Bakı və Gəncə şəhərlərində hamilə qadınlar arasında hepatit B-ə qarşı 94.000, HİV-ə qarşı 50.000 müayinə aparılıb

Bakı və Gəncə şəhərlərində hamilə qadınlar arasında hepatit B-ə qarşı 94.000, HİV-ə qarşı 50.000 müayinə aparılıb
Səhiyyə Nazirliyi ilə Rostropoviç-Vişnevskaya Fondunun "Hamilə qadınlar arasında HepB və HİV-in diaqnostikası və yenidoğulmuş uşaqların HepB virusuna qarşı profilaktikası" proqramına dair görülən işlər davam etdirilir. Bu barədə SİA-ya Fondun Azərbaycan üzrə direktoru Soltan Məmmədov məlumat verib. O bildirib ki, proqram mart 1-dən etibarən Lənkəran rayonunda tətbiq olunmağa başlayacaq.

S.Məmmədov vurğulayıb ki, Səhiyyə Nazirliyinin 19 mart 2009-cu il tarixli əmrinə əsasən 2009-cu il aprel ayının 1-i tarixindən Rostropoviç-Vişnevskaya Fondu ilə əməkdaşlıq çərçivəsində "Hamilə qadınlar arasında HepB və HİV-in diaqnostikası və yenidoğulmuş uşaqlar arasında HepB virusuna qarşı profilaktika proqramı"nın Bakı şəhərində tətbiqinə başlanılıb. Bakı şəhərində proqramın uğurlu tətbiqinin ardınca Rostropoviç-Vişnevskaya Fondu və Heydər Əliyev Fondunun dəstəyi ilə proqramın Gəncə şəhərinə genişləndirilməsinin tətbiqi davam etdirilib. Onun sözlərinə görə, proqram çərçivəsində fondun dəstəyi ilə Səhiyyə Nazirliyi tərəfindən hamilə qadınların qeydiyyatı aparılan tibb müəssisələri, doğum evlərinin tibb personalı üçün təlim məşğələləri keçirilib, əhalinin maarifləndirilməsi üçün plakat və lifletlər tibb müəssisələrinə paylanıb.

"Bu proqram zamanı bütün hamilə qadınlar nazirlik tərəfindən təsdiq olunan "Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol"a uyğun olaraq hepatit B və HİV-ə müayinə olunurlar. Hepatit B daşıyıcısı təsdiq olunan hamilə qadınların yenidoğulmuş uşaqları arasında hepatit B-nin profilaktikası məqsədilə hepatit B peyvəndi və hepatit B immunoqlobulinin vurulması həyata keçirilir. Proqramın tətbiqi müddətində Bakı və Gəncə şəhərlərində hamilə qadınlar arasında hepatit B-ə qarşı 94.000 müayinə, HİV-ə qarşı 50.000 müayinə aparılıb", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə