Azərbaycan diplomatiyası qarşısında Paşinyanın məğlub iqtidarı TƏHLİL
Absurd iddia: ziddiyyətlər məngənəsində sıxılan Nikolun röyası
Son günlər quduzlaşmış Ermənistan Azərbaycana qarşı təxribatlar törədir, danışıqlar prosesində Paşinyan sələflərinin ənənələrinə sadiq qalaraq status-kvonun saxlanılmasına, münaqişənin dondurulmasına çalışır. Ən gülünc məqam isə, erməni cəmiyyəti həmin bu sərsəm küçə "demokratını" hakimiyyət gətirərkən müəyyən real dəyişikliklərə ümid edirdi. Proseslər günbəgün göstərir ki, onlar yenə yanılırlar. Yeni hakimiyyət də əvvəlkilər kimi reallığı ört-basdır etməklə, hər hansı müsbət bir nəticə əldə etmək xülyası ilə fəaliyyət göstərir. Bu, həm daxili sosial-iqtisadi vəziyyətin ağır olaraq qalmasında, həm də Ermənistan-Azərbaycan münaqişəsinin həllində özünü göstərir. Ermənistan rəhbərliyi ənənəvi absurd mövqeyi ilə özünün durumunu daha da ağırlaşdırır, eyni zamanda, münaqişənin danışıqlar yolu ilə həllini mürəkkəbləşdirməkdə davam edir. Buna beynəlxalq ictimaiyyətin reaksiyası getdikcə artır. Bir sıra ekspertlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazisini tərk etməsindən başqa yolun olmadığını açıq vurğulasalar da, Paşinyan təxribatlara əl atmaqla ölkədə baş verən daxili vəziyyəti ört-basdır etməyi ən real çıxış yolu hesab edir. Və bu sadə həqiqəti dərk etməyə erməni siyasi şüuru qabil deyil.
Faktların təhrifi: kazimirovların zavallı durumu və reallıqlar
Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi perspektivi ilə bağlı ekspertlərin analizləri bu gün də davam edir. Nikol Paşinyanın Dağlıq Qarabağdakı terrorçu-separatçıların da müzakirələrdə müstəqil tərəf kimi iştirak etmələri məsələsini gündəmə gətirməsi ilə bir sıra çətinliklər meydana çıxmışdı. Ancaq Azərbaycan rəhbərliyinin prinsipial və qətiyyətli, beynəlxalq hüquq normalarına və beynəlxalq təşkilatların sənədlərinə əsaslanan mövqeyi sayəsində Ermənistanın bu süni hoqqası da baş tutmadı. Təbii ki, bundan Ermənistanın yeni hökuməti çox pis vəziyyətə düşdü. Bu vəziyyətdən çıxmaq üçün də müəyyən manevrlər etməkdədir.
İndi maraqlı bir mərhələ başlayıb. Konkret olaraq, beynəlxalq ictimaiyyət N.Paşinyanın bu absurd, qərəzli, birtərəfli, Ermənistanın təcavüzkarlığına haqq qazandırmağa xidmət edən "təklifini" qiymətləndirməkdədir. Rusiyada, Avropada, ABŞ-da ekspertlər və siyasətçilər həmin mövzu ilə bağlı fikirlərini ifadə edirlər. Onların hamısını bir məqam birləşdirir: danışıqların formatını dəyişmək mümkün deyildir!
Ancaq təəccüblüdür ki, bəzi "siyasətçilər" və "ekspertlər" təcavüzkarın bu təklifinə haqq qazandırmağa cəhd edirlər. O cümlədən, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədrlərindən olan Vladimir Kazimirov həm erməni işğalına haqq qazandırmağa çalışır, həm də Dağlıq Qarabağdakı xunta rejiminin danışıqlarda iştirak etməsinin zəruri olduğu haqqında sərsəm tezislər irəli sürür. Bu zaman, o, hətta adi diplomatik etiketdən belə kənara çıxaraq, Azərbaycanın işğala qarşı savaş aparmasını "aqressiya" adlandırmağa cəhd edir.
Bunula yanaşı, başqa bir maraqlı fakt da N.Paşinyanın Rusiya mətbuatına Ermənistan-Rusiya münasibətləri ilə bağlı verdiyi müsahibədə Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirakı məsələsini yenə də qabartmağa çalışmasıdır. Belə ikiüzlülük və yalançılıqla ən kiçik münaqişəni belə həll etmək mümkün deyil. Bütün dünya bilir ki, Ermənistan havadarlarının birbaşa yardımı ilə Azərbaycan torpaqlarını işğal edib və münaqişə həmin məqamdan başlayıb. Bu səbəbdən, onun həllinə işğalçıların zəbt etdikləri torpaqlardan qeyd-şərtsiz çəkilmələri ilə başlamaq olar. Çünki reallıqda Ermənistana iri sərmayə qoyan yoxdur və bu kvaziölkənin heç bir dəyərli proyekti yoxdur. Təbii ki, belə bir vəziyyət insanlardan indiki hakimiyyətə inamsızlığı artırır. Bu səbəbdən də, N.Paşinyan iqtisadiyyatda edə bilmədiyi populizmi münaqişə ilə bağlı etməyə cəhd göstərir.
Buradan sadə bir məntiqi nəticə alınır: Ermənistanın problemin həlli ilə bağlı təsəvvürləri ilə reallıq arasında dərin bir ziddiyyət mövcuddur. Belə ki, nə edirsən et, reallıq budur: təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssalam!
Süni yaranan Ermənistanın siyasəti də süni faktorlara dayanır
Bu, real faktordur. Ermənistan necə süni yaradılıbsa, onun siyasəti də süni faktorlara dayanır. Əslində, burada qeyri-adi bir şey də yoxdur. Əvvəlki liderlər kimi, N.Paşinyan da savdsız düşüngəyə malikdir. Guya Ermənistan küçə hərəkatı ilə siyasi, mənəvi, ideoloji, diplomatik və mədəni simasını qəfil dəyişib. Ekspertlərin sözlərinə görə, son illərə kimi, Rusiyanın vassalı olan kütlə birdən demokratiyanın və sivilizasiyanın aparıcı mövqeyinə çıxıb. Deməli, ekspert dairələrinin də dəridən-qabıqdan çıxaraq, Paşinyan hakimiyyətini tərif etmələri reallıqda Ermənistanın yeni vassal olmaq xəttini təbliğ etməkdən başqa bir şey deyildir.
Qabil Hüseynli: "Paşinyan yaxın anlarda erməni xalqının əli ilə də hakimiyyət kürsüsünə gətirildiyi kimi, o yolla da küçəyə atılacaq: "Belə bir misal var, "meymunun boğazına su çatanda, balasını ayağının altına alar". Görünən odur ki, aclıq və səfalət içində çırpınan erməni xalqı elə bir vəziyyətə çatdı ki, kütləvi şəkildə küçələrə axışaraq, hakimiyyətə qarşı aksiyaların keçirilməsi də bunu bir daha sübut edir. Paşinyan Qarabağ separatçılarından və ölkəsindəki Qarabağ klanından qorxduğu üçün hər dəfə belə edir. Separatçılar Paşinyana etibar etmirlər. Ona görə də, atəşkəsi zaman-zaman pozurlar. Proses elə il ərzində belə də davam edəcək".
Paşinyan nə istəyir: sülh, yoxsa müharibə?
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinə dair mövqeyinin ondan əvvəlki hakimiyyətlərin yürütdüyü siyasətlə müqayisə edilməsini istəmir. O, son vaxtlar apardığı kadr islahatları və Azərbaycan Prezidenti ilə intensiv qeyri-rəsmi görüşləri fonunda tez-tez səslənən "sülh əvəzinə ərazilər" tezisi ilə bağlı erməni cəmiyyətində və ekspert dairələrində yaranan narahatlığa münasibət bildirərkən belə deyib.
Erməni politoloqları da bildirirlər ki, ölkədə yaranmış kritik vəziyyətə səbəb Paşinyanı sərsəm danışmağa sövq edir. Ümumiyyətlə, real vəziyyəti təhlil edən ekspertlərin, demək olar, hamısının mövqeyi bundan ibarətdir ki, Ermənistanın bir dövlət olaraq mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Azərbaycan torpaqlarını işğal altında saxlayıb, qonşu dövlətlərə ərazi iddiası irəli sürmək isə erməni dövlətinin gələcəyini təhlükəyə salır. Bu baxımdan, Ermənistanda vəziyyətin düzəlməsinin əsas şərtlərindən biri və ən başlıcası Yerevanın öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmasıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir.
"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq"
Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə bildirib ki, xarici siyasətimizdə ərazi bütövlüyümüzün təmin edilməsi prioritet istiqamətdir. Və münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirib və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan edib: "Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi və hüquqi torpağı ondan ayrılsın. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir. Azərbaycan bütün dünya tərəfindən tanınan öz ərazi bütövlüyünü bərpa edəcək".
Qeyd edək ki, dövlət başçısı dəfələrlə xəbərdarlığını edib və bildirib ki, bu şəraitdə Paşinyan hökuməti cəbhə təxribatlarına getməkdə davam edərsə, onda Azərbaycan daha sərt tədbirlər görməli olacaq. Bir məqamı dönə-dönə vurğulamaq lazımdır ki, tarixi aprel qələbələrindən sonra Ermənistan hökumətindən fərqli olaraq, bu ölkənin cəmiyyəti hadisələrin qeyd olunan səpkidə inkişafından ciddi narahatdır. Xüsusilə, əsgər analarının narahatlığı və növbəti dəfə aprel döyüşlərinin təkrarlanması qorxusu erməni cəmiyyətində Paşinyana qarşı yeni etirazlara rəvac verir. Çünki bütün erməni ictimaiyyəti Azərbaycan Ordusunun qüdrətinə yaxından bələddir.
Ermənistanın xilası Azərbaycanın əlindədir
Ötən dövr, çox aydın şəkildə göstərir ki, Azərbaycanla normal münasibətlər yaratmadan Ermənistanın bir dövlət olaraq, mövcudluğunu davam etdirməsi mümkün deyil. Bunu Ermənistanın istər əvvəlki, istərsə də bugünkü dövlət başçısı yaxşı anlayır.
Bir sözlə, acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan, necə deyərlər, Ermənistanı iflasdan-iflasa sürükləməkdədir. Nə qədər ki, Ermənistan Azərbayanın işağal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi, siyasi mərhumiyyətlərə və məşəqqətlərə düçar olacaq.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB