Şərurda infrastrukturların yenilənməsi işləri uğurla davam etdirilir
Naxçıvan Muxtar Respublikasının ən böyük bölgəsi olan Şərur rayonunda yeni istehsal və emal müəssisələrinin işə salınması, təhsil, səhiyyə və digər qurumlar üçün inzibati binaların tikintisi, yolların və digər infrastrukturların yenilənməsi işləri uğurla davam etdirilir. SİA xəbər verir ki, görülən işlərin davamı olaraq rayonda “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti Şərur rayon filialı üçün inzibati bina, Məmmədsabir, Qışlaqabbas və Alışar kəndlərində kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, Maxta kəndində Çernobıl əlili üçün yaşayış binası inşa olunur, Muğanlı, Muğancıq-Mehrab, Xələc, Yeni Havuş və Xətai kəndlərində kompleks quruculuq işləri aparılır.
Şərur şəhərinin və ətraf kəndlərin içməli su və kanalizasiya xətlərinin yenilənməsi çərçivəsində Dizə kəndində gücü saniyədə 271 litr olan sutəmizləyici qurğu və 27 min kubmetr həcmində 3 su anbarı tikilir, Zeyvə və Düdəngə kəndlərinə isə içməli su xəttinin çəkilişi davam edir.
Həmçinin Şərur şəhəri ilə Məmmədsabir, Muğancıq-Mehrab və Qarxun kəndlərini birləşdirən avtomobil yolu yenidən qurulur, Muğanlı-Qorçulu avtomobil yolunda əsaslı təmir işləri görülür. Şərur şəhərində Mədəniyyət Sarayının, mərasim evinin tikintisi, təqaüdçülər klubunun, mərkəzi univermağın əsaslı təmiri və yenidən qurulması davam etdirilir. Rayon mərkəzində hər biri 40 mənzilli üç altımərtəbəli yaşayış binasının tikintisinə başlanılıb.
Naxçıvan-Sədərək avtomagistralından Şərur şəhərinə qədər olan, eləcə də şəhərdəki Heydər Əliyev prospektini və 6 küçəni əhatə edən 11 kilometrlik avtomobil yolu da yenidən qurulur. Yolun yatağı genişləndirilərək bərkidilib və hazırda asfalt örtük salınır.
Qeyd edək ki, bu ilin əvvəllərində Şərur şəhərində uşaq xəstəxanası, Kərimbəyli kəndində 270 şagird yerlik tam ota məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası istifadəyə verilib, avtomobil yolu yenidən qurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB