Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər

Avqustun 16-da Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 100 illiyi münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri, general-mayor Elçin İbrahimov mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, general-mayor Elçin İbrahimov Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əsas təyinatı, dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

E.İbrahimov bildirib ki, dövlət sərhədlərinin bütövlükdə mühafizə altına götürülməsi Azərbaycan sərhədçisi üçün ən böyük amal, ən vacib bir missiyadır. Hazırda Azərbaycan-İran dövlət sərhədinin 132 kilometri, Azərbaycan-Ermənistan dövlət sərhədinin 445 kilometr məsafədə olan hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Eyni zamanda, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən rayonları ərazisindən keçən hissəsində 1992-ci ildən etibarən Azərbaycan Ordusunun hərbi hissə və birləşmələri xidmət aparıblar. Bu baxımdan 2018-ci ilin sonunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ermənistan ilə dövlət sərhədinin mühafizəsinin Azərbaycan sərhədçiləri tərəfindən mühafizə altına götürülməsi barədə qərarı Azərbaycan sərhəd mühafizəsi üçün tarixi əhəmiyyət kəsb edir. Çünki bu qərarla ölkə sərhədlərinin bütövlükdə mühafizə altına götürülməsinin əsası qoyulub. Bu gün fəxr edirik ki, hazırda Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri tərəfindən xidmət təşkil olunub. Həmin ərazidə Azərbaycan Ordusu tərəfindən aparılan xidmətin Dövlət Sərhəd Xidmətinə təhvil verilməsi barədə qərarın qəbul olunması Azərbaycan Ordusunun hərbi birlik, birləşmə və hissələrinin də döyüş qabiliyyətinin yüksəldilməsinə, ehtiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş qabiliyyətinin artırılmasına yönəlib. Hazırda Azərbaycan Ordusu ilə Dövlət Sərhəd Xidməti arasında sıx əməkdaşlıq münasibətləri var. Bu münasibətlər qarşıya qoyula biləcək hər bir tapşırığın yüksək səviyyədə icra olunmasına yönəlib.

DSX-nin Aparat rəhbəri bildirib ki, ötən doqquz ayda şəxsi heyətin döyüş hazırlığı yüksəldilib, təmas xəttində müdafiə sistemi təkmilləşdirilib, strateji əhəmiyyətli bir sıra istiqamətlərdə sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin irəli çəkilməsi təmin olunub. Ötən ilin sonunda həm səngər, həm sərhəd olan bu ərazidə xidmətə başlayan sərhədçilərimiz xidmətə uyğun tikililərdə xidmətə başlamışdılarsa, hazırda hərbi qulluqçularımız üçün ən müasir tələblərə cavab verən 75 sərhəd döyüş məntəqəsi inşa edilərək istifadəyə verilib. İki hərbi hissə kompleksi xidməti döyüş fəaliyyətinə başlayıb. Həmin istiqamətdə DSX tərəfindən görülmüş işlərə, həyata keçirilən xidməti döyüş fəaliyyətinə ən ali qiymət odur ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qərarı ilə bu istiqamətdə DSX-nin Sərhəd Qoşunlarının tərkibində Qazax Əlahiddə Sərhəd Diviziyası yaradılıb.

Vurğulanıb ki, son aylarda həmin ərazilərdə gərginlik müşahidə olunur. Bunun səbəbi Ermənistan silahlı bölmələri tərəfindən törədilən təxribatlar və onların Azərbaycan ərazilərinə doğru hərəkət etmək istəyidir. Bu cəhdlər nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb. Bir sıra istiqamətlərdə strateji əhəmiyyətli yüksəkliklər, yeni mövqelər tutulub. Bu mövqelərin tutulması Ermənistan silahlı bölmələrinin döyüş postlarını və postlara gələn yolları nəzarətdə saxlamaq üçün daha optimal imkanlar yaradıb. Düşmən tərəfinin aramsız atəşi altında mühəndis işləri aparılıb. Bizim sərhəd döyüş məntəqələrinə şəxsi heyətin və nəqliyyatın təhlükəsiz hərəkət etməsi üçün yolların çəkilməsi tapşırıqları uğurla yerinə yetirilib. Bu müddətdə düşmən mövqelərindən mühəndis texnikamıza, yük maşınlarına, hətta hərbi tibb maşınlarına atəş açılıb. Nəticədə iki hərbi qulluqçumuz yaralanıb. Təxirəsalınmaz təxliyə tədbirləri nəticəsində onlar xilas edilib və hazırda sağlamlıqları üçün heç bir təhlükə yoxdur. Düşmənin döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulub.

Elçin İbrahimov deyib: “Dövlət Sərhəd Xidməti yaradıldığı gündən - 2002-ci ildən indiyədək dövlət sərhədinin pozulması hallarına qarşı mübarizə sahəsində Azərbaycan sərhədçiləri tərəfindən 10 min 989 sərhəd pozucusu, 160 min 428 nəfər rejim pozucusu və 37 min 789 nəfər axtarışda olan şəxs saxlanılıb. Bu dövrdə külli miqdarda qaçaqmalın, o cümlədən 6 ton 372 kiloqram narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

DSX silahlı struktur qurumdan əlavə, həmçinin hüquq-mühafizə orqanı, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini yerinə yetirən orqandır. Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində Xidmət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunan 18 nəfər və əlaqədə şübhəli bilinən 86 nəfər Azərbaycan, 24 nəfər xarici vətəndaş müəyyən edilib, terrorçuluq fəaliyyətində iştirakı təsdiq olunan 91 şəxs saxlanılıb, 388 nəfərin şəxsiyyəti müəyyən edilib. Ümumiyyətlə, bu illər ərzində dövlət sərhədinin pozulması, xüsusəndə qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 150 mütəşəkkil cinayətkar dəstə müəyyənləşdirilərək DSX-nin əməkdaşları tərəfindən zərərsizləşdirilib. Bu gün Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər.

Sonra E.İbrahimov jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə