Həqiqətin keşiyində dayanan insan MƏQALƏ

Həqiqətin keşiyində dayanan insan MƏQALƏ

"Müqəddəs dinimiz olan islamın gözəl ənənələrinin ölkəmizdə, eləcə də bütün Qafqaz bölgəsində qorunub saxlanılması və möhkəmləndirilməsində Şeyxülislam Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır. Onun Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etdiyi illər ərzində bu dini qurum islam dəyərlərinin geniş təbliğ olunması, müsəlmanların dini-mənəvi birliyinin möhkəmləndirilməsi, onların cəmiyyətin həyatında fəallığının artırılması işində böyük rol oynayan mühüm mərkəzlərdən birinə çevrilmişdir. Paşazadənin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində tutduğu əsl vətəndaş mövqeyi onun ölkədə cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri obyektiv qiymətləndirmək, yaranmış problemlərin həllində dini amilin gücündən düzgün istifadə etmək bacarığını nümayış etdirdi”. Ulu öndər Heydər Əliyevin vaxtilə Şeyxülislam Allahşükür Paşazadə haqqında söylədiyi bu dəyərli fikirlər Qafqaz müsəlmanları İdarəsinə 40 ilə yaxındır ki, rəhbərlik edən Şeyxülislamın müasir Azərbaycan tarixində, milli şüurun inkişafı və Azərbaycan dövlətçiliyinin qorunması yolundakı xidmətlərini ortaya qoyur.

Ümumiyyətlə Qafqazda şeyxülislamlıq təsisatı 1823-cü ildən yaranıb və həmin dövrdən başlayaraq Qafqazın bütün şeyxülislamları Azərbaycandan seçilib. Sözügedən tarixdən bu günə qədər Qafqazda 12 şeyxülislam olub. 1980-ci ildən Qafqazın Şeyxülislamı Hacı Allahşükür Paşazadədir. Hacı Allahşükür Paşazadə bu vəzifəyə Qafqaz müsəlmanlarının qurultayında seçilib və indiyədək dini rəhbər kimi fəaliyyət göstərir.

Elmə və dinə bağlı ömür

1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cil kəndində dünyaya gələn Şeyxülislam A.Paşazadə mükəmməl dini və dünyəvi təhsil alıb. 1968-1970-ci illərdə Buxara şəhərinin “Mir-Ərəb” mədrəsəsində, 1971-1975-ci illərdə İmam əl-Buxari adına Daşkənd İslam Universitetinin ilahiyyat fakültəsində ali ruhani təhsil alıb. 1986-cı ildə İordaniya İslam Fikri Akademiyasına müxbir üzv, 2001-ci ildə isə həqiqi üzv seçilib. İlk ali dünyəvi təhsilini Özbəkistan Universitetinin tarix fakültəsində alıb, 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsinə yiyələnib. O, Bakı Dövlət Universitetinin professorudur. Onun ilahiyyat və tarixə aid “Qafqazda İslam”, “İslamda ümmət və şüubilik”, “Quranın təfsiri və tərcümə tarixi” monoqrafiyaları, “Qurani-Kərimin ilahi hökmləri və öyrənilməsi”, “Milli münasibətlər və din”, “İslamda şəhidlik”, “Qurani-Kərimin ecazkarlığı”, “Qurani-Kərimdə insan təbiəti” mövzularında elmi əsərləri və məqalələri elmi ictimaiyyətin istifadəsindədir.

Elmə və dinə bağlılığının nəticəsidir ki, uzun müddət gərgin əmək sərf etdikdən sonra 1991-ci ildə Bakı İslam İnstitutunun açılmasına nail olmuşdur. Elm və din fədaisi olan Şeyxülislam 1998-ci ildə QMİ nəzdində Elmi-Dini Şura yaradıb və ölkənin görkəmli elm və din xadimlərini bu ali qurumun işinə cəlb edib. Onun elm və din sahəsindəki əzmkarlığı və təşəbbüskarlığı nəzərdən qaçmamış, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Ekspertlər Şurasına üzv seçilib.

“Şeyx həzrətlərinin Azərbaycanda dini tolerantlığın inkişafında çox böyük əməyi, çox böyük xidmətləri var”

Azərbaycan Prezidenti İlham Əliyev Şeyxülislam A.Paşazadənin çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib: "Şeyx həzrətlərinin Azərbaycanda dini tolerantlığın inkişafında çox böyük əməyi, çox böyük xidmətləri var. Bunu biz bilirik, başqa dinlərin başçıları və nümayəndələri də bilir. Bütün dünyada şeyx həzrətlərinə çox böyük hörmət, çox böyük inam var. Başqa dinlərin başçılarının, Qafqaz xalqlarının dini nümayəndələrinin Azərbaycana səfərləri zamanı və beynəlxalq tədbirlərdə mən şəxsən bunun şahidi olmuşam. Əlbəttə ki, bu, bütövlükdə Azərbaycana olan hörmətin böyük nümunəsidir”.

Prezident İlham Əliyevin bu il Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi barədə Sərəncam imzalaması A.Paşazadənin bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyəti, ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sahəsində səmərəli xidmətlərinə verilən yüksək dəyərin göstəricisidir.

“Hacı Allahşükür Paşazadənin İslamla bağlı apardığı işlər tarixin yaddaşına həkk olunub”

Hacı Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadənin sözlərinə görə, Azərbaycanda şeyxülislamlıq institutu tarixin sınağından çıxıb, öz aktiv fəaliyyətinə isə müstəqillik dövründə başlayıb: “Hələ o dövrdə şeyx həzrətlərinin İslamla bağlı apardığı işlər tarixin yaddaşına həkk olunub. Müasir dövrümüzdən o illərə ekskursiya etdikdə həmin zaman kəsiyinin necə çətin və keşməkeşli olduğunu görmək mümkündür. Allahşükür Paşazadənin Şeyxülislamlıq fəaliyyətinin 40 illik dönəmi Azərbaycan tarixi üçün önəm kəsb edən hadisələrə təsadüf edir. 20 yanvar hadisələrini bu gün də hər birimiz yaxşı xatırlayırıq. Azğınlaşmış sovet ordusu silahsız xalqımıza divan tutanda bu qanlı faciə ilə əlaqədar ilk etiraz səsini qaldıranlardan biri məhz şeyx həzrətləri oldu. Hacı Allahşükür Paşazadənin əli xalqımızın günahsız qanına batmış Qorbaçova göndərdiyi məşhur müraciəti o zaman bir bomba kimi partlayıb bütün dünyada əks-səda verdi. Şeyx tərəfindən BMT-nin Baş katibi Peres de Kuelyara, bütün dövlətlərin və dinlərin başçılarına göndərilən müraciətlər Azərbaycanın müstəqillik tarixində imperiya siyasətini lənətləyən ilk manifest sayılmalıdır. Faktiki olaraq, Moskvadan Bakıda törədilən dövlət cinayətinə öz hiddət və etirazını bildirən, dünya ictimaiyyəti qarşısında SSRİ rəhbərliyini ifşa edən ümummilli lider Heydər Əliyev, Azərbaycandan isə M.Qorbaçova - azərbaycanlıların qatilinə nifrət və qəzəblə dolu açıq müraciət ünvanlayan Şeyxülislam Hacı Allahşükür Paşazadə oldu”.

“Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin qurulmasında Şeyxülislamın xidmətləri danılmazdır”

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı söyləyib ki, Şeyxülislam A.Paşazadə istər Azərbaycanda, istərsə də regionda baş verən mühüm hadisələr zamanı sülhməramlı missiya daşıyıb, xalqın həyatında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əhəmiyyətli rol oynayıb: “Ötən əsrin 80-90-cı illərində xalqımızın öz soykökünə, mənəviyyatına, dilinə, dininə qayıdışında Şeyxülislamın şəxsi rolunu, onun rəhbərlik etdiyi dini idarənin əməli fəaliyyətini görməmək mümkün deyil. O, Azərbaycanda baş verən daxili çəkişmələrə, müstəqilliyimizə kölgə salanlara qarşı din xadimi kimi, vətəndaş kimi öz qəti mövqeyini nümayiş etdirib”.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin qurulmasında da Şeyxülislamın xidmətləri danılmazdır: “Allahşükür Paşazadə müstəqilliyimizin ilk illərində, çox mürəkkəb bir şəraitdə ümummilli lider Heydər Əliyevin dinə, milli-mənəvi dəyərlərə münasibətdə yürütdüyü müdrik siyasətin həyata keçirilməsində yaxından iştirak edib.

“Şeyx həzrətlərinin fəaliyyətində din başda olmaqla milli dəyərlərimiz, dövlətçiliyimiz üçün atdığı hər bir addım və fəaliyyət nümunədir”

Uzun illər A.Paşazadə ilə birgə çalışan Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev şeyx haqqında belə söyləyib: “Uca Allah Şeyxülislam Allahşükür Paşazadə cənablarına şərəfli, dəyərli və məhsuldar bir ömür verib. İndiyədək şeyx həzrətləri ilə bağlı bir çox kitablar yazılıb. Hətta onun adı və ictimai fəaliyyəti ilə bağlı elmi mövzu götürülərək müdafiə olunub. Yəni fəlsəfə doktorluğu da müdafiə olunub. Təbii ki, şeyx həzrətlərinin dini fəaliyyəti hər gün var. Amma, onun elmi, ictimai fəaliyyəti müəyyən zamanlarda bu 40 illik şeyxülislamlıq fəaliyyətində silsilə olaraq olub və bu günə kimi də davam edir.

Şeyx həzrətləri Sovet hökuməti illərində, yəni ötən əsrin 80-ci illərindən şeyxülislamlıq fəaliyyətinə başlayıb və hazırkı dövrə kimi bu fəaliyyəti davam etdirir. Şeyx həzrətlərinin təkcə Azərbaycanda yox, dünyada, xüsusilə yaxın respublikalarda böyük bir ağsaqqal, din rəhbəri kimi tanınır. Şeyx həzrətlərinin fəaliyyətində din başda olmaqla milli dəyərlərimiz, dövlətçiliyimiz üçün atdığı hər bir addım və fəaliyyət nümunədir. Şeyx həzrətləri bu günə kimi Azərbaycan, eyni zamanda ölkəmizdən kənar müsəlman xalqlarının birliyi, vəhdəti üçün əlindən gələni əsirgəməyib”.

Xidmətə verilən dəyərlər - yüksək orden və medallar

Hacı Allahşükür Paşazadə həm sovet dövrünün, həm də müstəqillik tarixinin şeyxülislamıdır. Şeyxülislam A.Paşazadə 1989-cu ildə SSRİ Ali Sovetinə xalq deputatı seçilən ilk müsəlman din xadimi olub. Həmçinin 1990-1995-ci illərdə Azərbaycan parlamentinə Naxçıvan seçki dairəsindən millət vəkili seçilib. Onun həm sovet, həm də müstəqillik dönəmində ali qanunverici orqanlarda millət vəkili kimi təmsil olunması xalqın öz din rəhbərinə olan yüksək etimadının bir göstəricisidir.

1991-ci ilin dekabrında Şeyxülislam Allahşükür Paşazadənin bilavasitə təşəbbüsü və təkidi sayəsində Azərbaycan SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq İKT - İslam Konfransı Təşkilatının (indiki adı ilə İƏT - İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul edilib.

Vaxtilə müsəlman din xadimləri içərisində ilk dəfə Şeyxülislam Allahşükür Paşazadə Roma papası II İohan Pavel tərəfindən Vatikana dəvət edilib və "Müqəddəs Qreqori” ordeni kimi yüksək mükafata layiq görülüb.

SSRİ-nin "Xalqlar dostluğu”, Azərbaycanın "Şöhrət”, "İstiqlal” və "Şərəf”, Rus Pravoslav Kilsəsinin I dərəcəli "Müqəddəs Vladimir” və I dərəcəli "Sergi Radonejski”, İordaniya Krallığının I dərəcəli "Kral Hüseyn”, Çeçenistan Respublikasının "Millət qəhrəmanı” və "Çeçen qəhrəmanı” və sair orden və medalları ilə təltif olunub.

QMİ-nin dinlərarası sülhün və həmrəyliyin möhkəmlənməsinə sanballı töhfə verdiyinə görə Rus Pravoslav kilsəsinin I dərəcəli "Şöhrət” və "Şərəf” ordeni, "Müqəddəs Apostol Varfolomey” qızıl medalı ilə təltif edilməsi ölkəmizdə sağlam dini dəyərlərin mövcudluğunu göstərir.

Şeyxülislam A.Paşazadənin ömrünün 70 ilində əldə etdiyi nailiyyətləri kiçik bir məqaləyə sığdırmaq mümkün deyil. İnanırıq ki, şeyxülislam A.Paşazadə hələ bundan sonra da Azərbaycan üçün çalışacaq, yenə də böyük işlər görəcək. Onun haqqında yeni məqalələr, kitablar yazılacaq. Böyük yaradandan şeyx həzrətlərinə sağlıqlı və uzun ömür, fəaliyyətində isə yeni uğurlar arzulayırıq. 70 ilin mübarək həqiqətin keşiyində dayanan insan.

Ceyhun Rasimoğlu

Yazı “Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusundakı müsabiqəyə təqdim olunmaq üçündür

Bütün xəbərlər Facebook səhifəmizdə