İsmayıllıda Ulu Öndərə həsr olunmuş bayram tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının və İsmayıllı rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş silsilə tədbirlər, idman yarışları, şeir və rəsm müsabiqələri keçirilib. Tarixin Azərbaycana bəxş etdiyi Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş zirvə toplantısı - bayram tədbiri keçirilib. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Bayram təntənəsi İsmayıllı şəhər Mədəniyyət Mərkəzində davam etdirilib. İlk olaraq, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sərgiyə və filmə baxılıb.

Tədbirdə tarixçi, əməkdar müəllim Ramiz Baloğlanov "Azərbaycan tarixinin Heydər Əliyev epoxası" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütövlükdə, cəmiyyətimiz Ulu Öndər Heydər Əliyevin böyük səyləri nəticəsində, özünün yeni inkişaf mərhələsinə qədəm qoyub: "Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi, eləcə də, müstəqil dövlətimizin inkişafı, məhz Ulu Öndərin adı və fəaliyyəti ilə bağlıdır. Azərbaycan bu gün Ulu Öndərin düşündüyü kimi, dünyada müstəqil, qüdrətli dövlət kimi öz sözünü deyərək, yaşayır və dinamik inkişaf edir".

Məruzədən sonra bədii qiraətçi Ramiz Zülfüqarov "14 İyul bayramı" şeirini söyləyib. Tarixçilər Mehdi Məmmədov və Ramiz Baloğlanov Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi Xatirə medalı ilə təltif olunublar. Medalları İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov təqdim edib. Bununla da, tədbirin rəsmi hissəsi başa çatıb. İsmayıllı Regional Mədəniyyət İdarəsi məzmunlu və maraqlı bədii proqram nümayiş etdirib.

Tədbirdən sonra isə "Damla" Turizm-İstirahət Mərkəzində şanlı 50 illik tarixə həsr olunmuş bayram konserti keçirilib. Muğam müsabiqələri qalibləri Kamilə Nəbiyeva, İlahə Rüstəmova və əməkdar mədəniyyət işçisi, aşıq Ağamurad İsrafilov mahnılar ifa ediblər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə