkəzi əlacsız vəziyyətdə olan bəzi heyvanları yerləşdirməklə yanaşı, sahibsiz heyvanlarla bağlı problemin həllində əsas diqqətini sterilizasiya, xəstəliklərin qarşısının alınması, eləcə də himayə, məsuliyyətli heyvan sahibliyi və heyvanlara humanist yanaşmanın təşviqinə yönəldir. Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq blokları, karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və dükan mövcuddur. Mərkəzin fəaliyyətinin digər bir zəruri sahəsi heyvanlara qarşı humanist davranışın və məsuliyyətli sahibliyin təşviq edilməsi, cəmiyyətdə heyvanların rifahı haqqında maarifləndirmənin artırılması və Azərbaycanda insanların sahibsiz heyvanlara münasibətinin dəyişdirilməsindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə