Uşaq dünyaya gəldikdən sonra ən çox müzakirə olunan məsələlərdən biri adın qoyulmasıdır. Bir çox hallarda bu prosesin hətta körpələr dünyaya göz açmamışdan öncə başlandığını desək yanılmarıq. Bəzi ailələr nənə-baba adlarına, bəziləri bəyəndikləri, bir çoxları dini, müəyyən qisim isə serial və ya xarici qəhrəmanların adlarına üz tutaraq işlərini bitmiş hesab edirlər. Son statistik rəqəmlər də dediklərimizin doğru olduğunu bizə deməyə əsas verir. Belə ki, Ədliyyə Nazirliyinin statistik məlumatlarına da nəzər yetirdikdə son dövrlərdə uşaqlara qoyulan adlar içərisində Türkiyə seriallarından götürülən adların çoxluğunun şahidi oluruq. Bəs görəsən körpələrimizə adı necə seçməliyik?
Ad qoyarkən valideynlərin üzərinə düşən məsuliyyət...
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev bildirib ki, Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s) hədisində də qeyd olunur ki, valideynin övladı qarşısında məsuliyyətindən biri də ona yaxşı, gözəl ad qoymaqla bağlıdır: “Biz övladlarımıza xoş təsir bağışlayan adlar qoymağa çalışmalıyıq ki, həmin ad uşaqlarımızın gələcək həyatına da müsbət təsir etsin. Son dövrlərdə qoyulan adlar içərisində dini adların qoyulması tendensiyasının çoxaldığını görürük. Xüsusilə də dindar insanlar bu mühitdə məşhur olan İslam xəlifələrinin, alimlərin, imamların, Peyğəmbərin qız övladlarının adlarının qoyulmasına üstünlük verirlər. Təbii ki, dinimizdə belə adların qoyulması mütləq deyil. Əvvəllər Quran açıb ad qoymaq kimi ənənə də var idi. Müqəddəs kitabımızda bir çox yerlərdə Kafirun ( Kafir), Mürtəd və digər bu kimi bəyənilməyən sözlər var. Bu o demək deyil ki, həmin söz çıxardısa, bu adı qoymaq lazım idi. Bundan başqa Sovetlər Birliyi dövründə bir çox insanlar övladlarına, traktor, kombayn, kolxoz kimi adlar qoyurdular ki, sonradan bu adları daşıyan uşaqlar mənəvi baxımdan sıxılmalar yaşayıb. Bu baxımdan biz övladımıza gələcək həyatında utanc gətirən, bəyənilməyən adları qoymamalıyıq”.
Azərbaycanlı “xarici qəhrəmanlar” necə doğulur?
Övladlarımıza xarici qəhrəmanların adlarının verilməsinə təəssüfünü bildirən Fond rəsmisi söyləyib ki, hansı dövrdə nə məşhurlaşırsa, o dövrdə doğulan uşaqların adları da ona uyğun qoyulur:
“Əgər bir müddət bundan öncə Braziliya serialları məşhur idi və çoxları uşaqlarına orada əks olunan qəhrəmanların adlarını qoyurdusa, hazırda türk seriallarına olan marağın artması, övladlarımıza qoyulan adlara da yansıyır. Bir neçə il öncə hər kəsin maraqla izlədiyi “Kurtlar Vadisi” serialı var idi ki, həmin dövrdə doğulan uşaqlara əsərin baş qəhrəmanı olan Polad adı qoyulurdu. Bu ənənələr əslində baxış bucağı ilə bağlıdır”.
Üstünlük verməli olduğumuz ADLAR
C. Əliyev qeyd edib ki, əslində hər birimiz ölkəmizin mənəvi-dəyərlər sisteminə ziddiyət təşkil edən, yad ideologiyaları, düşüncələri təzahür edən adları övladlarımıza qoymaqdan çəkinməliyik: “Biz milli-mənəvi dəyərləmizə uyğun, milli qəhrəmanlarımız, şəhidlərimiz, xalqımızın həyatında taleyüklü rol oynayan şəxsiyyətlərin adına daha çox üstünlük verməliyik. Xarici adların qoyulması yolverilməzdir. Biz öz milli dəyərlər sistemimizdə müsbət rol oynayan şəxslərin adllarını qoymaqla həm övladlarımızın adlarının əbədi yaşamasına, həm də gələcəyimizə müsbət təsir etmiş olarıq”.
Adların insan psixologiyasına təsiri
Adların insan psixologiyasına birbaşa təsir etdiyini açıqlayan psixoloq Sevinc Məhərrəm isə bildirib ki, adın hər bir hərfinin insan şüurunun altına ötürdüyü mesaj var.
O bildirib ki, hər bir insan öz adının enerji yükünün kodlaşdırılaraq ona ötürdüyü mesajın təsiri altındadır: “Hətta bir insana adının qısaldılmış variantı ilə müraciət etdikdə belə, həmin şəxs öz adının deyil, məhz qısaldılmış adın enerjisinin təsiri altına düşür. Bu baxımdan gündəlik insan beyninə yönləndirilən ad çox mühümdür. İnsana taleyi çətin olan, çox ağır həyat yaşayan, sınaqları ciddi şəkildə əzablı olan şəxslərin adını qoymaq düzgün deyil. Çünki belə adlarla körpələrə həmin şəxslərin taleyini də yükləmiş oluruq”.
Psixoloqun fikrincə, ad pozitiv notlarla seçilməlidir: “Burada niyyət çox önəmlidir. Valideynin ad seçərkən hansı niyyətdə olması, kimin adını və niyə məhz həmin adı seçməsi mühüm əhəmiyyət kəsb edir. Çünki ad seçərkən edilən niyyət enerji şəklində körpəyə ötürülür ki, bu da uşağın gələcək xasiyyətinə, həyatına və insani keyfiyyətlərinə təsir etmiş olur. Düzdür, insan gələcəkdə öz adının təsirlərindən çıxa bilər, amma bu, çox çətin prosesdir. Bunun üçün kamilləşməli, mənəvi olaraq inkişaf etməli, özünü yetişdirməli, həyata öz fəlsəfi baxışları olmalıdır. Yalnız o zaman insan bütün təsirlərdən çıxaraq öz yolunu seçmiş olar”.
“Məsləhətli don gen olar”
S.Məhərrəm söyləyib ki, bəzən valideynlərin öz övladlarına heyvan adları qoymasında məqsəd onlara xas olan "yüksək keyfiyyətlər”i uşaqlarında görmək və ya böyüklərə məxsus adın davam etdirilməsi arzusudur: “Çox zaman nənələrimizin adlarından götürülərək uşaqlara Ceyran, Maral kimi adlar qoyulur. Bu cür heyvan adlarının qoyulması daha çox gözəlliklə assosiasiya olunur. Burada sözün mənbəyindən çox onun niyyəti önəm kəsb edir. Ümumiyyətlə, hər bir valideynin ad seçməsi onun dünya görüşünü ortaya qoymuş olur. Hər bir insan da öz dünyası və mərtəbəsinə əsaslanaraq ad seçir. Bunu bizim dəyişdirməyimiz mümkün deyil. Sadəcə biz onlarda empatiya yaradaraq, uşaqların hisslərinə önəm veməsinə, körpənin gələcəkdə öz adından utanmaması üçün irəlini görməyə kömək etməliyik. Valideynlərimiz ad seçərkən eqoist yanaşıb, sadəcə öz istəklərini deyil, övladlarının gələcəklərini də düşünməlidirlər. Ümumiyyətlə, adın məsləhətli şəkildə seçilməsi daha düzgündür. Necə deyərlər məsləhətli don gen olar”.
Adınızı bəyənmirsizsə dəyişdirin!
Psiloxoq qeyd edib ki, insan yaradanın yaratdığı makro və mikro kosmos olaraq bir sistem içərisində yaşadığından burada hər kəs yaradılığından məhvinə qədər öz lazımi kamillik mərtəbəsinə qədər inkişaf edir: “Bu baxımdan burada da adın çox önəmi var. Bəzən uşaqlar gələcəkdə onlara qoyulan ada görə utanc hissi keçirirlər. Əslində isə bu valideynlərindən uşağa ötürülən genetik karma, yəni neqativ enerjidir. Uşağın üzərində daşğıdığı utanc hissi əslində ona qoyulan ada görə deyil, məhz valideynin keçirdiyi utancı, qorxu və narahatçılıq hissidir. Bunu dəyişdirmək isə hər bir insanın əlindədir. Əgər kimsə öz adı ilə narahatçılıq yaşayırsa, o, adını dəyişdirməlidir. Heç bu kim utanc hissini yaşamağa dözmək məcburiyyətində deyil. Əgər kimdəsə bu, “travmaya” çevrilərsə, o zaman mütəxəssisə müraciət etməklə azad ola bilər”.
Qeyd edək ki, yalnız bu il ərzində Əsma 259, Damla 253, Miray adı 226, Nur 220, Melisa 186, Aişə 109, Milana 84, Elif 82, Elay 78, Selcan 70, Milay 66, Selin və Sunay 62, Əsra 54, Əsmanur və İlayda 49, Cansu adı isə 42 qıza qoyulub. Oğlanlara gəldikdə isə bu il 183 uşağa Fateh, 194-nə Onur, 77-nə Renat, 70-nə Miran, 65-nə Turqut, 49-na isə Harun adları qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB