“Gənc Heydərçilər” yay istirahət düşərgəsində maraqlı tədbirlər keçirilir

“Gənc Heydərçilər” yay istirahət düşərgəsində maraqlı tədbirlər keçirilir

Nəsimi rayon İcra Hakimiyyətinin Müdafiə Nazirliyi ilə birgə layihəsi olan “Gənc Heydərçilər” yay istirahət düşərgəsində məktəblilərin istirahətləri üçün maraqlı və yaddaqalan tədbirlər təşkil edilib. Düşərgədə idman yarışları, mədəni-tarixi yerlərə ekskursiyalar təşkil edilib, uşaqlar arasında futbol, voleybol, şahmat, dama və digər idman yarışları keçirilib, qaliblər müəyyən edilib. “Gənc Heydərçilər” həmçinin intellektual yarışlarda da öz biliklərini sınamışlar. Keçirilən bilik və idman yarışları düşərgədə uşaqların istirahətini daha maraqlı və yaddaqalan edib.

Düşərgə iştirakçılarının Qusar və Xaçmaz rayonlarına, o cümlədən Şahdağ Qış - Yay Turizm Kompleksinə, Quba şəhərində yaradılmış “Soyqırım Memorial Kompleksi”-nə ekskursiyaları da təşkil edilib. Aparılan ekskursiyalar və gəzintilər düşərgə uşaqlarının dünyagörüşünün artmasına, onların Azərbaycanın tarixi və mədəniyyəti haqqında biliklərinin artmasına xidmət edib.

Düşərgədə məktəblilər üçün maraqlı konsert proqramı da təşkil edilib. Konsertdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin istedadlı tələbələri vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.

Həmçinin məktəblilərin Qubanın yaşıl meşələrinə də maraqlı gəzintilər təşkil edilib. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Qubanın Qəçrəş kəndində məktəblilər üçün əyləncəli tədbir- samovar çayı, dadlı şirniyyat süfrəsi təşkil edilib. Məktəblilərin istirahətləri milli rəqslərimizlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə