11 Iyul Ümumdünya Əhali Günüdür

11 Iyul Ümumdünya Əhali Günüdür

Bu gün, dünya ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd olunur

Bu gün Ümumdünya Əhali Günüdür. Bu əlamətdar tarixi 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu təsis edib. Bu günün qeyd olunmasında məqsəd ailə planlaşdırılmasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.

Son açıqlamalara əsasən, dünya əhalisinin sayı 7,5 milyard nəfəri ötüb. Əhalisinin sayına görə, ilk üç yerdə Çin, Hindistan və ABŞ qərarlaşıb. Dünya əhalisinin sayı 1804-cü ildə - 1 milyard, 1927-ci ildə - 2 milyard, 1999-cu ildə - 6 milyard olub. Demoqrafların hesablamalarına görə, dünya əhalisi bu sürətlə artmaqda davam etsə, 2040-də dünyamızda 10 mlrd. insan yaşayacaq.

Dünya Əhali Günü, bir çox dünya ölkələrində olduğu kimi, 2005-ci ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunmağa başlanılıb. Ölkəmizdə də bu cür tədbirlər diqqət mərkəzindədir. Azərbaycanda MDB məkanında, ilk dəfə olaraq, elmi əsaslarla işlənilib, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən "Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası" təsdiq edilib.

DEMOQRAFİYA SAHƏSİNDƏKİ SİYASƏT DÖVLƏTİMİZİN SOSİAL SİYASƏTİNİN MÜHÜM VƏ BAŞLICA TƏRKİB HİSSƏSİDİR

Dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Azərbaycanda son illər baş vermiş həm siyasi, həm də sosial-iqtisadi dəyişikliklər demoqrafik inkişafa ciddi təsirini göstərib. Demoqrafiya sahəsindəki siyasət dövlətimizin sosial siyasətinin mühüm və başlıca tərkib hissəsi olmaqla, onun əsasını təşkil edir. Demoqrafik proseslər cəmiyyətin həyatının bir çox tərəfləri ilə qarşılıqlı surətdə bağlı olduğundan, bu əlaqə sosial-iqtisadi hadisələrin demoqrafik proseslərə və öz növbəsində, demoqrafik proseslərin də sosial-iqtisadi

hadisələrə təsirinin təzahürüdür. Müasir dövrümüzdə insan inkişafının demoqrafik aspektləri bir sıra amilləri özündə cəmləşdirir. Belə ki, ölkəmizdə ölüm səviyyəsinin azaldılması, əhalinin sağlamlığının və həyatının yaxşılaşdırılması hesabına uzunömürlülük, nikah və boşanma proseslərinin, bütünlükdə, cəmiyyətin və ayrılıqda hər bir ailənin mənafeyinə uyğun tərzdə nizamlanması, ictimai tərəqqinin həm yaxın, həm də uzaq gələcəyə perspektivləri nəzərə alınmaqla, miqrasiya proseslərinin tənzimlənməsi və digər amillər ölkəmizdə demoqrafiyanın inkişafına təsirsiz ötüşməyib. Təbii ki, demoqrafiya sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi, ekoloji cəhətdən təhlükəsiz və sabit iqtisadi inkişafın təmin edilməsi də qeyd olunan amillər sırasındadır.

ÖLKƏMİZDƏ DAYANIQLI SOSİAL-İQTİSADİ TƏRƏQQİ, SOSİAL SİYASƏT DAVAMLI XARAKTER ALMAQLA DEMOQRAFİK İNKİŞAFA TƏKAN VERİR

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatlar kursu ölkəmizdə dayanıqlı inkişafın təmin olunmasına imkan yaratmaqla bərabər və demoqrafiya sahəsində müsbət meyilləri də stimullaşdırıb. Bunun real təzahürü ölkə əhalisinin sabit artım tempinin davam etdirilməsində aydın şəkildə özünü göstərir. Əhalisinin sayı hər il, sabit şəkildə artaraq, 10 milyona çatan ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla, demoqrafik inkişafa təkan verir. Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir. Aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Azərbaycan, bir çox sahələrdə olduğu kimi, bu baxımdan da, nümunəvi ölkədir. Son vaxtlar, xüsusən, bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial sahədə inqilabi dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatları əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verir. Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub- saxlanmasına əminlik yaradır. Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası nəticəsində, bütün sahələrdə mühüm tarixi nailiyyətlərə imza atan, iqtisadi qüdrətini artıran, sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan ölkəmizdə sosial rifah səviyyəsinin də, davamlı olaraq, yaxşılaşması özünü göstərir. Bu amillər isə, demoqrafik inkişaf üçün vacib şərtlər sırasındadır.

Azərbaycanda hər il doğulanların sayı artır, misal üçün, 2018-ci ildə ölkədə 139 min doğulmuş körpə qeydə alınıb. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. Əhalinin artımı qarşısında genişmiqyaslı tədbirlər görülür, yeni uşaq bağçaları və məktəblər, müalicə müəssisələri və idman kompleksləri istifadəyə verilir.

Bununla yanaşı, dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" da mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla, səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə