Misterfeyk Qənimət Zahid, yaxud "Üç Palma" qəhrəmanı niyə "like" dilənir?

Misterfeyk Qənimət Zahid, yaxud "Üç Palma" qəhrəmanı niyə "like" dilənir?

Dünya dəyişir, inkişaf edir, insanlar gələcək həyatları naminə, Marsda daşınmaz əmlak alır, amma bizim psevdodemokratlarımız hələ də fərqli düşüncələrə qarşı dözümlülük nümayiş etdirə bilmirlər, hətta tolerantlıq nümayiş etdirməyi bir kənara qoyub, bu haqda heç düşünmürlər də. Onların əsas fikri-zikri budur ki, kimsə məndən fərqli düşünürsə, düşməndir, vəssalam!

Birisi bu demokratların səhifəsində, videosunun, ya da statusunun altında bir balaca əks-fikir yazsın, o dəqiqə ətraflarındakı trollar cavab verməyə hazırdır, lakin söyüş və təhqirlə!

Ya da ən rahatı özünü "demokratiya carçısı" elan etmiş Qənimət Zahidin etdiyi kimi, bütün ona qarşı yazılmış əks-mövqeli şərhləri silib, sonra da ətrafına demokratiya dərsləri keçməkdir.

Görünür, dəyişən dünyada bu cür mübarizə metodları artıq köhnəlib. Müxalifətin isə yeniləşmə kimi bir fikri, deyəsən, yoxdur...

Hər dəfə demokratiyadan, insan hüquqlarından, azad mətbuatdan dəm vuran Qənimət Zahid, nədənsə, öz kanalında bu prinsiplərə əməl etmir. Birbaşa verdiyi tapşırıqla adminləri əks-fikir səsləndirən sosial şəbəkə iştirakçılarının rəyini silir, özlərini isə bloklayırlar. Sanki hakimiyyəti müdafiə edən hər kəs Qənimət Zahidin düşmənidir və bu səbəbdən də, canlı yayımlarında birtərəfli müzakirələr təşkil edir, hakimiyyəti və xalqı təhqir etdirir və müstəqil fikir yazanları susdururlar.

Bu, bir daha onu sübut edir ki, Qənimət Zahid özü demokratik prinsipləri tanımayan, insanların azad söz və fikir hüquqlarını pozan tam bir diktatordur. Onun bu xüsusiyyəti isə, birbaşa Ə.Kərimlidən sirayət edən keyfiyyətsizlikdir...

Bəlkə də, elə bu səbəbdəndir ki, reytinqi və izləyici sayı hər gün azalan "Azərbaycan saatı" kanalında sanki "insan ovu" başlanıb. Qənimət Zahidin tapşırığı ilə moderatorlar və cəbhəçi trollar artıq hakimiyyət tərəfdarı olanları, faktlarla müxalifəti ifşa edən sosial şəbəkə iştirakçılarını açıq şəkildə təhqir, hətta təhdid də edirlər.

"Trolları asacağıq" deyən cəbhəçilərin və onlara dəstək verən moderatorların ikrah doğuran ritorikası, şübhəsiz ki, Ə.Kərimlinin və Q.Zahidin xalq qorxusundan doğan həyəcanını ifadə edir. "Hələ bu qədər trol görməmişdim" deyə etiraf edən moderatorlar, əslində, reytinqin və baxış sayının nə qədər azalmasına, müxalifətin fikirlərinin isə, Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilməməsinə qeyri-ixtiyari işarə edirlər. Təqdim edilən şəkildə də bir daha söylədiklərimin əyani təsdiqini görmüş olursunuz.

Q.Zahid təkcə rəysilmə, bloklama və təhqir etdirməklə deyil, eyni zamanda, feyk məlumatlar yaymaqla da məşğuldur. Onun bir neçə ay ərzində yaydığı xəbərləri elə özünün düşərgədaşları ifşa edirlər. Məsələn, iki dəfə bu ifşanı "Meydan" TV-dən Həbib Müntəzir edib. Elə bir neçə gün öncə, "Meydan" TV-nin adminlərindən biri Həbib Müntəzir ötən həftənin saxta xəbərləri barədə status yazmışdı.

Bu saxta xəbərlərin əksəriyyəti Q.Zahid və "Made in Azerbaijan" səhifəsinin admini Məhəmməd Mirzəli tərəfindən yayıldığından, bu statusla, o, Q.Zahidi və Məhəmməd Mirzəlini növbəti dəfə ifşa edib.

Məhəmməd Mirzəli isə, öz növbəsində, "Meydan" TV-nin rəhbəri Həbib Müntəzirə qarşı tənqidi fikirlər səsləndirib: "Meydan" TV özlərinin batırdığı milyonluq layihənin dərdini çəkməkdənsə, başqasında səhv axtarır... Bu adamın Q.Zahidlə dərdi var. Təkrar edirəm ki, öz işlərinə bu qədər diqqət ayırsaydılar, hər il 500 min avro aldıqları "Meydan" TV layihəsini normal meydana çevirə bilərdilər".

Görünən odur ki, çörəyini feyk-xəbər yaymaqdan çıxaran bu"qrant fədailəri"nin bu cür ifşaedici məlumatlarını və "savaş"larını hələ tez-tez görəcəyik...

Bütün bunlara görə də, izləyicilərini, bəyənənlərini və reytinqini sürətlə itirən Q.Zahid, artıq ciddi şəkildə narahat olmağa başlayıb. Onun bu narahatlığı paylaşdığı feyk xəbərlərdən, moderatorlarının və cəbhəçi trolların "like"-yalvarışlar da görünür.

Artıq Q.Zahidin video-paylaşımlarına baxanların və bəyənənlərin sayı da azalıb. Ona görə də, kanalın moderatorları və trolları "like" dilənir, videonu bəyənməyənləri isə təhqir və təhdid edirlər.

Yəqin ki, Q.Zahid bundan sonra nə üçün "like" dilənməyə məcbur olduğunun düsturunu müəyyənləşdirməklə məşğul olar. Çünki onun ifşası hər gün daha da dərinləşir...

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə