Ramiz Həsənov: “Standartlar ən çox çörəkbişirmə, kolbasa və şirniyyat sahələrində pozulur”
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, komitə sədri 2010-cu ildə görülən işlər və bu sahədəki mövcud problemlərdən danışıb. R.Həsənov bildirib ki, ötən il ərzində Qida məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə, Ekologiya və Təbii Sərvətlər Nazirlliyi ilə birlikdə Ekologiya üzrə Texniki Komitə, Keyfiyyətin idarə olunması üzrə Texniki Komitə yaradılıb. R.Həsənov qeyd edib ki, ölkənin yanacaq-enerji ehtiyatlarının qənaəti ilə bağlı problemlərin həlli, onlardan istifadənin effektliyinin yüksəldilməsi üçün "Enerjiyə qənaət və enerji səmərəliliyi sahələrində standartlaşdırma sisteminin inkişafı" üzrə Dövlət Proqramı hazırlanıb və müvafiq dövlət qurumları ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib: "Komitənin tabeliyində olan Azərbaycan Standartları İnstitutu tərəfindən 37, o cümlədən ümumi təmayüllü 10, neft və neft məhsulları və onların təyini metodlarına aid 8, maşınqayırma üzrə 4, ət və süd məhsullarına aid 11, yüngül sənayə məhsullarına aid 4 normativ sənəd hazırlanıb. Ümumilikdə hesabat dövründə beynəlxalq, Avropa Birliyi və regional standartlar əsasında hazırlanmış 162 standart dövlət qeydiyyatına alınıb. Komitənin səlahiyyətlərinə aid akkreditasiya sahəsində də hesabat ili ərzində müvafiq işlər aparılıb. Komitənin akkreditasiya şöbəsi tərəfindən 127 obyekt akkreditasiyaya olunaraq dövlət reyestrində qeydə alınıb. Ümumilikdə 2010-cu ilin sonuna kimi akkreditasiya üzrə dövlət reyestrində 234 obyekt qeydə alınıb".
R.Həsənov bildirib ki, Milli Etalon Bazasının inkişafı və təkmilləşdirilməsi sahəsində müvafiq tədbirlər davam etdirilir. O, yaxın günlərdə zaman və tezlik etalonunun ölkəyə gətiriləcəyini dilə gətirib: "Metrologiyanın əsasını Milli Etalonlar təşkil edir. Milli Etalon Bazası hələlik 5 laboratoriyadan ibarətdir. Bu laboratoriyalarda kütlə, təzyiq, temperatur, elektrik, sıxlıq və özlülük kəmiyyət vahidlərinin dövlət ilkin və dövlət ikinci etalonları saxlanılır və tətbiq edilir. Milli Etalonların ümumi sayı 29-dur, onların hamısına dövlət etalonu statusu verilib. Etalonlardan 15-i dövlət ilkin, 14-ü isə dövlət ikinci etalondur".
Komitə sədri diqqətə çatdırıb ki, rəhbərlik etdiyi qurum "Texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi haqqında" qanun layihəsi hazırlayıb və sənədi müvafiq instansiyalara təqdim edib: "Sənəd müxtəlif istehsal sahələrində texniki reqlamenti və yoxlama qaydalarını müəyyənləşdirir. Qanun layihəsi komitə tərəfindən malların keyfiyyəti, onların standartlara uyğun olub-olmaması üzrə aparılan yoxlamaları tam yeni prinsipinin tətbiqini nəzərdə tutur. Sənədlə Komitə tərəfindən malların bazar və ticarət şəbəkələrindən sıravi alıcı kimi alınması, onların yoxlanılması və hər hansı bir uyğunsuzluq aşkarlar edildikdə, istehsalçıya müvafiq müraciətin edilməsini nəzərdə tutur".
R.Həsənov yoxlamaları aparan dövlət qurumlarının yoxlamaları bir yerdə və ya bir qurum tərəfindən aparılması təklifinə də münasibət bildirib. O, bildirib ki, malların standartlara uyğunluğu, istehsalatda cihazların və istehsal prosesinin müəyyən standartlara və etalonlara uyğunluğu və bu kimi məsələlərin digər bir qurum tərəfindən və ya digər bir qurumun mütləq iştirakı ilə həyata keçirilməsi məqsədə uyğun deyil.
Yoxlamalara gəldikdə isə R.Həsənov bildirib ki, komitə tərəfindən 2010-cu il ərzində ümumilikdə bazardan 1 854 759 ədəd müxtəlif çeşidli ərzaq və qeyri-ərzaq məhsulları satışdan çıxarılıb. Komitə sədri respublika ərazisində son günlər geniş vüsət alan korrupsiyaya qarşı mübarizə tədbirlərinə də toxunub: "Korrupsiyaya qarşı bütün dünya mübarizə aparır. Komitəmizin respublika üzrə 300-dən artıq inspektoru var. Onlar hər gün müəyyən müəssisələrdə olurlar. Onların arxasınca kimisə qoşmaq qeyri-mümkündür. 2009-cu ildə komitədə daxili nəzarət şöbəsi yaratdıq və bu şöbə korrupsiyaya qarşı mübarizə aparır. İl ərzində 7-8 nəfəri işdən azad etmişik. Hökumətə təkliflər hazırlamışıq ki, bunun qarşısını almaq üçün nə edə bilərik?".
R.Həsənov ən çox çörəkbişirmə, kolbasa və şirniyyat sexlərində standartlara əməl edilmədiyini vurğulayıb. 2010-cu il ərzində 124 çörəkbişirmə sexinə 227500 manat cərimə tətbiq edildiyini deyən komitə sədri problemlərin hələ də qaldığını bildirib. Nöqsanları aradan qaldırmaq üçün vətəndaşların da köməyinə ehtiyac olduğunu deyən R.Həsənov bildirib ki, komitədə 449-84-93 nömrəli "qaynar xətt" fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB