Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir MƏQALƏ
Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra digər sahələr kimi də hüquq elmi də yeni yanaşma tələb etməyə başladı. Sovet ideologiyasının kölgəsində itib batmış hüquq elmi daha çox formal xarakter daşıyırdı. Sözdə hüququn aliliyi dildən düşməsə də, reallıq başqa mənzərəni çılpaq formada insanların gözü qarşısında təzahür etdirirdi. Bir sözlə, insanlar hüquq sözünün həqiqi üzünü müstəqillik dönəmindən sonra gördülər. İnsanlar daha yaxşı başa düşdü ki, hüquq elmi daha çox vətəndaşa xidmət edirmiş. Ölkəmizdə sözün əsl mənasında demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması insanların hüquq və azadlıqlarını müdafiə etməyə, azad, müstəqil ədalət mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə - hüquq islahatlarının həyata keçirilməsini zəruri etmişdir. Ənənəvi və modern sivilizasyaların qovşağında yerləşən respublikamız müstəqillik əldə etdikdən sonra demokratik dəyərlər vasitəsi ilə qlobal dünyaya inteqrasiya və milli –mədəni özünəmxsusluq yolunu seçdi. Bu gün Azərbaycan çevik və müstəqil siyasət yeridərək yeni dünya nizamının formalaşması prosesinə öz töhfəsini verir və qloballaşsan dünyanın tərkib hissəsinə çevrilir.
Respublikamızın demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı nailiyyətlər, məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdıran möhkəm təmələ əsaslanır. Ulu öndər deyirdi ki, respublikamızda hüquqi dövlətin qurulması, demokratik, sivilizasiyalı cəmiyyətin yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması, bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir.
Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda ulu öndər Heydər Əliyevin atdığı möhtəşəm addımlar
“Azərbaycan Konstitusiyası dövlətin əsas qanunu olmaqla özündə ali dəyərləri ehtiva edir”. Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Millət vəkili bildirib ki, Konstitusiyanın böyük hissəsi insan hüquqlarının təminatına həsr olunub: “Onun sözlərinə görə, Azərbaycanda demokratiyanın və insan hüquqlarının ən yüksək səviyyədə qorunması sahəsində mühüm addımlar atılıb. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul edilib. Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Bu sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir.”
Millət vəkili qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları öz əksini tapmışdır: “Bildiyiniz kimi, ölkəmizdə Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşmış, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir. Ölkəmizdə müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Ümummilli liderimiz vicdan azadlığının təmin edilməsini, tolerantlıq mühitinin formalaşmasını əsl vətəndaş cəmiyyətinin formalaşdırılması üçün mühüm amil sayırdı və respublikaya rəhbərliyi dövründə bu amilləri dövlət həyatının ayrılmaz hissəsinə çevirmişdi. Əminliklə demək olar ki, bu gün ölkəmizin məhkəmə-hüquq sistemi beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulmuşdur. Bu sahədə aparılan islahatlar hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsi, ölkəmizdə insan hüquqlarının təmin edilməsi və qorunması üçün böyük əhəmiyyət kəsb etmişdir.”
Hüquqi dövlət olan Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması səviyyəsi necə qiymətləndirilir?
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir: “Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Öz növbəsində, ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, hər bir fərdə sosial münasibətlər sistemində iştirak etmək üçün əlverişli şəraitin yaradılması dövlət quruculuğu prosesinin humanist səciyyəli prioritet istiqamətlərindən birini təşkil edir. Bu isə, nəticə etibarilə, çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir.”
Xanım millət vəkili bir məqamı da xüsusi vurğulayıb ki: “Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş çoxşaxəli humanizm siyasəti Prezident İlham Əliyevin timsalında müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. Sərəncamda Ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi xatırladılır və bildirilir ki, Ümummilli lider Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Məhz bunun əsasında 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü elan olunub, hər il iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd edilir. Azərbaycan hüquqi-demokratik dövlət olmaqla, hər zaman humanizm dəyərlərinə sadiqdir.”
QHT-lər verilən dəstək müqabilində vətəndaşların sosial, siyasi və mədəni hüquqlarının həyata keçirilməsində yardımçı ola bilirlər?
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, vətəndaş cəmiyyətinin inkişafı və güclənməsi bir prosesdir. Yəni, bu, birdəfəlik məsələ deyil, uzun müddət tələb edən, eyni zamanda ciddi yanaşma tələb edən prosesdir. O baxımdan da biz düşünürük ki, bu gün dövlətimizin QHT sektoruna qoyduğu ictimai və maddi sərmayə özünü doğrultmaqdadır. 7-8 il əvvəli müqayisə etsək, görə bilərik ki, QHT sektorunda çox böyük dəyişikliklər baş verib. Təkcə xarici donorlardan asılı olan təşkilatlar deyil, bütövlükdə ən müxtəlif istiqamətdə fəaliyyət göstərən QHT-lər də dövlətin imkanlarından yararlanırlar. Bunun nəticəsində nəyə nail olmuşuq? İlk növbədə, QHT-lərin xarici donorlardan asılılıq səviyyəsi xeyli aşağı düşüb. İkincisi, xarici donorların diqqət yetirmədiyi sahələr, xüsusilə ölkəmizin ərazi bütövüyü, vətənpərvərlik, Qarabağla bağlı təşkilatlara qrantlar verilmirdi. Dövlətin dəstəyi sayəsində isə həmin təşkilatlar ayaq üstə dayanmağı bacardılar. Bu gün QHT-lər dövlətin dəstəyi ilə milli maraqların qorunması istiqamətində xaricdə çox önəmli layihələr həyata keçirirlər. Dövlətin dəstəyi hesabına hökumətlə QHT-lər arasında olan inam və etimad mühiti xeyli güclənib. Əvvəllər bir çox QHT-lər hökumətlə əməkdaşlıq etməkdən yayınırdılar, eyni zamanda hökumət də bəzi təşkiatlarla müəyyən məsafə saxlayırdı. Hazırda belə hallar aradan qalxıb. Hesab edirəm ki, bu prosesdə son illər qəbul edilən qərarlar əhəmiyyətli təsiri olub. Bu baxımdan, QHT-lərin fəaliyyətində və mövqeyində dəyişikliklər mütləq şəkildə var. Amma onu da demək istəyirəm ki, verilən dəstək müqabilində QHT-lərin işi bizi tam qane etmir. Hələ də görəcəyimiz çoxlu işlər var. QHT-lər öz daxilində islahatlar aparmalıdırlar, şəffaflıq amilinə, demokratik prinsiplərə riayət etməlidirlər, vaxtlı-vaxtında hesabatlarını verməlidirlər. QHT-lər öz üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Biz də çalışırıq ki, onlar problemlərinin həllinə vaxtında nail olsunlar.
Hüquqi dövlət quruculuğu prosesində vətəndaş cəmiyyəti önəmli rola malikdir
Vətəndaş cəmiyyəti və dövlət bir-birini tamamlayır və biri-birindən asılı olur. Yetkin vətəndaş cəmiyyəti olmadan, hüquqi, demokratik dövlət qurmaq mümkün deyil, çünki məhz azad vətəndaşlar şüurlu insan birgəyaşayışının ən səmərəli formasını yarada bilər. İnkişaf etmiş Qərb ölkələrində vətəndaş cəmiyyətinin və hüquqi dövlətin qarşılıqlı fəaliyyətinin müəyyən mexanizmi mövcuddur. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olması müstəqil Azərbaycanın həyata keçirdiyi başlıca prinsiplərdir. Ulu öndər Heydər Əliyev bu barədə deyirdi ki, respublikamızda hüquqi dövlətin qurulması, demokratik, sivilizasiyalı cəmiyyətin yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması, bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir.
Vətəndaş cəmiyyəti hüquqi baxımdan birbaşa dövlət müdaxiləsi olmayan, ancaq vətəndaşların hüquqlarını müdafiə edən liberal qanunlar vasitəsilə tənzimlənən azad fərdlər birliyinə əsaslanır. Buna görə də vətəndaş cəmiyyəti insan azadlığı və hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən, məqsədlərinə çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan yarana bilməz. Əgər bir vətəndaş öz hüquq və azadlıqlarını bilmirsə, sosial məsuliyyətini dərk etmirsə, hüquqlarını tələb etməkdən vaz keçirsə, onda nə demokratiya, nə də vətəndaş cəmiyyətindən danışmağa dəyər.
Vətəndaş cəmiyyətinin və hüquqi dövlət quruculuğunun inkişafında gənclərin rolu
Cəmiyyətin əsas hərəkətverici qüvvəsi kimi tanınan gənclər ictimaiyyətin dinamik təbəqəsini təşkil edir. Ölkəmizdə yenilik edən gənclik cəmiyyətdə böyük təsir gücünə malik qüvvədir. Vətəndaş cəmiyyətinin Azərbaycanda yeni qurulmasını və yeni düşüncə olmasını nəzərə alsaq, gənclik sözün həqiqi mənasında ölkəmizin demokratikləşməsi üçün böyük rol oynayır. Amma eyni zamanda gənclik vətəndaş cəmiyyətinin qurulmasında müxtəlif cür düşüncənin daşıyıcısı olduqlarını da vurğulamaq lazımdır. Bu da onların yaşları ilə bağlıdır. Buna təbii yanaşılmalıdır.
Çox savadlı və fəal gənclərimizin sayı kifayət qədər çoxdur. Ümumi bir dəyərləndirmə aparsaq, gəncliyimiz haqqında nikbin rəy söyləmək olar, heç də passiv deyillər. Ümid edək ki, zamanla problemlər öz həllini tapacaq və ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı özünün kulminasiya nöqtəsinə çatacaqdır.
Mamed Bağırov
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB