14 iyul 1969-cu il - Azərbaycanın milli dövlətçilik tariximizin dönüş anı
Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişi ittifaq dövləti daxilində geri qalmış respublikanın bir neçə il ərzində hərtərəfli inkişafı və o dövrə məxsus intibah əlamətləri ilə milli tariximizə unudulmaz bir gün olaraq yazılmışdır. 50 il əvvəl başlanan həmin yol Ulu Öndərin xalq işinə sədaqəti, milli maraqları hər şeydən üstün tutması ilə Azərbaycanı yaxınlaşmaqda olan dövlət müstəqilliyinə hazırlamışdır. Bu gün yaxın tariximizə diqqətlə nəzər yetirdikdə, bugünkü inkişafımız, sabitlik və xoş güzəranımız üçün kimə borclu olduğumuzu yaxşı anlayırıq. Millət vəkilləri, siyasi partiya rəhbərləri SİA-ya verdikləri açıqlamasında bildirdilər ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu.
Nazim Ağayev: "1969-cu ilin 14 iyul günü Azərbaycan tarixində keyfiyyətcə yeni bir səhifə idi"
"14 iyul Azərbaycan tarixində çox əlamətdar bir gündür. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkənin inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərinin həllində və ən əsası dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi old". Bu fikirləri Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bildirdi.
N.Ağayev onu da vurğuladı ki, Dahi Lider Heydər Əliyevin Azərbaycanın problemlərini dərindən bilməsi, yüksək vətənpərvərlik və təbiətdən gələn təşkilatçılıq qabiliyyəti cəmiyyətin resurslarını problemlərin həllinə yönəltməyə imkan verdi: "Bu dövrdə Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri baş verdi. Mövcud müəssisələrin yenidən qurulması, yenilərinin açılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, infrastrukturların yenilənməsi qısa müddət ərzində böyük nailiyyətlərin əldə olunmasına yol açdı. 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkədə 250 yeni müəssisə yaradıldı. Bu isə milyonlarla yeni iş yerləri demək idi. Bir neçə ali, onlarla ixtisas məktəbləri açıldı. Həmin dövrdə Azərbaycanda mənzil fondu faktiki olaraq, 2 dəfə artdı".
Rayon təşkilat sədrinin sözlərinə görə, bu dövrdə Azərbaycan nəinki SSRİ, hətta, dünya miqyasında tanınmağa başladı: "Artıq Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri dünya səviyyəsində ölkəmizin milli dəyərlərinin təbliğatçısına çevrilirdilər. Həmçinin, Azərbaycan alimləri əldə etdikləri elmi nailiyyətlərilə həm SSRİ-nin, həm də dünyanın aparıcı elm müəssisələri tərəfindən tanınır və qəbul edilirdi. Bununla yanaşı, milli düşüncə, təfəkkür gücləndi. Artıq dövlətimizin tarixi tədqiq edilməyə və öyrənilməyə başlandı, ədəbiyyata diqqət artdı, Azərbaycan dilinin inkişafı üçün böyük işlər görüldü".
Kamil Mirzəyev: "50 il öncə başlanan yol Ulu Öndər Heydər Əliyevin xalqı, milləti ilə bütünləşməsi, bütövləşməsi yolu olub"
YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev 50 il öncə başlanan yolun Ulu Öndərimiz Heydər Əliyevin xalqı, milləti ilə bütünləşməsi, bütövləşməsi yolu olduğunu söylədi: "Bu illərin heç birində O, xalqından ayrı, kənarda olmayıb. Və ən əsası odur ki, xalq, millət bu illər ərzində heç vaxt özünü Ümummilli Liderimiz Heydər Əliyevdən, Onun böyük və müdrik rəhbər dühasından ayrı görməyib. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı bu illərdə özünü tənha, arxasız və güvənsiz hiss etməyib. 50 il öncə başlanan yol Heydər Əliyevin xalqı, milləti ilə bütünləşməsi, bütövləşməsi yolu olub".
K.Mirzəyev, həmçinin bildirib ki, xalqın ən ağır günündə rəhbər seçilən Heydər Əliyev ölkəmizdə hər şeyi yeniləşdirmək, saflaşdırmaq, dirçəltmək, inkişaf etdirmək uğrunda fəaliyyətə, mübarizəyə başladı: "Təsadüfi deyil ki, başabəla liderlərin, bivec hakimiyyətlərin "idarəçiliyinə" altı il tab gətirən Azərbaycan xalqı 1993-cü ilin yayında müstəqil dövlətçiliyimiz, milli gələcəyimiz uçurumun kənarında dayananda, Azərbaycanı vətəndaş qarşıdurması, zülmət və parçalanma gözləyəndə, yenə öz gerçək Liderinə - Heydər Əliyev müdrikliyinə üz tutdu. Bu, xalqın liderinin xalqın çağırışına səs verib, onun hüzuruna qayıdışı idi. Bu, eyni zamanda, xalqın artıq qəribsədiyi güvənli, təhlükəsiz və arxayın həyata qayıdışı, sabaha inam və etimadının bərpası idi... Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən ötən 50 ilin hər səhifəsi Azərbaycanın inkişaf, sınaq və özünütəsdiq səhifəsidir. Çünki bu səhifələri vərəqləmək Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmaq deməkdir. Həmin tarixdən 50 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür, bu məktəbin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin şəxsində Azərbaycanın firavan gələcəyinə zəmin yaradan siyasəti dəstəkləyir".
Mehdi Balabəyov: "1969-cu il 14 iyul tarixi Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafının başlanğıc nöqtəsi idi"
Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov 1969-cu il 14 iyul tarixinin Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafının başlanğıc nöqtəsi olduğunu bildirdi: "1969-cu ilədək Azərbaycan SSRİ daxilində ən geridə qalmış respublikalardan biri idi. Eyni zamanda, imperiya daxilində Azərbaycan xalqına olan münasibət də fərqli idi. Erməni daşnakları isə hücumlarına ara vermir, hətta, azərbaycanlıları öz ata-baba yurdlarından qovmağa da nail olmuşdular. Amma 1969-cu ilin 14 iyul tarixində Azərbaycana rəhbərliyə gəlmiş Ulu Öndər Heydər Əliyev bütün mənfi tendensiyaların qarşısını aldı".
M.Balabəyov onu da vurğulayıb ki, Dahi Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dönəmində sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət, incəsənət və başqa sahələrdə sıçrayışlı inkişaf yaşandı: "Bu inkişafın nəticələri isə vətəndaşların nəzərəçarpacaq dərəcədə yüksələn sosial rifahında, yaşayış səviyyəsində və maddi gəlirlərinin artımında özünü göstərdi. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü inkişaf strategiyası əsasında Azərbaycan xalqının siyasi və dövlətçilik şüuru da yüksəldi. Əlbəttə ki, XX əsrin 80-ci illərinin sonlarında baş vermiş hadisələrdə Azərbaycan xalqının milli maraqlar prizmasından çıxış etməsi, qəti mövqe ortaya qoyması və qəhrəmanlıq nümayiş etdirməsi məzh Dahi Lider Heydər Əliyevin siyasi-ideoloji istiqamətli fəaliyyətinin nəticə idi".
M.Balabəyov həmin dövrdə əldə olunmuş nailiyyətlərin Azərbaycanın müstəqillik dönəmində baza rolunu oynadığını söylədi. Həmçinin vurğuladı ki, 1970-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması, minlərlə azərbaycanlı gəncin aparıcı təhsil müəssisələrinə göndərilməsi müstəqil Azərbaycanın ordusu üçün zabit kadr heyətinin formalaşmasına təkan vermişdi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə zaman-zaman baş qaldırmış erməni millətçiliyinə də son qoyulmuşdu: "Bir sözlə, 1969-cu ilin 14 iyul günü Azərbaycan tarixində keyfiyyətcə yeni bir səhifə idi. Azərbaycan xalqı dahi oğlu Heydər Əliyevin rəhbərliyilə inkişaf etdi və dünya miqyasında tanınmağa başladı".
Seyfəddin Əliyev: "14 iyul 1969-cu il - Azərbaycanın milli dövlətçilik tarixində dönüş nöqtəsidir"
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev 1969-cu il 14 iyul tarixini müasir Azərbaycanın milli dövlətçilik tarixində yeni eranın başlanğıcı və dönüş nöqtəsi sayır: "Həmin gün böyük dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlaması kimi son dərəcə qiymətli bir hadisə ilə əbədiləşmişdir. Həmin dövrdə Azərbycanın siyasi, sosial-iqtisadi və mədəni durumu heç də ürəkaçan deyildi. O zamankı sovetlər birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Bütün sahələrdə tənəzzül baş alıb gedirdi. Belə bir vaxtda Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün, sözün əsl mənasında, dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu".
S.Əliyev vurğuladı ki, Azərbaycan 1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndə keçmiş ittifaqın ən geridə qalmış respublikası idisə, 1971-ci ildə Azərbaycan inkişafın tempinə və sürətinə görə keçmiş sovetlər birliyində ən qabaqcıl respublikaya çevrildi: "Çox qısa zamanda ölkənin mənəvi-psixoloji iqlimini, insanların ölkəyə və rəhbərliyə münasbətini dəyişmədən bu kimi yenilikləri əldə etmək mümkün olmazdı. Ulu Öndər Heydər Əliyevin 50 il bundan əvvəl Azərbaycana rəhbər seçilməsi ölkənin hərtərəfli inkişafına zəmin yaratdı. Həmişə zaman böyük tarixi şəxsiyyətlərə ehtiyac duyub. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə xalqın bu ehtiyacı özünü qabarıq şəkildə büruzə verib. Hələ Ümummilli Liderin hakimiyyətinin birinci dövründə görülən işlərin ondan sonra baş verəcək dəyişikliklər üçün nə dərəcədə zərurət olduğu aydın idi. Azərbaycan 1990-cı illərin əvvllərində fəlakət astanasında olanda, yenə də xalqın çağırışına səs verən Ulu Öndər Heydər Əliyev tarixi missiyasını yerinə yetirmiş oldu. 1969-cu ildə əsası qoyulan yol, konsepsiya, müəyyənləşdirilən siyasət Azərbaycana xidmət edir və bu siyasətin bundan sonra da davam edəcəyi şübhəsizdir".
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB