Vilayət Zahirov: "Ötən il 21 bələdiyyə üzrə cinayət işi açılıb"

Azərbaycanda ötən il inzibati araşdırmalar zamanı fəaliyyətində cinayət xarakterli qanun pozuntuları aşkar edilmiş 27 bələdiyyə üzrə materiallar Baş Prokurorluğa göndərilib. Onlardan 21-i üzrə cinayət işi başlanılıb. SIA-nnın məlumatına görə, bu barədə Milli Məclisdə bələdiyyələrin ötən ilki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib.

Hesabat ilində bələdiyyələrin fəaliyyəti ilə bağlı hüquqi və fiziki şəxslər tərəfindən 1468 şikayət xarakterli müraciət daxil olub. Onlardan 1002-nə baxılaraq tədbirlər görülüb. Müraciətlərin 45-i inzibati qaydada araşdırılıb, 24-ü üzrə materiallar Baş Prokurorluğa göndərilib. Ötən dövrdə görülən tədbirlər nəticəsində bələdiyyələr tərəfindən qanunsuz olaraq 79,07 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə, 3210,54 ha torpaq sahəsinin icarəyə, 27,85 ha torpaq sahəsinin isə istifadəyə verilməsi ilə bağlı qərarlar nazirliyin təklifi əsasında bələdiyyələr tərəfindən və ya ərizələr əsasında məhkəmələr tərəfindən ləğv edilib. Bütövlükdə 3317,46 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb.
Tərtib edilən 481 inzibati xəta protokolu əsasında 409 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib. Aşkar edilən pozuntuları əsasən torpaq sahələrinin qanunsuz satışı və pul vəsaitlərinin düzgün xərclənməməsi ilə bağlı olub. 2010-cu ildə Ədliyyə Nazirliyinə 39 müraciət daxil olub. Müraciətlərdən 27-si inzibati qaydada araşdırılıb, 12-si dərhal prokurorluq orqanlarına göndərilib, onlardan 2-si üzrə cinayət işi başlanılıb. Birləşmə komissiyalarının təqdim etdiyi məlumatlara əsasən, 11 bələdiyyənin fəaliyyətində qanun pozuntuları aşkarlandığı üçün Baş Prokurorluğa göndərilib.
Zahirov qeyd edib ki, ötən il Ədliyyə Nazirliyində 26 635 bələdiyyə aktına baxılıb, bu aktlardan 25 363-ü qanunvericiliyə uyğun hesab edilib, 545 akta isə hazırda baxılır.
Aktlardan 3-də cinayət xarakterli hüquq pozuntuları aşkar edilərək toplanan materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Onun sözlərinə görə, ötən ildə 501 yeni bələdiyyənin nizamnaməsi Ədliyyə Nazirliyində qeydiyyata alınıb, 1332 bələdiyyənin nizamnaməsi isə qüvvədən düşdüyünə görə dövlət reyestrindən çıxarılıb.
Bələdiyyə seçkiləri keçirilməmiş 15 özünüidarə orqanları üzrə isə təhvil-təslim aparılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə