Xəbər verdiyimiz kimi, bu gündən 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak üçün ixtisas seçimi başlayıb. Belə ki, hər birimiz üçün ilk seçim etmək çox çətindir. Onun birbaşa gələcəyimizə təsir etdiyini düşünəndə isə bu, bizdən daha diqqətli olmağı tələb edir. Düzdür sevdiyimiz peşə bizə hər zaman uğur qazandırmaya bilər. Amma unutmayaq ki, peşə təkcə pul qazanmaq, dolanışıq məqsədi ilə seçilmir, bəlkə bunlardan da əhəmiyyətlisi özünü ifadə etmək, doğrultmaqdır. Bu baxımdan hər hansı peşəyə yiyələnmək üçün atdığımız ilk addım olan ixtisas seçimi bizim məqsədlərimizi müəyyənləşdirməkdə çox vacibdir desək yanılmarıq. Etiraf edək ki, bu seçimdə ətraf müdaxilələrin olması, bir çox peşəkar kadrların elə beşikdəcə boğulmasına gətirib çıxarır. Hətta intiharlarla da nəticələndiyinin şahidi olmuşuq. Bəs o zaman ixtisas seçimini necə etməli, gənclərimizin sevdiyi peşəyə yiyələnməsinin qarşısına çəkilən sərhədləri necə aşmalıyıq?
SİA bu sualların cavabını ekspertlərlə müzakirə edib.
Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət bildirib ki, ixtisas seçərkən gənclər ilk növbədə daxili istəklərini önə çəkməlidirlər.
İxtisas seçimində ailə büdcəsinin önəmi
Onun sözlərinə görə, seçim ailə üzvlərinə görə deyil, abituriyentin istəyinə uyğun olmalıdır: “İstənilən ixtisasın balı özəl və dövlət ali təhsil müəssisələrində fərqlidir. Lakin burada ailə büdcəsinin də nəzərə alınması əsas şərtlərdən biridir. Əgər gəncin seçdiyi ixtisas həm istəyi həm də ailə büdcəsi ilə uyğunlaşırsa, o zaman həmin peşə üzrə təhsilinin seçilməsi düzgündür. Yox əgər büdcəyə uyğun gəlir, amma istəmədiyi ixtisasdırsa, burada abituriyent yanlışlığa yol vermiş olur. Çünki, bu cür seçim abituriyentlərin sentyabr ayında başlayacaq dərslərindəki davamiyyətinə təsir etməklə yanaşı, oradakı mövzuları anlamadıqlarını başa düşəcəklər. Bu baxımdan gənclər ixtisas seçimində daha diqqətli olmalı, buna xüsusi önəm verməlidirlər”.
İşsiz kadr olmaq istəmirsinizsə...
A.Həsrət söyləyib ki, hər bir gənc ixtisas daşyıcısı olacağına, öz potensiallarını seçdikləri istiqamətdə çıxara biləcəklərinə əmin olaraq addım atmalıdır: “Çünki istənilməyən ixtisas da inkişaf etmək, peşəkar kadr kimi yetişmək mümkün deyil. Onlar ali təhsil müəssisəsini bitirsələr belə gələcəkdə yalnız işsiz kadr kimi əziyyət çəkməli olacaqlar. Hər bir abituriyentin içindəki potensialını yalnız özü görə bilir. Hətta valideynlərin belə övladlarının potensialını dərindən görüb, dərk etməsi mümkün deyil”.
Yalnış ixtisas seçiminin FƏSADLARI
Ekspertin fikrincə, yanlış ixtisas seçimi ilk növbədə abituriyentin özünə, daha sonra ailəsinə, ətrafına, cəmiyyətinə və eləcə də ölkə elminə böyük ziyan vurur: “Çünki yanlış ixtisas, qavrama, yanlış insanın yetişməsinə yol açır. Xüsusilə də valideynlər bu səhvə yol verməməli, övladlarının seçim istəyinə mane olmamalıdırlar. Əgər imtahanda toplanan bal azlığına görə istənilən ixtisası seçmək imkanı yoxdursa, valideynlər övladlarının daha da dərindən hazırlaşıb növbəti ildə öz istəyinə uyğun peşə üzrə təhsil almasına şərait yaratmalıdırlar. Abituriyentlər özləri də bu məqama diqqət etməlidirlər. Əgər ilk ildə istədikləri ixtisas görə az bal toplayıblarsa, o zaman yanlış seçim etməkdənsə, daha bir il hazırlaşaraq növbəti ildə öz istəklərinin arxasınca getməyə üstünlük verməlidirlər. Səhv addım abituriyentlərin daxildəki potensialını tamamilə məhv etmiş olur. Ümumiyyətlə, hər kəs öz inkişaf edəcəyi, səmərə, xeyir verə biləcəyi istiqamətə yönəlməlidir. Əks halda, bundan ilk növbədə özü, həm də Azərbaycan elmi ziyan çəkmiş olacaq”.
Problemin Azərbaycan mühitinə uyğun həlli
İxtisas seçimi ilə bağlı problemlərin həllinə gəlincə A. Həsrət vurğulayıb ki, mövcud çatışmazlıqları xarici ölkələrin təcrübələrinə istinadən deyil, sırf Azərbaycan mühitinə uyğun şəkildə həll olunmalıdır: “ Xaricdəki problem necə çözülürsə, onun eynilə bizdə də təkrar edilməsi düzgün deyil”.
TƏKLİF VAR!
Əməkdar müəllim yanlış ixtisas seçiminin qarşısının alınması istiqamətində Dövlət İmtahan Mərkəzinə (DİM) təklif də irəli sürüb: “Hesab edirəm ki, DİM tərəfindən yüksək bal toplayan, lakin istədiyi ixtisasa daxil olmaq üçün balı çatışmayan abituriyentlər üçün növbəti ilin imtahanında iştirak etmək üçün xüsusi bonuslar təklif oluna bilər. Misal üçün əgər gənc 400 bal toplayıbsa və onun istədiyi ixtisasın balı 500 olduğu üçün ali məktəbə bu il qəbul ola bilmirsə, o zaman həmin abituriyenlər növbəti il imtahan verəndə bu il topladıqları 400 balın hər 100 balına 25 bal (rəqəm dəyişə də bilər) bonus əldə etmiş olsunlar. Yəni bu il qəbul olmayan abituriyent artıq biləcək ki, növbəti il imtahan verəndə onun 100 bal bonusu var. Əgər gənc imtahandan 450 bal toplayar və üzərinə də həmin 100 bonus gələrsə, o zaman abituriyent istədiyi ixtisası sərbəst şəkildə seçmək imkanı qazanar. Belə olan halda, kifayət qədər bal toplamayan abituriyentlər imtahan verdikləri il istəmədiyi ixtisasda təhsil almaqdansa, daha da hazırlaşıb növbəti ildə yüksək nəticə əldə etmək, eləcə də bonusundan yararlanmaqla istədiyi peşəyə yiyələnməyə üstünlük verəcək. Bu, həm övladlarımızın məcburiyyət qarşısında qalıb mütləq şəkildə bu il ali məktəbdə oxuyum fikrindən daşındırmaqla yanaşı, həm də Azərbaycan elmində peşəkarların sayının artmasına şərait yaradacaq”.
Təkliflə bağlı abituriyentlər arasında sorğu apardığını deyən A. Həsrət onun gənclər tərəfindən müsbət qarşılandığını dilə gətirib.
Təhsil eksperti Etibar Əliyev isə bildirib ki, ixtisas seçimi birmənalı şəkildə abituriyentin topladığı ballarla bağlıdır: “Bal yüksək olduqda seçim imkanları da genişlənir, daha rasional olur. Aşağı bal toplayanlar isə daha çox ödənişsiz ixtisaslar axtarırlar. Bunun özü yaxşı tendensiya deyil”.
Elmi sahələri niyə seçmirik?
Qəbul imtahanı zamanı maksimum nəticə göstərən abituriyentlərin də ixtisas seçimində müəyyən problemlərin olduğunu deyən ekspert söyləyib ki, bəzən yüksək bal toplayanlar da seçimini düzgün etmirlər: “Dünya təcrübəsinə baxdıqda görürük ki, yüksək qabiliyyətə malik, istedadlı gənclərin böyük əksəriyyəti təmiz elmi, yəni fizika, riyaziyyat, biologiya, ədəbiyyat və tarixi seçirlər. Amma bizdə isə bu hal demək olar ki, nəzərə çarpmır. Yüksək toplayan abituriyentlər seçdiyi ixtisasın proqnozunu bilmədən daha çox prestijli sahələrə üstünlük verirlər. Bu elə məsələdir ki, burada əsas fikir valideynin deyil, abituriyentin olmalıdır. İxtisas seçimində abituriyentin hansı sahəni sevib və ona bağlı olduğu önəmlidir”.
Ənənəvi ixtisaslar
Ekspert vurğulayıb ki, hər bir ixtisas qrupun özünün şah ixtisası var: “Aydındır ki, IV ixtisas qrupu üzrə Azərbaycan Tibb Universitetinin ixtisasları önəm kəsb edir. III ixtisas qrupu üzrə Hüquq, II ixtisas qrupunda İqtisad Universitetinin ixtisasları üzrə ciddi rəqabət gedir. I ixtisas qrupu yeganə qrupdur ki, orada ixtisaslar qarışıqdır. Abituriyentlər bu qrupda həm Azərbaycan Dövlət Neft və Sənaye, Texniki Universitetinin, həm də digər ali məktəblərin ixtisaslarını seçə bilirlər. II, III, IV ixtisas qruplarında gedən mübarizənin bir tərəfdən əhəmiyyəti odur ki, burada mübarizə daha yüksək bal toplayanlar arasında gedir və nəticə etibarı ilə bu ixtisaslar üzrə mütəxəssislər yetişə bilir”.
Qeyd edək ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 6-dək internet vasitəsilə aparılacaq. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna (qruplarına) aid olan 15-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını www.eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB