MEK-də UNESCO-nun Azərbaycanda milli irsin öyrənilməsi müzakirə edilib
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) və Qafqaz Tarixi Mərkəzinin birgə təşkilatçılığı ilə “UNESKO kafedrasının milli irsin öyrənilməsi üzrə “Günəşə doğru” beynəlxalq İşçi qrupunun Azərbaycan üzrə fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib. MEK-dən SİA-ya bildirilib ki, tədbiri açan direktor Leyla İmanova 2018-ci ilin aprel ayından başlayaraq kitabxananın UNESKO nəzdində yaradılmış kafedra ilə əməkdaşlığı çərçivəsində mənəvi ənənələrin və dinlərarası dialoqun komparativ araşdırılmasına dair bir sıra layihələr həyata keçirdiyini deyib.
O, Azərbaycan milli irsinin qorunmasına dair UNESKO-nun ilkin reyestr formatı üçün MEK-in elektron kataloqunun əsas götürüldüyünü bildirib və MEK tərəfindən “Siyahılar”, “Məzarlar” və “Abidələr” adlı məlumat bazalarının hazırlandığını söyləyib. MEK-in direktoru mütəmadi olaraq ictimaiyyətin bu layihələr barədə məlumatlandırıldığını da qeyd edib.
Leyla İmanova MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) layihəsi çərçivəsində son 4 il ərzində Azərbaycanın mədəni-tarixi irsinə aid sənədlərin toplanılması, sistemləşdirilməsi, rəqəmsallaşdırılması, arxivləşdirilməsi, məlumat bazasına yerləşdirilməsi və istifadəçilərə təqdim edilməsi istiqamətində görülən işlərdən danışıb. Beynəlxalq standartlara uyğun olan MRY-nin elektron kataloqunun istənilən kataloqa, həmçinin UNESKO kataloqlarına inteqrasiya oluna bildiyini əlavə edib.
Sonra MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri və layihənin icraçısı Nazilə Həsənova haqqında danışılan elektron kataloq və məlumat bazalarını təqdim edib.
Tədbirdə Qafqaz Tarixi Mərkəzinin erməni yalanlarının ifşasına dair apardığı tədqiqatlar çərçivəsində “Bolgarka” ilə yazılan erməni tarixi” sənədli filminin təqdimatı keçirilib.
Mərkəzin direktoru, AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, UNESKO-nun dosenti Rizvan Hüseynov filmin “Tarixin işğalı - torpağın işğalı” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında hazırlandığını bildirib. Qeyd edib ki, Tovuz rayonunun Girzan kəndində və Gədəbəy rayonunun alban məbədlərində çəkilən filmdə xarici elmi tədqiqatçıların və UNESKO nümayəndələrinin fikirləri, həmçinin abidələrimizə qarşı erməni vandalizminin şahidi olan yerli sakinlərin xatirələri və nadir tarixi faktlar yer alır.
Tədbirdə “Azərbaycanın Tovuz rayonunun Girzan kəndinin biritual məzarlığının qəbir daşlarına ətraf mühitin təsirinin öyrənilməsi” layihəsinin təqdimatı keçirilib. UNESKO kafedrasının “Günəşə doğru” beynəlxalq İşçi qrupunun üzvü, Eksperimental Arxeologiyanın İnkişafı üzrə Avropa İttifaqı (EXAR) və Ümumdünya İrs İcmasının üzvü, Azərbaycan ərazilərinin milli maraq və elmi prinsiplərə əsaslanan tədqiqatçısı kimi tanınan alim Tatyana Krupa birgə tədqiqatlar zamanı aşkarlanmış tarixi faktlarla bağlı təəssüratlarını bölüşüb. Vurğulayıb ki, iştirak etdiyi ekspedisiyalarda qəbirüstü mədəniyyət nümunələrinin qədim Azərbaycan türklərinə məxsus olduğunu tarixi faktlar çox aydın göstərir. Ermənilərin Azərbaycan torpaqlarındakı mədəniyyət nümunələrini özününküləşdirmək cəhdləri isə erməni saxtakarlığından başqa bir şey deyil, eyni zamanda, mədəniyyətə qarşı törədilən vəhşilik aktıdır.
Dəyirmi masada çıxış edən rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov, Prezident Kitabxanasının şöbə müdiri, tarixçi Nazim Mustafa, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Gülşən Hacıyeva, M.Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların gigiyena və bərpası laboratoriyasının elmi işçisi Zaur Orucov və başqaları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işləri, təqdim olunan layihələri müştərək fəaliyyətin nəticəsi kimi yüksək qiymətləndiriblər. Çıxışlarda arxeoloji tədqiqatlara aidiyyəti elm sahələri ilə yanaşı, digər sahələrdən də mütəxəssislərin cəlb edilməsi, Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı ermənilərin saxtakarlıq və cinayət əməlləri haqqında beynəlxalq səviyyədə müvafiq strukturlar qarşısında vəsatət qaldırılması və s. məsələlərlə bağlı fikrilər səsləndirilib.
Tədbirdə Azərbaycanın tarixi-mədəni irsinin qorunmasına və araşdırılmasına böyük diqqət yetirilməsi ilə yanaşı, həm ölkəmizdə, həm də bütün Qafqaz bölgəsində zəngin irsimizin bu vaxtadək qeydə alınmayan, araşdırılmayan və qorunmayan hissəsinin, eləcə də dünya miqyasında nadir xristian, müsəlman və digər abidələrin pasportlaşdırılmasına ciddi zərurət yarandığı vurğulanıb.
Bunu nəzərə alaraq, Qafqaz Tarixi Mərkəzinin təşəbbüsü, UNESKO nəzdində kafedra və MEK-in dəstəyi ilə bir çox dövlətləri təmsil edən alim və tədqiqatçılardan ibarət işçi qrupun yaradıldığı və ötən ilin aprel ayından Azərbaycanın qərb bölgəsində bərpa işlərinə ehtiyac duyulan qədim abidələrin, məzarlıqların, məbədlərin pasportlaşdırılması işinə başlanıldığı diqqətə çatdırılıb. Bildirilib ki, işçi qrupuna Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya, Ukrayna və Gürcüstandan olan mütəxəssislər daxil edilib və qrupun tərkibinin genişləndirilməsi məqsədilə digər dövlətlərdən də təmsilçilərin cəlb olunması nəzərdə tutulub.
Dəyirmi masa çıxışlar və müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB