Şinzo Abe ABŞ və Şimali Koreya liderlərinin növbəti görüşünü alqışlayıb

Şinzo Abe ABŞ və Şimali Koreya liderlərinin növbəti görüşünü alqışlayıb

Yaponiyanın Baş naziri Şinzo Abe ABŞ Prezidenti Donald Trampın Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ilə növbəti görüşünü alqışladığını bildirib. SİA Kyodo agentliyinə istinadla xəbər verir ki, Şinzo Abe tərəflər arasında danışıqların davam edəcəyinə ümidvar olduğunu da deyib.

Baş nazirin sözlərini sitat gətirən agentlik yazır: “Yaponiya ABŞ ilə Şimali Koreya arasında davam edən prosesi alqışlayır. Ümid edirəm ki, hazırkı yüksəksəviyyəli danışıqlar davam edəcək”.

Xatırladaq ki, iyunun 30-da ABŞ Prezidenti Donald Tramp gözlənilmədən KXDR lideri Kim Çen In ilə görüşüb. Görüş ilk dəfə olaraq Koreya Respublikası ilə KXDR arasındakı hərbi-demarkasiya xəttində, Pxanmuncon məntəqəsində baş tutub. Buna qədər liderlər Vyetnamda və Sinqapurda bir araya gəliblər.

Yaponiyanın Osaka şəhərində G20 liderlərinin sammitindən sonra Koreya Respublikasına səfər edən ABŞ Prezidenti özünün “Twitter” səhifəsində Kim Çen Ina qısa görüş keçirməyi təklif edib.

Bu görüşdən dərhal sonra Şinzo Abe keçmişdə oğurlanmış yapon vətəndaşları ilə əlaqədar problemi həll etmək üçün Kim Çen In ilə görüşmək istədiyini bir daha təsdiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə