“Azərbaycandakı sabitlik dünya ölkələri üçün bir nümunə etalonuna çevrilib” – Bəhruz Quliyev

“Azərbaycandakı sabitlik dünya ölkələri üçün bir nümunə etalonuna çevrilib” – Bəhruz Quliyev

"Ümumiyyətlə, Azərbaycan yalnız bu kimi mühüm görüşlər xarakterində deyil, eyni zamanda digər qlobal məsələləri əhatə edən danışıqların aparılması üçün ən mükəmməl və ənənəvi məkandır". Sözügedən fikirləri Olaylar.az-a SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters ilə danışıqlar aparmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, bütövlükdə ölkəmizin belə bir görüşlər kontekstindəki yeri və rolu bir sıra əhəmiyyətli aspektlərə söykənir: "Diqqət yetirsək görərik ki, Azərbaycan Avropanın, eləcə də dünyanın enerji təhlükəsizliyində, təminatında çox önəmli yer tutur, ölkəmizin bilavasitə təşəbbüsü ilə istər enerji, istərsə də nəqliyyat dəhlizləri layihələri reallaşdırılır, həmin istiqamətdə davamlı işlər aparılır, yeni ideyalar irəli sürülür. Bütün bunların sırf təməli ilk növbədə sabitliyin göstəricisi olaraq qiymətləndirilməlidir. Çünki sabitlik olmasa, hətta ən zəngin dövlət belə bir tədbirlərin həyata keçirilməsində uğur əldə edə bilməz. Ona görə də, xüsusilə vurğulamaq istərdim ki, ölkəmizin qeyd edilən faktorlar baxımından yeri və rolu ən yüksək səviyyədədir, Azərbaycanın statusu bu istiqamətdə öz möhkəmliyini daha da artırıb".

"Nəzərə alarsaq ki, Azərbaycan nə NATO-nun, nə KTMT-nin, nə də digər hərbi alyansların üzvü deyil, bu zaman əminliklə deyə bilərik ki, iki nəhəng hərbi struktur təmsilçilərinin danışıqlar məkanı olaraq, növbəti dəfə də ölkəmizi seçmələri xalqımıza, dövlətimizə qarşı göstərilən inam və etibarın, hörmətin təcəssümüdür", deyə qeyd edən siyasi ekspert əlavə edib ki, dünyanın bütün mərkəzlərini birləşdirən orta xəttin Azərbaycandan keçməsi heç də əbəs deyil: "Bu gün ölkəmizin Şərqlə Qərb arasında körpü rolunu oynaması barədə deyilən fikirlər həm məntiqi, həm də reallıq cəhətindən isbatlanıb və bu dəfə sözügedən növbəti, ənənəvi görüş əsnasında. Artıq Azərbaycandakı sabitlik dünya ölkələri üçün bir nümunə etalonuna çevrilib. Ona görə də həm NATO, həm Rusiya Azərbaycan etibar edir və danışıqların aparılması üçün də məkan olaraq həmişə Azərbaycanı seçirlər. Mən xatırlatmaq istərdim ki, Azərbaycan eyni zamanda ikitərəfli, üçtərəfli və çoxtərəfli görüşlər üçün də mükəmməl siyasi arena olaraq tanınır və bunun daha bir səbəbi Bakının dünya siyasətində sülhpərvərlik carçısı, çağırışçısı olmasıdır. Ona görə də paytaxtımızın dialoq məkanı olaraq qəbul edilməsi bütövlükdə Azərbaycanın beynəlxalq imicinə stimul verir, nüfuzunu daha da artırır".

Bütün xəbərlər Facebook səhifəmizdə