Paşinyanın ambisiyaları Ermənistanı növbəti uçuruma sürükləyir
2019-cu ilin Ermənistan üçün son dərəcədə ağır və məyusluqla dolu bir il olduğu, artıq sadə erməni vətəndaşında belə şübhə yaratmır. Ancaq onlar, belə vəziyyətin yaranmasında nə qonşuları, nə onlardan üz döndərmiş havadarları, nə də 2019-cu ili günahkar bilirlər. Əsl günahkarın da kim olduğunu, görünür, indi erməni xalqı da yavaş-yavaş anlayır. Anlayır ki, əvvəlki rəhbərlər kimi, küçə təfəkkürlü "küçə demokratı" Nikol Paşinyan da onlardan geri qalmayıb: eyni vədlər, eyni pafoslu çıxışlar, nəticə isə yox. Sözsüz ki, bu gün, ən azından, dünya demokratiyadan danışdığı bir vaxtda, aqressiv siyasət yeridərək, bu məsuliyyəti öz uydurulmuş tarixi ədalətlərini bərpa etməyə yönəldilmiş fəaliyyətlə maskalamaqla, demokratik və ədalətli dövlət imici yaratmaq mümkün deyil. İşğalçılıq siyasəti yeritməklə, ölkə hakimiyyəti özü-özünü dalana dirəmiş oldu. İşğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılmaması və bunun da saxta tarixə əsaslandırılmış faktlarla ört-basdır edilməsi, məhz Ermənistan dövlətinin regionun lider dövləti olan Azərbaycan və onun yaxın müttəfiqi Türkiyə tərəfindən regiondakı bütün layihələrdən kənarlaşdırılmasına qalmasına səbəb oldu. Bu isə, öz növbəsində, Ermənistanın iqtisadi inkişafına təsirsiz ötüşmədi. Dövlət daha çox Rusiyadan və ölkəyə erməni diasporu tərəfindən yatırılan pullardan asılı vəziyyətə düşdü.
Sözsüz ki, uzun müddət Ermənistanı, məhz bu vəziyyətdə saxlamaq istər erməni diasporu, istərsə də, Rusiya üçün iqtisadi cəhətdən əlverişli deyil. Bu yardımların kəsilməsinin əsas səbəblərindən biri də erməni hakimiyyətinin ayrılan maliyyəni necə istifadə etməsidir. Ölkəni idarə edənlərin, məhz Qarabağı işğal edən və orada vəhşiliklər törətmiş insanlardan ibarət olması, hakimiyyətin Qarabağ problemini uzatmasına səbəb olur.
Maraqlı məqam ondan ibarətdir ki, bu hakimiyyət, məhz öz xalqına münasibətdə də aqressiv mövqedədir. Həyata keçirilən siyasətdə xalqın güzəranı nəzərə alınmır və şəxsi maraqlar üzərindən islahatlar həyata keçirilir. Son dövrdə Ermənistanın üzləşdiyi qaz problemi artıq, ölkədə digər problemləri də üzə çıxarmaqdadır. Ölkədəki problemlər səbəbindən, miqrasiya artıq Ermənistanın qarşısında böyük problemə çevrilmişdir.
Ermənistanda hakim dairələr arasında davam edən siyasi çəkişmə ölkənin daxili və xarici siyasətini zəiflətməkdə davam edir. Siyasi analitiklər baş nazir Nikol Paşınyanın mövcud problemlərin həllinə yox, rəqibləri ilə daxili çəkişmələr və ədavətə vaxt sərf etməsini siyasi səhv adlandırırlar.
Paşinyanın ambisiyaları xalqın istəyinə qarşı
Bu, həqiqətən də, belədir. Belə ki, ötən ilin sonuna yaxın "küçə demokratı" Nikol Paşinyan xalqa verdiyi vədlərin bu gün nəticə vermədiyi ölkədə böyük gərginlik yaradıb. Daha doğrusu, Paşinyanın ambisiyaları xalqın istəyi ilə üst-üstə düşmədiyi üçün, Nikola olan inamı azaldıb.
Politoloqlar da bildirirlər ki, Paşinyan hakimiyyətə gələn gündən təxribat dolu bəyanatlar yayır. Onun separatçı Dağlıq Qarabağ rejiminin danışıqlara cəlb edilməsi fikrini səsləndirməsi vəziyyəti daha da gərginləşdirib. Artıq Ermənistan əhalisi Paşinyanın populist çıxışlarını deyil, konkret iş və nəticə gözləyir. Bununla da, düşdükləri çətin sosial və iqtisadi uçurumdan xilas olmaq istəyir. Görünən isə, odur ki, Nikol Paşinyanın şəxsi ambisiyaları xalq və vətən sevgisindən daha üstündür. Bu isə, Ermənistan üçün yeni bir uçurumun başlanğıcı deməkdir.
Levon Ter-Petrosyan: "Bu cəhənnəmi gözlə görmək istəyirsinizsə, buyurub Ermənistana gəlin"
"Çoxlarımızın boş əfsanə sandığı cəhənnəm artıq xəyal deyil, əsl həqiqətdir. Bu cəhənnəmi gözlə görmək istəyirsinizsə, buyurub Ermənistana gəlin. Qarşınızda sözlə ifadə edilə bilməyəcək qədər dəhşətli bir mənzərə canlanacaq. Dilənçilərlə dolu küçələr, ağır iqtisadi böhran üzündən gündəlik çörəyə möhtac qalmış biçarə insanların acı ah-naləsi, ölkəni öz ağuşuna almış işsizlik və səfalət üzündən könüllü surətdə baş verən intiharlar və intihara cəhdlər, sakinləri kütləvi surətdə köçüb getmiş kəndlərdən gecələr eşidilən canavar ulartıları, daha nələr, nələr...". Bu sözləri biz yox, Ermənistan Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan ölkədəki mövcud vəziyyəti qiymətləndirərkən deyib. Onu da bildirib ki, "Ermənistanın şəhər və kəndlərində yaşayan əhalinin 98 faizi aclıq və yoxsulluğun caynaqlarında boğulur. Bu gün Ermənistan büdcəsi 7,5 milyard olmalı idi. Hər il həmin sərvətin 5 milyardını Serj Sarkisyan, Tiqran Sarkisyan, onlara qədər isə, Robert Koçaryan oğurlayıb. Ölkədəki ağır iqtisadi böhran üzündən 1998-ci ildən bugünədək Ermənistanı 1 milyondan artıq insan tərk edib. Əksəriyyəti də yüksək ixtisaslı mütəxəssislər, görkəmli yaradıcı ziyalılar və onların ailə üzvləridir. İndi isə, Nikol Paşinyan bu yolu davam etdirməkdədir. Bu ölkə iqtisadi böhran, haqsızlıq və ədalətsizlik bataqlığından qurtula bilməyəcək".
"Armeniya Today" portalında yer alan xəbərdə vurğulanır ki, indi də Sarkisyan rejiminin davamçısı olan Nikol Paşinyan dövləti idarəetmə metodları dünyanın ən geridə qalmış, yoxsul dövlətlərindəki idarəetmə sisteminin, sadəcə, kserokopiyasıdır. Ermənistanda əhalinin 65 faizi ağır yoxsulluq səviyyəsində, 26 faizi isə, səfil kökündə yaşayır. Xalq tamam unudulub. Əvvəllər olduğu kimi, bu gün də ölkə əhalisi "Ermənistanın gələcəyi varmı?" sualı qarşısında sual işarəsinə dönüb.
Ermənistan mətbuatının verdiyi məlumata görə, ticarət müəssisələrindəki hədsiz bahalılıq, insanları dəhşətə salıb. 3-4 nəfərlik bir ailəni təkcə ərzaq məhsulları ilə təmin etmək üçün ayda, ən azı, 500 avro tələb olunur. Orta aylıq əməkhaqqı isə, cəmi 200 avrodur. Qiymətlərin ilbəil artması fonunda maaşların, təqaüdlərin və sosial yardımların öz yerində ayaq döyməsi və inflyasiyanın ağlasığmaz dərəcədə dərinləşməsi, vəziyyəti ən kritik həddə çatdırıb. Ölkənin əksər bölgələrində, xüsusilə, şimal rayonlarındakı kəndlərdə nə içməli su var, nə də qaz. Hər il yüz minlərlə sadə vətəndaşın canlarını qurtarmaq üçün baş götürüb, əcnəvi ölkələrə qaçmalarına da səbəb elə budur. Bəzi ölkələrdən alınan qrantların və diaspor pullarının dayandırılması və azaldılması Ermənistanın bir dövlət kimi süqutunu daha da sürətləndirib.
Erməni eksperti Manvel Sarkisyanın fikrincə, "İqtisadi böhran əhalini elə müflisləşdirib ki, xalqı bu vəziyyətdən yalnız inqilabi çevriliş xilas edə bilər ki, o da, labüddür.
Ermənistanın xarici borcları da ilbəil artmaqdadır. Bu borclar artıq 8 milyard dolları ötüb. Bunun 37,5 faizi Dünya Bankına, 33,2 faizi Beynəlxalq İnkişaf Assosiasiyasına, 23,2 faizi Beynəlxalq Valyuta Fonduna, 4,6 faizi Asiya İnkişaf Bankına, 4,2 faizi isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına olan borclardır. Dövlət büdcəsi lüt-üryan qalmış Ermənistanın bu borcları və onların ilbəil artan faizlərini necə ödəyəcəyi sual altındadır. Mütəxəssislərin fikrincə, hazırkı daxili və xarici borclar məngənəsindən xilas olmaq üçün Ermənistan hökumətinə azı 16 il vaxt lazımdır. Həm də ölkədə köklü islahatlar aparıb, məmur özbaşınalığına, korrupsiyaya, haqsız rəqabətə, kiçik və orta sahibkarlığa qarşı aparılan total terrora son qoyduqdan sonra. Xarici borcların həndəsi silsilə ilə artması, işsizlik, miqrasiya və ölkənin cüzi maliyyə vəsaitlərinin iqtisadiyyatın inkişafına deyil, silahlanmaya xərclənməsi vəziyyəti daha da çətinləşdirib.
Paşinyanın demokratiya kimi sırımaq istədiyi oxlokratiyadır
Ən maraqla mənam isə, hələ də Paşinyanın demokratiyanın nə olduğunu hələ də anlaya bilməməsidir. Elə bu səbədən də, Nikol, hətta ölkədə baş verən xaosa demokratiya adı verməklə, ondan silah kimi istifadə etməyə də çalışır. Sanki kim Nikol Paşinyana, onun hakimiyyətinə qarşı çıxırsa, elə bil, baş nazirə deyil, demokratiyaya qarşı çıxır. Yaxud Ermənistanla, hətta rəqabət aparanlar belə, sanki demokratiyaya düşmən kəsilənlərdir. Hətta N.Paşinyan, az qala, bütün dünya ölkələri və demokratik institutlar qarşısında dilemma qoymağa çalışır və bir növ, bütün dünyanı və özünü demokratik hesab edən ölkələri onun mövqeyini müdafiə etməyə borclu hesab edir. Elə bil ki, "Ermənistanın rəqiblərinə qarşı çıxan demokratiyanın düşmənlərinə qarşı çıxır" kimi bir fikir formalaşdırmağa çalışan baş nazir bunu borc kimi xatırlatmaq niyyətindədir və hətta az qala, bunu onlardan tələb etmək xülyasına da düşüb. Halbuki Ermənistanla demokratiya ifadəsi arasında böyük bir uçurum var və erməni cəmiyyətində insan azadlıqlarından, hüquqlardan, humanizmdən danışmaq belə absurddur. Tarixi faktlar təsdiq edir ki, hələ Dağlıq Qarabağ münaqişəsindən də öncə, törədilən erməni terroru, vandallığı misli-bərabəri olmayan vəhşilikdən xəbər verir və bunun humanizmlə, ələlxüsus, demokratiya ilə zərrə qədər əlaqəsi ola bilməz. Əslində, işğalçı ölkənin qeyri-humanist, antidemokratik siyasəti hələ də davam etdirilir və təsir mexanizmi kimi istifadə olunan küçə yürüşlərini və aksiyaları demokratiya kimi qələmə vermək yalnız erməni xislətinin təzahürüdür.
Ermənistanın baş naziri küçədən gəlməyib, elə meydanlarda qalıb və hələ də küçə ab-havası ilə yaşayır
Bunu ölkədə baş verən hadisələr də təsdiqləyir. Belə ki, N.Paşinyan nazir postuna oturdulsa da, hələ də meydandan və küçədən yığışmaq bilmir ki, bilmir. Paşinyan çox yaxşı başa düşür ki, özünün dediyi şəkildə istefa verdikdən sonra, ona müxalif olan partiyalar fərqli bir namizədi dəstəkləsələr, o, özü mütləq oyundankənar vəziyyətdə qalmalı olacaq. Məhz bunun qarşısını almaq niyyəti ilə bir növ indi də deputatları hədələyir və belə bir oyundankənar vəziyyətdən sığortalanmaq istəyir. Əgər bir ölkədə siyasi proseslər hüquq müstəvisində yox, qanuni yolla deyil, kütlənin iradəsi ilə tənzimlənir, istiqamətləndirilirsə, bu demokratiya deyil, oxlokratiyadır. Belə çıxır ki, Paşinyan dəyənək kimi istifadə etdiyi kütlənin iradəsi ilə hökmranlığını qurubsa və məhz kütlənin xofu ilə idarəetmə müxanizmini tətbiq edirsə, deməli, Ermənistanın özündə də ermənilərin iddia etdikləri demokratiya yox, klassik bir oxlokratiya hökm sürür. Bu da, hazırda, məhz Ermənistanda müşahidə olunur.
Ancaq tarixi faktlar, onu da deməyə əsas verir ki, oxlokratiyanın ömrü heç də uzun olmur. Hələ ki, küçə və meydanlarda olan kütlə öz tələblərini irəli sürür və öz iradəsini diqtə edir. Paşinyan da bundan məharətlə sui-istifadə edir. Lakin tarixdən də göründüyü kimi, bu mərhələ uzun sürə bilməz və heç uzun sürməyəcək də. Çünki Paşinyan kütlədən hakimiyyətini mökəmləndirənə qədər istifadə edəcək. Tarix boyu hər zaman belə olub və qaragüruhdan istifadə edənlər hakimiyyətlərini təmin etdikdən sonra kütləni tamamilə unudurlar. Təbii ki, hakimiyyəti öz əlində cəmləşdirdikdən sonra nə demokratiya, nə də Ermənistan, eləcə də, ermənilər onu maraqlandırmayacaq. Beləliklə də, yerini möhkəmləndirdiyinə əmin olan baş nazir öz səriştəsiz və məhvə sürükləyən siyasətini yürütməkdə davam edəcək. Nəticədə, Paşinyanın oxlokratiya hakimiyyəti də, elə indi bu oxlokratiyanı demokratiya kimi sırımaq istəyən Ermənistan da tarixin arxivinə növbəti fakt kimi yollanacaq.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB