"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan iyirmi səkkizinci həyət istifadəyə verilib
Azərbaycanda aparılan abadlıq və quruculuq işləri, yeni layihələrin icrası ölkəmizin sürətli inkişafını əsaslandıran amillərdəndir. Bu inkişaf ölkəmizin beynəlxalq aləmdə nüfuzunu ildən-ilə artırır, dünyanın müxtəlif qitələri ilə münasibət quran Azərbaycanın söz sahibinə çevrilməsinə səbəb olur. İstənilən sahədəki nailiyyətlər Azərbaycan məfhumunu dünyaya daha da yaxınlaşdırır. Heydər Əliyev Fondunun da həyata keçirdiyi layihələr öz məzmunu, ideyası baxımından Azərbaycan reallıqlarına xidmət edir və geniş sferanın əhatəliyi, əhəmiyyəti baxımından önəmlidir. Fondun Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə həyata keçirdiyi genişmiqyaslı proqram və layihələrinin nəticəsi olaraq xarici ölkələrin fondları ilə əməkdaşlığı genişlənir, xalqlararası münasibətlər möhkəmlənir. Heydər Əliyev Fondu tərəfindən bir sıra dost dövlətlərdə nümayəndəliklərin yaradılması bu əlaqələrin genişlənməsinə təkan verir. Fondun Türkiyə, Rusiya və bir sıra başqa ölkələrdə nümayəndəliklərinin yaradılması və fəaliyyəti bu əlaqələrin möhkəmlənməsində bilavasitə rola malikdir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın həyata keçirdiyi layihələr iki ölkə arasında münasibətlərin inkişafında xüsusi əhəmiyyət kəsb edir.
"Baku" jurnalının təsisçisi, "Xocalıya ədalət" kampaniyasının təşəbbüskarı, İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri, Ümumrusiya Azərbaycanlılar Konqresi Mərkəzi Şurasının Rəyasət Heyətinin üzvü olan Leyla Əliyeva bu və ya digər statusları ilə həyata keçirdiyi layihələr real fəaliyyətinin göstəricisidir. Qeyd edək ki, gördüyü işlər dünya miqyasında cavabsız qalmır. Onun təltifləri bu fikri deməyə əsas verir. Belə ki, Nyu-Yorkun humanitar aksiyalarında fəal iştirakına görə "Key to Life" fəxri mükafatına layiq görülüb. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq işində xidmətlərinə görə, "Tərəqqi" medalı ilə təltif edilib. Ətraf mühitin mühafizəsi üzrə VII Beynəlxalq Layihə Olimpiadasının Təşkilat Komitəsinin idarə heyəti tərəfindən "Ekoloji mühitin qorunmasına görə" fəxri fərmanla təltif edilib. Dünyada aclığa qarşı mübarizəyə, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılmasına, sağlam ərzaq sistemi yaradılmasına verdiyi töhfəyə görə 2015-ci ilin may ayında Leyla xanım BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı Səfiri adına layiq görülüb. Onun çoxsaylı təltifləri sırasında "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni də var. Rusiyanın Azərbaycanlı Gənclər Birliyi kimi ictimai təşkilatının sədri olan Leyla Əliyeva öz ismi ətrafında yüksək fikir formalaşdırmağa nail olub. Leyla xanım, həqiqətən də, ölkələr arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi üçün böyük işlər görür. Beynəlxalq aləmdə millətlərarası münaqişələr yaşandığı dövrdə Azərbaycanın sülh və əmin-amanlıq istəyini dünyaya göstərə bilir. BMT radiosuna verdiyi müsahibəsində belə deyir:"Heydər Əliyev Fondu mənim ictimai fəaliyyətə öz töhfəmi vermək üçün böyük imkan deməkdir. Hesab edirəm ki, Azərbaycan gənclərinin hər bir nümayəndəsi bu işə müəyyən dərəcədə öz töhfəsini vermək istəyir. Əlbəttə, əgər fayda verə biləcək bir iş görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm".
Ölkənin reallıqlarını ictimai fəaliyyəti ilə Azərbaycan sərhədlərindən kənarda yaşadan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı irimiqyaslı layihələri əsasında böyük uğurlara imza atır. Daim corafiyasını genişləndirmək ideyasını gerçəkləşdirən qurumun bu gün azərbaycanlı gənclər klubları Moskvada və Sankt-Peterburqda deyil, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və digər regionlarda fəaliyyətdədir. Gənclərin həyatının bütün istiqamətlərini müəyyən edən qurum Rusiya gənclərini, o cümlədən, ölkədə yaşayan Azərbaycan gənclərini Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə getdikcə daha yaxından tanış edir. Bütün bunlarla yanaşı, ardıcıl olaraq, həyata keçirdiyi layihələr onun fəaliyyət istiqamətinin genişləndirilməsini əsaslandıran faktorlardır. Qurumun "Xocalıya ədalət", "Qanın milləti yoxdur", "Sağlamlığına əmin ol - xəstəliyə "YOX" de" və digər müxtəlif məzmunlu layihələri təkcə Moskvanı deyil, RF-nin regionlarını da əhatə edir. Mövcud layihələrin gerçəkləşməsinin nəticəsi olaraq, mədəni-maarif və sosial-ictimai sahələrdə vətəndaşlıq şüurunun inkişafına təsirini göstərməkdədir. Belə layihələrin həyata keçirilməsi RAGT-ın uğurlarının, onun beynəlxalq proseslərə inteqrasiyasını sürətləndirir. Dünya dövlətlərinə inteqrasiyada maraqlı olan qurum sivilizasiyaların və mədəniyyətlərin yaxınlaşmasına, beynəlxalq gənclər dialoquna, habelə, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə doğru addımlarını davam etdirir. Bütün bu cəhdlər öz nəticəsini verir.
Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq kampaniyasının təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr sırasında planetimiz üçün əhəmiyyətli olan amillər də diqqətdə saxlanılır. Leyla Əliyeva "Biz hamımız Planetimiz üçün məsuliyyət hiss etməliyik" deməklə, ətraf mühitin mühafizəsi, planetimizin üzləşdiyi ekoloji təhlükənin aradan qaldırılmasının vacibliyini diqqətdə saxlayıb. İDEA-nın reallaşdırdığı layihələr sırasında "Bir planet - bir gələcək", "Böyük Qafqaz beşliyi" və s. əhəmiyyətlidir. Belə ki, "Böyük Qafqaz beşliyi" əsasında yox olmaq təhlükəsi ilə üzləşən beş heyvan növü müəyyən edilib. Bunlar ayı, qartal, canavar, ceyran və Qafqaz bəbiridir. İDEA bu problem barəsində Azərbaycan və dünya ictimaiyyətini maksimum məlumatlandırmağı və yox olmaq təhlükəsi qarşısında olan növlərin qorunub-saxlanması üçün konkret layihələr həyata keçirib. İDEA-nın "Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et!" devizi ilə ağacəkmə aksiyası çərçivəsində Eldar şamı, kiparis, Şərq çinarı və digər ağaclar əkilib. İDEA "Eko Ev" adlı layihəsi çərçivəsində isə enerji istehlakını azaldan, tullantıları utilizasiya edən və s. ekoloji amilləri nəzərə alan tədbirlər reallaşıb. Müasir dövrümüzdə artan enerji istehlakı və bununla əlaqədar atmosferdə karbon qazının miqdarının çoxalması ozon qatında dəliyin yaranmasına, böyüməsinə səbəb olur. Bu problem də Yer kürəsinin gələcəyi üçün çox böyük fəsadlar törədə bilər. İDEA Ətraf Mühit Kampaniyası "Atmosferin çirklənməsi ilə mübarizə üsulları" mövzusunda təşkil olunuan interaktiv seminar da bu məqsədlə baş tutub.
Görülən işlərin davamı olaraq, bu günlərdə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə növbəti həyət sakinlərin ixtiyarına verilib. Ümumi sahəsi 1,4 hektar olan həyət Binəqədi rayonu, Abay Kunanbayev küçəsi 3, 3A, 5/13, 5B, 5V, 5A/15 və Süleyman Sani Axundov küçəsi 15/1 ünvanlarında 2650 nəfər sakinin yaşadığı beşmərtəbəli yeddi binanı əhatə edir.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə süni örtüklü mini-futbol və basketbol meydançaları, müxtəlif idman qurğuları və uşaqlar üçün 3 oyun meydançası salınıb. Eyni zamanda, ərazidə 5 söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb, həyətdəki xeyir-şər evi əsaslı təmir olunub və bütün avadanlıqlarla təmin edilib.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar və plastik pəncərələr quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ağac, gül kolları əkilib və 3 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.
Binəqədi rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində paytaxtımızda abadlaşdırılan iyirmi səkkizinci həyətdir.Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.
Bu gün Ulu Öndərin ideyalarını yaşadan və təbliğ edən Heydər Əliyev Fondu Heydər Əliyevin irsini, ilk növbədə, mədəniyyətlə, humanitar inkişaf, elmlə bağlı ideyalarını inkişaf etdirməyə çalışaraq layihələrin reallaşmasına müvəffəq olur. Beynəlxalq miqyasda milli dəyərlərimizin, adət və ənənələrimizin təbliğinə nail olur. Azərbaycandan kənarda belə missiyanı üzərinə görürüb, onu həqiqətə çevirmək nə qədər məsuliyyətli iş olsa da, bir o qədər də şərəflidir. RAGT milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılayaraq Ulu Öndər Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib-hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə önəm yetirir. Rusiyanın müxtəlif regionlarında aktual mövzularla bağlı təşkil olunun konfrans və seminarlar, məhz bu məqsədə xidmət göstərir. Dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub- saxlanılmasına dəstək olan RAGT fəaliyyətini birmənalı olaraq davam etdirməkdədir.
Göründüyü kimi, Azərbaycandan kənarda iri məzmunlu layihələrin əsasında bəşəriyyətə humanizm dəyərlərini əxz etmək, dinindən, dilindən asılı olmayaraq qeyri-millətləri dialoqa cəlb etmək kimi qlobal məhiyyət kəsb edən məsələlərin icrasında özünü təsdiqləyən fondun Rusiya nümayəndəliyi həyata keçirdiyi layihələri ilə əməli fəaliyyətini davam etdirir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB