“Təəssüflər olsun ki, çox vaxt həkimlər düzgün müalicə aparmır”-MÜSAHİBƏ

“Təəssüflər olsun ki, çox vaxt həkimlər düzgün müalicə aparmır”-MÜSAHİBƏ
"Leykemiya ilə mübarizə" İctimai Birliyinin sədri Mehriban Bağırovanın SİA-ya müsahibəsi:

- İlk öncə xəstəlik haqqında məlumat verərdiniz. Ölkədə bu xəstəliyin əhatəsi nə dərəcədə genişdir?

- Leykemiya qan yaradıcı sistemin şiş xəstəliyidir. Cəmiyyət arasında ağ qanın qırmızı qanı yeməsi kimi tanınır. Bunun müalicəsi bütün dünya üzrə var. Dünyanın bir çox ölkələrində bu xəstəlikdən 95% tam müalicə olunmaq olar. İctimai birliyin məlumat bankında 192 uşaq qeydiyyatdan keçib. Onlardan 1-6 yaş arası 141 nəfər, 7-14 yaş isə 51 nəfərdir. 192 nəfər yalnız bizim ictimai birlikdə qeydiyyatdan keçən uşaqlardır. Ancaq bəzi uşaqlar ayrı-ayrı ölkələrdə müalicə alır və onlar ictimai birlikdə qeydiyyatdan keçməyib. Əsas amillərdən biri stress hesab olunur. Stress immun sistemini zəiflədir və bunun nəticəsində ulkogen artır. Hər bir insan ulkogen daşıyıcıdır. Ulkogenin artması nəticəsində isə uşaq leykemiya xəstəliyinə tutulur.
Daha çox 1-6 yaşlarda rast gəlinir. Ancaq son illərdə 12-13 yaşlı uşaqlar arasında da çoxalıb. Əvvəllər ayda 1-2 uşaq müraciət edirdisə, bu gün həftədə 1 uşaq bununla bağlı müraciət edir. Deməli, leykozlu uşaqların sayı artır. Mən düşünürəm ki, ölkədə leykozlu uşaqlar 200-dən çoxdur.
Hər bir rayondan leykozlu uşaq var. Demək olmaz ki, hansısa rayonda azır, digərində isə çoxdur. Əsas çoxluq isə Bakıda əhatə olunur. Çünki Bakıdan kənarda heç bir müalicə aparılmır. Sümük iliyinin müalicəsi yalnız Bakı şəhərindəki Hemotologiya və Transfuziologiya İnstitutunda aparılır. Müalicə zamanı uşaq hər həftə müalicədən keçməli və iynəsi vurulmalıdır.

- Xəstəliyin müalicəsi ayda nə qədər vəsaitə başa gəlir. İnsanların bu xəstəlikdən qorxması və ya həkimə gec müraciət etməsinin səbəbləri nədir?

- Xəstəliyə çəkilən xərc uşağın xəstəliyə meylliyindən asılıdır. Elə uşaqlar var ki, onların fəsadları qorxuludur və onlara kimyaterapiya tətbiq edilir, eləsi də var ki, vəziyyəti yüngüldür və sadəcə olaraq iynəyə ehtiyacı olur. Ümumilikdə, onların müalicəsi 500-600 manat tutur. Çox vaxtı valideynlər həkimı müraciət edirlər. Ancaq təəssüflər olsun ki, çox vaxt həkimlər düzgün müalicə aparmır. Çünki çox vaxt həkimlər başqa diaqnoz qoyurlar və müalicənin də keyfiyyəti olmur. Həkimlər özləri bilməlidir ki, əgər hemoqlabin düşübsə, solğunluq varsa, hərarət yüksəkdirsə, o mütləq hemotoloqa müraciət etməlidir. Hemotoloq öz rəyini verdikdən sonra müalicəyə başlanmalıdır.

- Xəstəliyin ilkin fəsadları nədir, valideynlər hansı hallarda mütləq həkimə müraciət etməlidirlər?

- İlk növbədə solğunluq, hərarət, limfaların şişməsi, dalağın şişməsi, qan azlığı, ayaqda, boğazda ağrılar olduqda xəstə mütləq hemotoloqa müraciət etməlidir. Əgər həkim doğrudan da yaxşı mütəxəssisdirsə, qanın analizindən biləcək ki, bu xəstədə nə ola bilər. Amma bunun daha ətraflı bilmək üçün hemotologiyada sümük iliyi yoxlanmalıdır. Bundan sonra tam dəqiq analiz qoyulur.

- Bu problemlər məşğul olan yeganə təşkilatsınız. Təşkilatınız neçənci ildən fəaliyyət göstərir, məqsəd və vəzifələriniz nədən ibarətdir?

- Bizim təşkilat 2006-cı ildən fəaliyyət göstərir. Əsas məqsəd leykozlu xəstələrə köməklik göstərmək və onların dərdlərinə şərik olmaqdan ibarətdir. Bu gün xəstə uşaqlara və onların valideynlərə həm maddi, həm də mənəvi dəstək lazımdır.

- Sonda bu sahədə mövcud olan problemlərin həll olunması istiqamətində arzu və istəkləriniz?

- Ötən gün leykozlu uşaqların valideynlərinin iştirakı ilə tədbir keçirdik. Burada valideynlərin fikirləri və təkliflərinə əsasən bəyanat hazırladıq. Bu bəyanat bu gün prezidentə məktub şəklində göndərildi. Biz istərdik ki, leykozlu uşaqların müalicəsi üçün Uşaq Hemotologiya Mərkəzi yaradılsın, xəstələrin sonrakı mərhələdə reabilitasiyası təşkil olunsun, leykozlu uşaqların müalicəsi üçün münbit şərait yaradılsın. Ən mühüm məsələ isə xəstələrin dərman preparatları ilə təmin olunmasıdır. Bundan əlavə, Azərbaycanda bu sahəni bilən savadlı həkimlər cəlb olunsun, xəstəxanada sanitar qaydalara, təmizliyə riayət olunsun və lazımi dərmanlar pulsuz verilsin. İnanırıq ki, yaxın gələcəkdə prezidentimizin bu işə diqqət və qayğısı sayəsində bu sahədəki mövcud problemlər də həll olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə