Tolik millət vəkilinin onun haqqında dediyi fikirlərə aydınlıq gətirdi

Tolik millət vəkilinin onun haqqında dediyi fikirlərə aydınlıq gətirdi

Bəzi saytların yazdığına görə, Milli Məclisin deputatı Tahir Rzayev aparıcı-prodüser Tarix Əliyev (Tolik) haqda qərəzli fikirlər səsləndirib. Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini də öyrənmək istədik. SİA-ya açıqlama verən Tolik bunları deyib: "Tahir müəllimlə barəmdə dediyi fikirlərə görə özü ilə telefon əlaqəsi saxladım. O, həmin sözləri mənə şamil etmədiyini bildirdi. Eyni zamanda da T.Rzayev ağsaqqalımızdır. Etik normalara görə, özümdən böyük insan haqda sərt sözlər demək istəmirəm.

Onu da xüsusi ilə qeyd edim ki, 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. YAP-ın bütün tədbirlərində yaxından iştirak edən prodüserəm. Pirallahı rayon təşkilatının tədbirlərində fəal iştirakıma görə Fəxri fərmana layiq görülmüşəm.

Qazaxıstan-Azərbaycan diplomatik əlaqələrinin 25 illiyi ilə bağlı keçirilən tədbirin təşkilatçısı olmuşam. Yeni Azərbaycan Partiyasının xətti ilə Xalq artisti Brilliant Dadaşova, əməkdar artist Elnarə Abdullayeva ilə birgə bir çox xarici ölkələrdə konsert proqramları ilə çıxış etmişik. YAP Gənclər Birliyinin təşkil etdiyi tədbirlərdə aktiv iştirakıma görə mükafatlar almışam. Xeyriyyə addımlarım da göz qabağındadır. Belə ki, vaqonda yaşayan ailəyə dostlarımın da yardımı ilə ev tikdirirəm. 100-ə yaxın uşağı sünnət etdirmişəm".

Qeyd edək ki, bəzi saytlarda Milli Məclisin deputatı Tahir Rzayev bəzi aparıcılar haqqında belə açıqlama vermişdi: "Əqidəsini dəyişmiş adamların Yeni Azərbaycan Partiyasına üzv olması qadağan edilməlidir. Son illər Azərbaycan televiziya kanallarının efirlərində və internet mediasında cinsi azlıqların nümayəndələrini də görmək olur. Bu düzgün tendensiya deyil. Belə şəxslərə böyük efirlər də verilir, onlar veriliş aparırlar. Bu şəxsləri cəmiyyətə buraxmaq olmaz. Eyni cinsdən olan adamlar guya demokratiya adı altında Azərbaycana lazım olmayan təbliğat aparırlar. Əgər bu cür adamlar Azərbaycanın efir məkanlarına da ayaq aça biliblərsə, deməli efir məkanını idarə edən şəxslər yerində deyillər. Onlar bu cür şəxslərə imkan verməməlidir.

Bizim milli mentalitetimiz var. Həmin hallar isə milli mentalitetimizə ziddir. Bu cür hallarla bağlı efir məkanlarına, sosial şəbəkələrə nəzarəti gücləndirmək lazımdır. Axı Tolikin YAP-da nə işi var? Bəlkə Tolikin başı xarab olub, onun ətrafına baxılmalıdır. Şəxsən onunla eyni partiyada təmsil olunmaq mənə pis gəlir. Sabah Toliklə partiyanın təşkil etdiyi hər hansı tədbirdə üz-üzə gəlsəm, əlbəttə ki, bundan pis olaram.

Bəzi insanların efirlərə o şəkildə çıxmasının və danışmasının qəti əleyhinəyəm. Çünki onlara bizim övladlarımız, cavanlarımız baxırlar. Onların hərəkətləri cəmiyyətimizə də ziddir. Ümumiyyətlə, bu cür adamları efirlərə buraxmaq olmaz. Onlar cəmiyyətə fayda verə bilməzlər".

Bütün xəbərlər Facebook səhifəmizdə