İcra hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib - FOTOLAR

İcra hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib - FOTOLAR

Bu gün Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Təzəkənd kəndində sakinlərin növbəti səyyar qəbulunu keçirib. SİA-nın verdiyi məlumata görə, kənd sakinlərini salamladıqdan sonra icra başçısı giriş nitqi ilə çıxış edib.

Əhəd Abıyev bildirib ki, səyyar qəbulda Prezident Administrasiyasının məsul işçisi hörmətli Arif Novruzov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edir: "Onların iştirakı ilə avqust ayı üçün nəzərdə tutulmuş yerlərdə səyyar qəbulların qrafikinə uyğun olaraq görüşə gəlmişik. Ölkə rəhbərinin tapşırığına əsasən keçirilən hər bir səyyar görüşdə olduğu kimi, bugünkü görüşümüzün də əsas məqsədi siz kənd sakinlərini narahat edən məsələləri müəyyən etmək və onların həlli istiqamətində əməli işlər görməkdir".

İcra hakimiyyətinin başçısı qeyd edib ki, yerində həlli mümkün olan məsələlər operativ şəkildə həll ediləcək, ehtiyac gəldiyi halda isə aidiyyəti üzrə baş idarə və nazirliklər qarşısında qaldırılacaqdır: "Bu gün ölkəmizin hər bir bölgəsi günü-gündən inkişaf edir, abadlaşır, yeniləşərək müasir görkəm alır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən çox uğurla aparılan siyasətin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl prinsiplər üzərində quraraq uğurla həyata keçiririk. Bugünkü görüşümüz də bunun bariz nümunəsidir. "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planında Daşkəsən rayonu üçün də icrası nəzərdə tutulmuş məsələlər vardır. Belə ki, Gəncə-Daşkəsən avtomobil yolunun 27-ci kilometrliyindən başlayan Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun asfalt örtüyünün və körpülərin yenidən qurulması işləri davam etdirilir. Daşkəsən, Quşçu və Quşçu körpüsü qəsəbələrinin, Bayan kəndinin qazlaşdırılmasının, Qaraqullar, Xoşbulaq, Qabaqtəpə, Bayan kənd, Daşkəsən şəhər N. Nərimanov adına 3 nömrəli və S. Vurğun adına 4 nömrəli tam orta məktəblərin əsaslı təmirinin, Zinzahal və Çanaqçı kəndlərində modul tipli tam orta məktəblərin tikintisinin artıq hər birimiz şahidiyik və bu tikintilər davam etdirilir.

Daşkəsən rayonunda 220 nəfər işsiz rayon sakinin işlə təmin olunmasına, sosial yardımların verilməsinə, rayonda aparılan abadlıq-quruculuq işlərinə görə ölkə başçımız cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk".

Ə.Abıyev bildirib ki, bu gün kəndlərdə sosial sahələrin inkişafı, əhalini narahat edən problemlərin yerində həlli məqsədi ilə keçirilən səyyar qəbullarda qaldırılan məsələləri nəzarət qaydasında həll edirik: "Çünki dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".

Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edərək Prezident İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarların, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin xalqımız tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandığını vurğulayıb.

Arif Novruzov qəbul olunan dövlət proqramlarının icrası nəticəsində bütün regionlarda həyata keçirilən abadlıq-quruculuq işləri barədə də geniş məlumat verib. Həmçinin bildirib ki, kəndlərin sosial-iqtisadi inkişafı sahəsində davamlı tədbirlər həyata keçirilir. Belə ki, hətta ən ucqar dağ kəndlərinə müasir yollarının çəkilməsi, yeni məktəb binalarının tikintisi, mərhələ-mərhələ qazlaşma işlərinin aparılması, elektrik, su təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilir. Bütün bunlar əhaliyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Sonra vətəndaşlar dinlənilib. Görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alınıb. Müraciətlər kənd yolunun asfaltlaşdırılması, qaz xəttinin çəkilməsi, mobil rabitənin keyfiyyətinin yaxşılaşdırılması və digər şəxsi məsələlərlə bağlı olub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib.

Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə