Jurnalist qadınların həyatına həsr edilən “Zərif imzalar” kitabı təqdim olunub

Jurnalist qadınların həyatına həsr edilən “Zərif imzalar” kitabı təqdim olunub
Bu gün Azərbaycan Qadın Jurnalistlər Assosiasiyası (AJQA) və "Azercell Telekom" MMC-nin birgə layihəsi olan "Zərif imzalar" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimatda ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel, millət vəkilləri Məlahət İbrahimqızı, Musa Qasımlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov və bir sıra tanınmış mətbu orqanların rəhbərlikləri iştirak edib.

Təqdimatda ilk olaraq çıxış edən Qadın Jurnalistlər Assosiasiyasının prezidenti Sevil Yusifova bildirib ki, kitabda 150-ə yaxın qadının həyatından bəhs edən məlumatlar toplanıb və toplu 2 dildə oxucuların ixtiyarına verilib: "Milli mətbuat tarixində ilk dəfədir ki, jurnalist qadınlar haqqında iki dildə belə bir ensiklopedik kitab işıq üzü görüb. Kitab milli mətbuatımızın ağır yükünü zərif çiyinlərində daşıyan jurnalist qadınların həyatına həsr edilib. Oxucu ensiklopedik xarakterli kitabda ayrı- ayrı tanınmış simaların fəaliyyətləri, intellektləri, peşə sahəsində əldə etdikləri uğurları ilə tanış olmaq imkanı əldə ediblər. Kitabın orijinallığı odur ki, kitabda məlumatlar kiçik həcmli oçerklər kimi verilib".

Kitabın hazırlanmasında əsas məqsədin Azərbaycanın ziyalı xanımlarını ölkədən kənarda tanıtmaq olduğunu deyən AJQA-nın rəhbəri: "Eyni zamanda kitabı hazırlayanlar topluda gənclərə örnək olan xanımların yüksəlişə aparan fəaliyyət yollarını təsvir etməklə onların milli ruhda böyüməsi və tərbiyələnməsində bir vasitədir", - deyə əlavə edib.

Daha sonra ATƏT-in Bakı ofisinin rəhbəri Ali Bilge Cankorel vurğulayıb ki, jurnalist qadınlarına həsr olunan belə kitabın çap olunması sevindirici haldır: "Qadınların cəmiyyətdə rolunun nə qədər böyük olduğunu nə yazmaqla, nə də ki, deməklə olmaz. Çünki qadın cəmiyyətdə öz sözünü layiqincə deyən şəxslərdəndir. Qadın fəaliyyətinin bu cür vasitə ilə göz önünə çıxartmaq yüksək qiymətləndirilməlidir. Hesab edirəm ki, bu toplu qadın jurnalistlər haqqında nəşr olunan ilk kitab deyil".

Millət vəkili M. İbrahimqızı: "İnanıram ki, bu kitabın köməyi vasitəsi ilə öz taleyini jurnalistikaya həsr etmək niyyətində olan gənc jurnalistlər özlərinə seçdikləri kumirləri ilə tanış olacaq və onları yaxından tanımaq, peşəsində öz yolunu cızmasında böyüklərin təcrübəsindən yararlanmasına yardım edəcək",- deyə bildirib.

Tədbir bir çox tanınmış şəxslərin kitab haqqındakı dəyərli fikirləri ilə davam edib.

Məlumat üçün bildirək ki, kitabın tərtibçisi AJQA-nın prezidenti Sevil Yusifova, baş redaktoru Şəhla Bayat, redaktoru Musa Nəbioğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə