Məhəmməd Vəliyev: “Əfqanıstan veteranlarından 17 nəfər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Qəhrəman adına layiq görülüb” - AÇIQLAMA

Məhəmməd Vəliyev: “Əfqanıstan veteranlarından 17 nəfər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Qəhrəman adına layiq görülüb” - AÇIQLAMA

Bu gün sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 22 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, "Azərbaycan Əfqanıstan Veteranları" İctimai Birliyinin təşkil etdiyi tədbirdə çıxış edən Birliyin sədri Məhəmməd Vəliyev bildirib ki, 1979-1989-cu illər ərzində müharibədə Azərbaycandan 7500 nəfər iştirak edib. Onlardan 208 nəfəri həlak olub, 7 nəfər isə itkin düşüb, ümumilikdə 10 il ərzində Əfqanıstanda sovet ordusu 14700 nəfər itki verib. Müharibədə ümumilikdə 416 irimiqyaslı əməliyyat keçirildiyini deyən Birliyin sədri qeyd edib ki, Əfqanıstan müharibəsi veteranları sonradan Azərbaycanın ərazi bütövlüyünün qorunmasında qəhrəmancasına vuruşub və ordunun qurulmasında yaxından iştirak edib.

 

M.Vəliyev söyləyib ki, Əfqanıstan veteranlarından 17 nəfər sonradan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Qəhrəman adına layiq görülüb. M.Vəliyev 20 ildir ki, yaranan Birliyə dövlət tərəfindən hər cür qayğının göstərildiyini deyib. Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçıları şurasının yanında ekspedisiya qrupunun yaradıldığını diqqətə çatdıran Birliyin sədri bu qrupun Əfqanıstan müharibəsində itkin düşənlərin tapılması üçün çalışdığını bildirib: "Bu işə kifayət qədər maliyyə vəsaiti lazımdır. Sevindirici haldır ki, Azərbaycan hökuməti də qrupun işində iştirak edir".

 

M.Vəliyeb bildirib ki, 15 Fevral tarixinin Azərbaycandan kənarda döyüşən vətəndaşların günü kimi qeyd edilməsi üçün dövlət başçısına müraciət hazırlayıb.

 

Tədbirin sonunda Birliyin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə yazılan "Azərbaycan-Ermənistan münasibətlərinin tarixi" adlı kitabın təqdimatı olub. Kitabın rus və ingilis dillərinə də tərcümə olunduğu diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə