Prezident İlham Əliyev: "Altı ayda Azərbaycan iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub"
Əvvəlki illərdə olduğu kimi, 2019-cu il də uğurlu və mühüm hadisələrlə əlamətdar oldu. İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə də dövlət başçısı bu ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin həyata keçirildiyini və ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu bildirib. Dövlət başçısı bu ilin altı ayında iqtisadiyyatın, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının artdığını vurğulayıb.
İqtisadiyyatın yüksələn göstəriciləri
Dövlət başçısı iqtisadiyyatın yüksələn göstəricilərini açıqlayaraq bildirib ki, ən sevindirici göstərici qeyri-neft sənayesindədir: "İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, "SOCAR-Polymer" zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır".
Ölkə başçısı kənd təsərrüfatının inkişafını, eləcə də, ticarət dövriyyəsinin artdığını vurğulayaraq, bu sferalarda da yüksək göstəricilərin əldə edildiyini bildirib: "Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə, bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar və kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək.
Ticarət dövriyyəmiz də kifayət qədər artıb - 20 faizdən çox. Qeyri-neft ixracımız 15 faiz artmışdır. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Bu da, yaxşı göstəricidir, əhalinin gəlirləri 6,6 faiz artmışdır. Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artmışdır, yəni plandan əlavə yığılmışdır və bu da, aparılan islahatların təzahürüdür".
Önəmli addımlar, uğurlu nəticələr...
Dövlət başçısı, həmçinin, bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafına həsr olunan dördüncü Dövlət Proqramının qəbul olunduğunu, həm elektrik enerjisi, həm qazlaşdırma, həm də içməli su sahələrində gözəl nəticələrin əldə edildiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev yol infrastrulturu ilə bağlı görülən işlərdən danışaraq, büdcə daxilolmalarının, eyni zamanda, valyuta ehtiyatlarının artdığını, manatın məzənnəsinin sabit qaldığını da qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, bu, müsbət haldır: "Bu, inşaat materialları sektoruna da müsbət təsir göstərir, iş yerlərinin açılması üçün şərait yaradır. Onu da bildirməliyəm ki, ilin əvvəlindən 60 min yeni iş yeri açılmışdır. Onların bir hissəsi dövlət sektorunda açılmışdır. Biz bunu, ona görə edirik ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə ödənişli ictimai iş yerlərinin yaradılması istiqamətində önəmli addımlar atılıb və təxminən, 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılıbdır. Yəni bu, bizim sosial sahədə gördüyümüz işlərdir. Buna görə bu iş yerləri açılır ki, vətəndaşlar işlə təmin olunsunlar. Ancaq hamımız yaxşı bilməliyik ki, özəl sektor iş yerlərinin yaradılmasına öz töhfəsini daha böyük həcmdə verməlidir. Özəl sektorun nümayəndələri ilə aparılan işlər nəticəsində, biz bu sahədə də artım görürük. İqtisadi canlanma, əlbəttə ki, iş yerlərinin yaradılmasına da gətirib çıxarır. Çünki bu, daimi proses olmalıdır".
"Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini sevinclə qeyd etmişik. Bu, bizim böyük sərvətimizdir"
Dövlət başçısı getdikcə əhalinin artığını deyərək bildirib ki, bu böyük sərvətimizdir: "Bizim əhalimiz artır. Müstəqillik dövründə əhalimiz təxminən 3 milyon nəfər artıb. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini sevinclə qeyd etmişik. Bu, bizim böyük sərvətimizdir, amma digər tərəfdən, onu deməyə əsas verir ki, biz daim iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq. Sosial infrastrukturun yaradılması ilə məşğul olmalıyıq, nəqliyyat sahəsində əlavə tədbirlər görülməlidir ki, artan əhali, vətəndaşlar özlərini rahat hiss etsinlər, işlə təmin olunsunlar. Bir daha demək istəyirəm ki, bu, daimi prosesdir. Çünki Azərbaycanın uğurlu inkişafı, sənaye sahəsində, iqtisadi sahədə inkişaf əhalinin artımına, bilavasitə təsir edən amildir və biz buna daim hazır olmalıyıq".
"Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"
Dövlət başçısı cari ilin əvvəlindən çox böyük sosial islahatlar aparıldığını qeyd edərək, bildirib ki, bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir: "Bildiyiniz kimi, bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımlar atılmışdır - minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən, 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da, çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır. Biz əlavə gəlirlərimizin, demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən, 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir. Bir sözlə, bütün iqtisadi göstəricilər, onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik".
Bütün bunlar, məhz İlham Əliyev Cənablarının, hər zaman olduğu kimi, sözü ilə əməlinin tam üst-üstə düşməsinin reallığıdır. Və ölkə Parezidenti İlham Əliyev Cənablarının dediyi kimi: "Hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB