Son təxribatlar Nikolun kürsüyə "əlvida" deməsini tezləşdirə bilər
Cari ilin iyul ayının 28-29-da Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatlar, bu təxribatların Azərbaycan tərəfindən cavab atəşi ilə susdurulması, nəticədə, erməni əsgərlərinin ölümü işğalçı ölkədə vəziyyəti daha da gərginləşdirib. Belə ki, əsgər analar övladlarının ölümü ilə bağlı Paşinyana qarşı etiraz aksiyaları təşkil edərək, istefa verməsini tələb edirlər.
Erməni mətbuatının yazdığına görə, etirazların ardı-arası kəsilmir. Əyalətlərdə narazılıqlar pik həddindəir. Aclıq, səfalət içində yaşayan bölgə sakinlərinin işsizlik, sosial-məişət qayğıları, vəziyyəti daha da gərginləşdirib. 1 il əvvəl vətəndaşlara müxtəlif vədlər verməklə, hakimiyyətə gələn Nikol Paşinyan özü belə problemlərin öhdəsindən gəlməkdə aciz qaldığını etiraf edir. Ermənistan özünün ən ağır, acınacaqlı günlərini yaşayır. Məmur özbaşınalıqları da sakinlərin səbrini tarıma çəkib. Bunun nəticəsində işğalçı ölkənin 494 kəndlərindən yarısından çoxu boşalıb.
Paşinyanın uçuruma sürüklənən yararsız konsepsiyası
Politoloqlar ölkədə yaranmış bu vəziyyətin əsas günahkarı Paşinyanın hazırkı konsepsiyasının yararsız olmasında görür. Politoloq Qabil Hüseynli bildirir ki, ümumiyyətlə Ermənistan ordusu deyilən nə ordu olub, nə də ordu sahəsində mütəxəssisi: "Məhz 2016-cı il aprel savaşı Ermənistan ordusundakı böyük qüsurları ortaya çıxartdı və hakimiyyətə gələn Nikol Paşinyan da bu qüsurları etiraf etmək məcburiyyətində qaldı. Ermənistanın təhlükəsizlik konsepsiyası 2007-ci ildən bu yana dəyişdirilməyib. Yeni konsepsiyanın ana istiqamətlərini Paşinyanın yeni təyin etdiyi Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təqdim edib".
Politoloqun sözlərinə görə, erməni cəmiyyəti müharibə və itki istəmir: "Ona görə də, Paşinyanın təlimatıyla hazırlanan təhlükəsizlik konspesiyasının 3 ana maddəsində cəmiyyəti sakitləşdirmək üçün müharibə istisna edilir. Ancaq bunun reallaşdırılması mümkün deyil. Çünki "müharibə istəməmək" tək bir tərəfdən asılı olan məsələ deyil. Əgər qarşıdakı ordu növbəti hücum əməliyyatı planlaşdırırsa, döyüşə girməlisən. Ona görə də, Ermənistan hökumətinin böyük ümidlərlə hazırladığı yeni təhlükəsizlik konsepsiyasının işlək və uzunömürlülüyü işğal faktına son qoyulmasından və bunun əsasında Azərbaycanla sülh sazişi imzalamasından keçir. Əlbəttə ki, işğalçı ölkədə bu qəbildən sosial-iqtisadi problemləri Dağlıq Qarabağ konflikti, blokada problemi çözülmədən aradan qaldırmaq mümkün olmayacaq. Ermənilərin xaricə köçünün bir səbəbi də həlli uzanan münaqişə və müharibə vəziyyəti, orduda baş alıb gedən özbaşınalıqlardır".
Bir sıra təhlilçilərə görə, ölkə daxilində sosial-iqtisadi sahədə hələ də sanballı uğurların gözə dəyməməsi, immiqrasiya əvəzinə, emiqrasiyanın güclənməsi, son vaxtlar isə hökumətə qarşı, üstəlik, açıq etirazların baş qaldırması və ilk dəfə etirazçıların qanının tökülməsi Paşinyan iqtidarını, istər-istəməz, ictimai diqqəti daxildəki problemlərdən yayındırmaq zorunda qoyur. Ənənəvi olaraq, xarici düşmən faktorunu qabartmağa sövq edir. Burada isə "köməyə", necə deyərlər, əl altındakı "Qarabağ kartı" gəlir.
Ermənistan hakimiyyətində aqressiv ritorika
Ermənistan hakimiyyətinin aqressiv ritorikası ekspertlərin də diqqətindədir. Məsələn, "PolitRus" informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov ehtimal edir ki, Nikol Paşinyanın başçılıq etdiyi indiki Ermənistan hakimiyyəti ölkədəki iqtisadi problemlər fonunda münaqişə zonasında vəziyyəti bilərəkdən kəskinləşdirə bilər. Onun sözlərinə görə, Paşinyanın sələfləri son 20 ildə Ermənistan cəmiyyətini Azərbaycan əleyhinə əhval-ruhiyyəyə kökləyib. "Paşinyan hakimiyyətə gələndə, ümid var idi ki, o, Qarabağ klanı ilə əlaqəsi olmadığı və liberal yönlü insan olduğuna görə, gərginliyi azaltmaq siyasətinə başlayacaq."
V.Arkov onu deyir ki, Paşinyan və komandasının vədlərinə baxmayaraq, ölkədə sosial-iqtisadi vəziyyət getdikcə pisləşir: "Hələ orta əsrlərdən bəllidir ki, belə olan halda, öz uğursuzluqlarının səbəbini xarici düşməndə axtarmaq, bəzən isə, müharibəyə başlayaraq, iqtisadiyyatdakı problemləri müharibənin üzərinə atmaq lazımdır. Söhbət ərazilərin tədricən, əvvəlcə yeddi və ya beş rayonun qaytarılmasından gedir. Lakin biz bilirik ki, "Paşinyan layihəsi" Qərb yönümlüdür. Qərb isə Rusiya və Türkiyənin Qafqazda güclənməsini istəmir. Əgər İrəvan əraziləri qaytarsa, burada Ankaranın da xidməti olacaq".
Erməni baş nazir Azərbaycan hesabına özünə "xilas kəməri" axtarışında
"İrəvanın bütün bəyanatları, qoşunların təmas xəttindəki təxribatları Azərbaycanı cavab tədbirlərinə sövq etməyə yönəlib. Ermənistanda isə bunu təcavüz adlandıracaqlar. İrəvana hazırda irimiqyaslı olmayan, 2016-cı ilin aprel döyüşləri tipində müharibə çox lazımdır. Ermənistan tərəfi yenidən özünü qurban elan edəcək. Paşinyan üçün isə bu, xilas variantıdır" deyə rusiyalı analitik V.Arkov əlavə edib.
Beləcə, erməni baş nazir Azərbaycan hesabına özünə "xilas kəməri" axtarır. Əslində Paşinyan və komandası da daxil olmaqla, bütövlükdə, erməni toplumunun qurtuluşu, xilası, məhz elə Azərbaycanla bağlıdır. "Böyük xilas kəməri" də Bakıdadır. Onu əldə etməyin yolu məlum: heç bir şərt irəli sürmədən yad torpaqlardan işğalçı qoşunları geri çəkmək, vaxt itirmədən qonşu Azərbaycan və Türkiyə ilə anlaşmaq. Əks-təqdirdə, heç şübhəsiz, Azərbaycan mini-müharibə ilə kifayətlənməyəcək...".
Təəssüf doğuran isə, odur ki, hələ də Nikol Paşinyan bu sahədə bir addım belə irəli gedə bilmir. "Küçə demokratı" nə yalan vədlərə, nə də populist çıxışlara son qoyur. Nəticədə, düşmən təxribatı erməni ordusunda itkilərin sayını sürətlə artırır.
Təəssüf doğuran odur ki, Ermənistanın baş naziri Paşinyan populist çıxışları və savadsız siyasi baxışları ilə, elə zənn edir ki, bu yolla nəyəsə nail ola biləcək. Bu isə, bir daha göstərir ki, düşmən ölkə Azərbaycana işğala son qoymaq üçün savaş yolundan başqa bir yol buraxmır. İndiyə qədər Azərbaycan tərəfi gözləyirdi ki, beynəlxalq qurumların təzyiqi ilə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqlarla bağlı öz "siyasətində", danışıqlar prosesində daha konstruktiv mövqe tutacaq. Amma, bu baş vermir. Əksinə, yeni rəhbərlik də əvvəlki rəhbərlər kimi, qeyri-konstruktiv mövqe nümayiş etdirir, təxribatlara əl atır. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağla bağlı öz qətiyyətini və ciddiliyini ortaya qoyaraq, bir daha xəbərdarlığını edir.
Artur Kazinyan: "Paşinyanın addımları onun siyasətdə hələ çox naşı olduğunu göstərir"
Erməni ekspert Artur Kazinyan da bildirir ki, Paşinyanın addımları Qarabağ məsələsində kövrək sülhü təhlükə altında qoyub və savaş istənilən an başlana bilər: "Paşinyanın addımları onun siyasətdə hələ çox naşı olduğunu göstərir və təəssüf ki, belə vəziyyətdə Qarabağ savaşı yenidən təkrarlana bilər. Amma ötən əsrin 90-cı illərindən fərqli olaraq, indi vəziyyət bizim lehimizə deyil. İstər hərbi, istərsə də diplomatiya sahəsində. Azərbaycan bölgədə mövqelərini xeyli gücləndirib. Üstəlik, Rusiya və Türkiyə də Azərbaycanın yanındadır. Ermənistan isə tək qalıb və bu durumda Qarabağ müharibəsinin yenilənməsi bizə müsbət nəsə vəd etmir".
Erməni mətbuatının yazdığına görə, ölkədə yaranmış ağır durumla bağlı erməni ekspertləri bildirirlər ki, hər şeyin bir sonu olduğu kimi, Paşinyanın da oyunbazlığının sonunun zamanı gəlir: "Paşinyan min-bir hiylə ilə hördüyü corabın toruna özü düşüb. Ölkə fəlakət durumundadır. Repressiv şərait, ağır sosial-iqtisadi durum üzündən ölkəni tərk edənlərin sayı sürətlə artır".
Modest Kolerov: "Nikol Paşinyan ən axmaq və sadəlövh siyasi proseslərdən xəbərsiz küçə "demokratıdır"
Siyasi politoloq Modest Kolerov deyib ki, N.Paşinyan "ən axmaq və sadəlövh siyasi proseslərdən xəbərsiz küçə "demokratıdır". Paşinyan açıqcasına, utanmadan, heç nə gizlətmədən bütün məhkəmə sisteminə təzyiq edir, öz şəxsi problemlərinə görə, bütün məhkəmə sistemini dəyişmək məqsədi güdür". O, fikirlərinə davam edərək bildirib ki, bununla N.Paşinyan "siyasi motivi olan məhkəmə diktaturası" yaradır və R.Koçaryanla hesablaşmaq istəyir. Baş verən proseslər də bunu sübut edir. Baxın, N.Paşinyan R.Koçaryanın həbsdən buraxılması prosesinə mane olmur, lakin ondan dərhal sonra hay-küy salır. Belə görünür ki, bu prosesi, ona görə təşkil ediblər ki, Ermənistanda ikinci siyasi dalğa yaransın. Bununla N.Paşinyan, birincisi, növbəti dəfə sosial-iqtisadi çətinliklərin günahını əvvəlki iqtidarın boynuna qoymağa çalışır. Yəni demək istəyir ki, "baxın, mən ədalətli olmağa, xalq üçün işləməyə çalışıram, islahatların aparılmasına cəhd edirəm, ancaq bu lənətə gəlmiş əvvəlki iqtidarlar bütün planları pozur. İkincisi, Dağlıq Qarabağ məsələsinin Ermənistanın xeyrinə həll edilməsinə mane olan əvvəlki iqtidarın "DQR"-dəki adamlarıdır. Onlar xəyanətkardırlar. Çünki torpaqların bir hissəsini Azərbaycana güzəşt etmək istəyirlər. Deməli, münaqişə hazırda Dağlıq Qarabağda oturan separatçılar vəzifələrindən gedəndən sonra həll edilə bilər.
Üçüncüsü, N.Paşinyan göstərmək istəyir ki, Ermənistanda islahatların genişləndirilməsində maraqlıdır. İndi N.Paşinyan bu görüntünü yaradıb, Avropadan pul qoparmağa cəhd edir. Lakin həmişə olduğu kimi, əli ətəyindən uzun gəlir və istəkləri daşa dəyir".
Politoloq bildirir ki, Ermənistanda hansısa islahatların və ya inqilabın "ikinci və ən əsas mərhələsi"ndən söhbət gedə bilməz: "Məhz yaranmış bu situasiya onu sübut edir ki, artıq erməni cəmiyyətində qütbləşmə dərinləşir. Biz o dərəcədə hər şeyə şübhə etməyə və dəyərsizləşdirməyə vərdiş etmişik ki, istənilən sağlam düşüncə xəncər-bıçaqla qarşılanır və şübhə altına alınır".
Bütün bu aspektlərin yekunu belədir: erməni lider hara gedirsə, özü ilə ancaq söz, boş vədlər, saxta tarix aparır və oradan da ancaq söz alıb qayıdır. Onu müasir erməni siyasətinin "söz taciri" adlandırmaq olar. Yeri gəlmişkən, görünür, bu xüsusiyyət ona əcdadlarından, yəni özündən əvvəlki Ermənistan rəhbərlərindən qalıb.
Bu yerdə rusiyalı ekspert Aleksandr Duqinin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının boşaldılması öncə, "beş rəqəmi" ilə bağlı dediklərini bir daha vurğulamaq yerinə düşər. Aleksandr Duqinini işğal olunan beş rayonun boşaltmasının zəruri olduğunu bildirib: "Bundan sonra nizamlama prosesinin növbəti mərhələlərinə keçmək olar"
Qeyd edək ki, digər ekspertlərin də fikirlərini xatırlatmaq olar. Ekspertlərin hamısının bir ortaq fikri var: "Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çəkməlidir. Burada reallıq aydın görünür. Rəsmi Yerevan nə qədər söz hoqqabazlığı etsə də, ondan indi hər kəs, zəbt etdiyi ərazilərdən silahlı quldur dəstələrini çıxarmağı tələb edir. Bu, Ermənistanın, təcavüzkar olaraq, Azərbaycanın işğal etdiyi ərazilərindən çıxmasından ibarətdir".
Göründüyü kimi, Ermənistanda hərc-mərcliyin, uçuruma gedən yolun münaqişənin hələ də həll edilməməsinin başlıca səbəbkarı Paşinyan kimi küçə "demokratlarının" siyasi savadsızlığı və sadə bir həqiqəti dərk edə bilməməsi ilə birbaşa bağlıdır. Bunu dərk etmək çətin olmasa da, N.Paşinyan anlamaq istəmir. Çünki müstəqil böyük güclərin, erməni lobbisinin əlində oyuncaqdır. Qondarma gedişlər etməklə, itirməkdə olan siyasi imicini möhkəmləndirməyə çalışır.
Lakin anlamalıdır ki, ən əsas çıxış yolu işğalçı erməni silahlılarını Azərbaycan ərazilərindən çıxarmalıdırlar.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB